“Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun təşəbbüsünü yüksək qiymətləndirirəm. Lakin təəssüf edirəm ki, hələlik prosesdə xeyli çatışmazlıq var”.
Bunu “Azadinform”a açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev sözügedən qanun layihəsini şərh edərkən deyib. Xatırladaq ki, aprelin 15-də Milli Məclisdə “Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və təşkilinin, kənd təsərrüfatı koorperativlərinin və onların ittifaqlarının yaradılmasının və fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edən qanun layihəsi birinci oxunuşda qəbul edilib.
R.Ağayevin fikrincə, əslində, aqrar sahə ilə bağlı qanunvericilik paketi müzakirəyə çıxarılmalı idi: “Bir sıra ölkələrdə kənd təsərrüfatının dövlət tərəfindən tənzimlənməsi haqqında ayrıca qanun olur. Tənzimləmə vasitələri, mühit olmasa, kooperasiya mexanizminin işləməsi çətin olacaq. Məsələn, qanun layihəsində istehlak kooperativlərinin yaradılması nəzərdə tutulur. Bunun üçün resurslar lazımdır. Burada söhbət tədarük infrastrukturunun, satış mərkəzlərinin, texniki xidmətlə bağlı istehlak kooperativlərinin yaradılmasından gedir. Bunlar hamısı fermerin rahat çıxa biləcəyi böyük resurslar tələb edir. Bugünkü Azərbaycan reallığında fermerin üz tuta biləcəyi resurslar demək olar ki, yox səviyyəsindədir. Sahibkar yalnız Sahibkarlığa Kömək Milli Fonduna üz tuta bilir ki, orda da yüksək səviyyədə əlçatanlıq mövcud deyil. Təsəvvür edin ki, kənd təsərrüfatı kreditləri üçün kəndlidən girov olaraq Bakıda ev tələb edirlər. Üstəlik, prosedurlar da ağırdır. Demək istəyirəm ki, resurs təminatı olmasa, kooperasiyalaşma ciddi uğur qazana bilməyəcək”.
Ekspert qeyd etdi ki, maarifləndirmə də zəifdir. R.Ağayevin sözlərinə görə, müvafiq qanun layihəsinin parlamentdə 1-ci oxunuşdan keçməsinə baxmayaraq, kəndlərdə hələ də elə bilirlər ki, kolxoz quruluşu bərpa olunur: “Qanun qəbul olunana qədər mexanizm haqqında çox ciddi maarifləndirmə aparılmalı, qruplar şəklində rayonlarda fermerlərlə müzakirələr təşkil olunmalı idi. Ən optimal variantlardan biri bu işin vətəndaş cəmiyyətlərinə həvalə edilməsi idi. Mexanizmi dəstəkləyirik, əla mexanizmdir. Avropanın əksər ölkələrində istehsal olunan məhsulların 60-90 faizi kooperativlərdə istehsal olunur. Gözəl ideyadır, amma işləməsi üçün mühit yaradılmalıdır. Mühit və mexanizm olacağı təqdirdə kooperasiya mexanizmi işləyəcək, əks halda bu gözəl ideya Azərbaycanda it-bata düşə bilər”.
Həbibə Abdulla
|