Rövşən Ağayev: “Bir neçə qurum ixtisar olunmalı, Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətləri genişləndirilməlidir”
“Aqrar idarəçilikdə bir pərakəndəlik var. Hazırda Kənd Təsərrüfatı Nazirliyi ilə eyni anda bir neçə qurum aqrar sahədə fəaliyyət göstərir. Məsələn, Meliorasiya və Su Təsərrüfatı ASC, Torpaq və Xəritəçəkmə Komitəsi, Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi kənd təsərrüfatına birbaşa və dolayısı ilə bağlı olan qurumlardır”. Bunu “Azadinform”a açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev deyib.
Qeyd edək ki, prezident İlham Əliyev aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmlərdə islahatların yeni mərhələsinin həyata keçirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün xüsusi komissiya yaradıb. Artur Rasizadənin sədrliyi, bir neçə nazirin və komitə sədrinin, habelə aidiyyəti dövlət qurumları təmsilçilərinin iştirakçılığı ilə yaradılan komissiya aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.
Aqrar sahədə dəyişikliklərlə bağlı təkliflərini diqqətə çatdırarkən R.Ağayev bildirib ki, yuxarıda qeyd edilən dövlət qurumları ixtisar edilməlidir: “Məsələn, Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinin bir hissəsi Kənd Təsərrüfatı Nazirliyinə, bir hissəsi isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilə bilər. Meliorasiya və Təsərrüfatı ASC əvvəlki kimi bütövlükdə nazirliyə verilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də bir sıra fəaliyyətləri, məsələn, torpaqların keyfiyyətinin monitorinq xidməti, meşə təsərrüfatı və s, KTN-ə verilə bilər. Yaxud da bu qurumlar arasında ciddi əlaqələndirməyə ehtiyac var. Ümumiyyətlə, KTN-in bugünkü statusu xeyli dəyişməlidir. İnkişaf etmiş ölkələrdə bu qurum Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi adlanır. Azərbaycanda səhv yanaşmalardan biri kənd təsərrüfatı ilə kənd inkişafının bir-birindən ayrı götürülməsidir. Dövlət proqramlarına fikir versəniz, görərsiniz ki, kənd təsərrüfatına və kənd inkişafına vahid yanaşma yoxdur. Halbuki ekspertlərin, mütəxəssislərin yanaşması odur ki, kənd inkişafından kənarda kənd təsərrüfatı ola bilməz. Düzdür, son zamanlar bu sahədə müəyyən meyillər hiss olunur, amma bunun üçün idarəetmədə bir çox məqam əksini tapmalıdır. KTN-ə müraciət edib kəndin inkişafı ilə bağlı statistik məlumatlar istəsəniz, deyəcəklər yoxdur. Halbuki kəndin inkişafı bilavasitə kənd təsərrüfatının inkişafını təmin edən faktordur. Odur ki, KTN yenidən qurulmalı və bu zaman “kəndin inkişafı” adı artırılmalı, yeni qurumun kəndin inkişafı ilə bağlı funksiyaları müəyyənləşməlidir”.
Ekspertin sözlərinə görə, hazırda KTN-in yerli strukturu regional qurulub, lakin bunun hər rayon üzrə olması daha məqsədəuyğundur: “Nazirliyin 8-9 regional strukturu var. Təsəvvür edin ki, bir neçə rayona xidmət göstərməli olan idarə bir rayonda yerləşir. O baxımdan, düşünürəm ki, bütün rayonlar üzrə KTN-in strukturu yaradılmalı, həmçinin genişləndirilməlidir. Bu gün nazirliyin tərkibində olsa da, toxumçuluq müfəttişlikləri var ki, muxtar qurum kimi fəaliyyət göstərirlər. Regional kənd təsərrüfatı idarələri ilə onlar arasında əlaqə çox zəifdir. Bizim apardığımız tədqiqatlar göstərir ki, ciddi problemlərdən biri yerlərdə toxum işinin təşkilinə nəzarətin çox zəif olmasıdır, faktiki olaraq yerli kənd təsərrüfatı idarələri bu işi görə bilmirlər. Ümumiyyətlə, yerli səviyyədə kənd təsərrüfatı idarəçiliyində ciddi problemlər var. Tutaq ki, toxumçuluq müfəttişliyi muxtar qurum kimi öz işi ilə məşğuldur, fitosanitar qurumları özbaşına fəaliyyət göstərirlər. Mən düşünürəm ki, yerli səviyyədə qurumlar arasında koordinasiya olmalıdır, yerli kənd təsərrüfatı idarələri bu koordinasiyanı həyata keçirməlidir”.
R.Ağayev qeyd edir ki, bu gün aqrar elm praktikadan uzaq düşüb: “İstər heyvandarlıq, istər bitkiçilik və digər məhsulların istehsalına görə bu gün Azərbaycanda 3-cü dünya ölkələri ilə bir sıradadır. Məsələn, tutaq ki, Avropada taxılın orta məhsuldarlığı 60-70, hətta Niderlandda 80 sentnerdir, Azərbaycanda 20-25 sentner civarında dəyişir. Meyvənin məhsuldarlığı orta Avropa göstəricisindən 2-2,5 dəfə geri qalır, süd məhsuldarlığında 5-6 dəfə geridəyik. Bunun hamısının səbəbi odur ki, ölkədə aqrar elm ciddi şəkildə inkişaf etməyib. Bu gün ən ciddi vəzifə Azərbaycanda intensiv aqrar istehsalın yaradılmasıdır. Bunu isə ancaq aqrar elmin gücü ilə həyata keçirmək mümkündür”.
Ekspertin sözlərinə görə, aqrar idarəçiliyi təkmilləşdirmək üçün iki vacib addımın atılmasına ehtiyac var. Əvvəla, Azərbaycanda kənd təsərrüfatının dövlət tənzimləməsi haqqında qanunun qəbuluna ehtiyac var. İkincisi isə ölkədə kənd təsərrüfatı ixracı üzrə xüsusi bir dövlət agentliyi yaradılmalıdır: “Nəhayət, Azərbaycanda aqrar idarəçiliyin təkmilləşdirilməsi ilə yanaşı, fermer birliklərinin, assosiasiyalarının yaradılması stimullaşdırılmalıdır. Əgər bu qurumlar yaranmayacaqsa, ideal bir nazirlik formalaşdırılsa belə, idarəçiliyin təkmilləşdirilməsi ciddi nəticələr verməyəcək”.
Həbibə Abdulla/AZADİNFORM.
|