Milli Məclisə Əmək Məcəlləsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsi təqdim olunub. Prezident İlham Əliyevin imzası ilə göndərilən layihədə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddinin 65 olması nəzərdə tutulur. Müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddətini müvafiq icra hakimiyyəti orqanının rəhbəri hər dəfə bir ildən çox olmayaraq uzada bilər. Lakin bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir. Başqa sözlə, dövlət idarələrində çalışanların yuxarı yaş həddi 70-dən çox ola bilməz.
“Media forum” saytı layihəyə hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzovun, müxalif Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin və İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayevin münasibətini öyrənib.
Siyavuş Novruzov deyib ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddinin 65 olmasını nəzərdə tutan layihəni müsbət qiymətləndirir və dəstəkləyir. Layihədə müəyyən istisnaların da olduğunu bildirən Siyavuş Novruzov vurğulayıb ki, prezidentin tabeliyində olan dövlət qulluqçularının vəzifədə qalma müddəti istənilən vaxt dövlət başçısı tərəfindən artırıla bilər, digər idarə-müəssisə rəhbərləri də hər dəfə bir il olmaqla beş il işçisinin işdə qalma müddətini artıra bilər: “Amma istənilən halda bu, çox ciddi və vacib məsələdir. Çünki yeni kadr potensialının yetişdirilməsi, onların inkişafı kimi məsələlər həllini tapacaq”.
YAP icra katibinin müavini hesab edir ki, hazırda qüvvədə olan qanunvericilik dövlət qulluqçularının sosial təminatını yüksək səviyyədə təmin edir. Onun fikrincə, 65 yaşına çatan dövlət qulluqçusu pensiyaya çıxanda sosial təminat baxımından problemlə üzləşməyəcək: “Qanuna əsasən, dövlət qulluqçuları pensiyaya çıxanda aldıqları sonuncu əmək haqqının 80 faizi həcmində pensiya ala bilir. İşləyənlərin hamısından, o cümlədən dövlət qulluqçularından vergi tutulur. Vergiləri çıxanda dövlət qulluqçusunun işlədiyi dövrdə aldığı əmək haqqı ilə pensiyaya çıxanda alacağı pensiyası arasında heç bir fərq olmayacaq. Yaşı 65-i ötən dövlət qulluqçularının potensialından başqa sahələrdə istifadə etmək olar. Amma yaşı 65-i ötən insanların pensiyaya çıxması yeni nəslin inkişafı və ardıcıllığın təmin edilməsi baxımından vacibdir. Bu gün Azərbaycanın ali məktəblərində işləyənlərin orta yaş həddi artıq 60-dır. Əvvəllər isə orta yaş indikindən kifayət qədər aşağı olub. İndi ali məktəblərdə elə mühit yaranıb ki, gənc nəsil elmlə məşğul ola bilmir. Ona görə də belə bir layihənin hazırlanması zəruri addımdır”.
Siyavuş Novruzov hesab edir ki, 65 yaş həddinin orta məktəb müəllimlərinə də tətbiq olunması vacibdir: “Əvvəllər işləyən şəxs pensiyaya çıxanda ya əmək haqqı, ya da pensiya alırdı, yaxud da bunlardan birini bütöv, digərinin 25 faizini alırdı. İndi pensiyaya çıxan şəxs hər ikisini tam alır. Deməli, dövlət qulluqçusu, müəllim pensiyaya çıxdığı halda həm də işləyir, iş yerini boşaltmır və tam əmək haqqı alır. Arxadan isə yeni nəsillər gəlir. Onların da iş məsələsi var. Ali məktəbləri deyə bilmərəm, amma orta məktəblərdə 65 yaş çox yaxşı həddir və bunu tətbiq etmək vacibdir. 7 yaşlı uşağa 65 yaşlı müəllim dərs deyir. Yaşda, düşüncə tərzində, məsələlərə yanaşmada böyük fərq var. Bundan başqa, elmdə böyük dəyişikliklər baş verir. Hazırkı alimlərimizin böyük əksəriyyəti sovet dövründə təhsil almış, ömürlərinin böyük hissəsini Sovet İttifaqında yaşamış insanlardır. Tibb elmində, dəqiq, humanitar elmlərdə ciddi dəyişikliklər gedir. Bu dəyişikliklərdən xəbər tutmaq, yeni materialları oxumaq üçün müxtəlif dilləri bilmək lazımdır. Müəllim hər gün üzərində işləməlidir. Hazırda auditoriyalarda tələbələr müəllimlərdən çox bilir. Çünki tələbələr internetə daxil olurlar, müxtəlif sahələrdə baş verən yenilikləri oxuyurlar, öyrənirlər, müəllim isə hələ də neçə il əvvəl yazdığı mühazirəni oxuyur. Nəticədə mühazirə alınmır, tələbələr qulaq asmır, kəskin münasibət yaranır. Ona görə də bütün sahələrdə 65 yaş həddinin tətbiq olunmasına ciddi ehtiyac var”.
İqbal Ağazadə də layihəni dəstəklədiyini söyləyib. Onun fikrincə, Azərbaycan müstəqil olduğu son 20 ildə sistem dəyişikliyi baş verib: “Yeni sistem, quruluş, idarəçiliyə, əmlaka yeni baxış ortaya çıxıb. Amma kadrların əksəriyyəti köhnə kadrlardır. İqtisadiyyatın, sosial siyasətin və bütövlükdə dövlətin idarəçiliyində köhnə kadrlara üstünlük verilib. 65 yaş həddinin tətbiqi yeniləşmə ilə nəticələnəcək. Pensiya yaşına çatanlar dövlətdən normal pensiya alıb ömürlərinin qalan hissəsini arxayın, sakit yaşamalıdırlar, gənclərə yeni perspektivlər açılmalıdır. Əslində 65 yaşdan sonra insanın işinin effektivlik dərəcəsi aşağı düşür. Mən 65 yaşdan sonra hər il bir il olmaqla beş il müddətin artırılmasının tərəfdarı deyiləm”.
Ümid Partiyası sədrinin fikrincə, seçkili orqanlar istisna olmaqla bütün dövlət qurumlarında 65 yaş həddi tətbiq edilməlidir. İqbal Ağazadə hesab edir ki, xalqın qiymətləndirmək və seçmək imkanı olduğuna görə seçkili orqanlarda yaş həddi tətbiq etmək doğru deyil: “Prezident qanunvericiliyə müəllimlərin də dövlət qulluqçusu hesab olunmasını nəzərdə tutan dəyişiklik edilməsini tapşırıb. Həmin dəyişikliklərdən sonra müəllimlər də dövlət qulluqçusu sayılacaq və 65 yaş həddi onlara da şamil ediləcək”.
Rövşən Ağayev bildirib ki, dövlət qulluğunda çalışanlar üçün yaş senzinin tətbiqi təcrübəsinə dünyanın müxtəlif ölkələrində rast gəlinir. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdən Niderland, Kanada, Böyük Britaniya və Yaponiyada 65, qonşu ölkələrdən Rusiya və Moldovada 55-60 yaşına çatmış məmurlar qulluq mövqelərini tərk edirlər: “Rusiyada ötən il prezident Dimtri Medvedyevin təşəbbüsü ilə dövlət qulluğuna dair qanunvericilikdə aparılan dəyişikliklərə əsasən, məmurların pensiyaya çıxma yaşı 65-dən 60-a endirildi. Həmin dəyişikliyə əsasən, məmurlar onların bilik və bacarıqlarına xüsusi ehtiyac olduğu şəraitdə əlavə 5 il (65 yaşınadək) dövlət orqanlarında işləyə bilərlər. Amma bu halda onlara qulluqçu vəzifəsində deyil, müddətli xidməti müqavilə əsasında iş - məsələn, məsləhətçi işi - təklif olunur.
Bu baxımdan Azərbaycanda büdcə sferasında çalışanlar, ələlxüsus dövlət məmurları üçün maksimum yaş senzinin tətbiqi ilə bağlı qanunvericilik təşəbbüsü yenilik deyil. Sadəcə, burada mümkün qədər istisnalardan qaçmaq lazımdır ki, sonradan kimlərsə şəxsi münasibətlərə və siyasi baxışlarına görə ayrı-seçkiliyin qurbanına çevrilməsin. Məmur əməyi mürəkkəb və məsuliyyətli qərarların qəbulu ilə bağlıdır, istisnaları nəzərə almasaq, adətən müəyyən yaşdan sonra insanların fiziki-psixoloji durumu onların işinin keyfiyyətini azaldır. Eyni zamanda, bu gün Azərbayxanda dövlət qulluğunda orta yaş təxminən 45-46 yaş civarında olduğu halda, inkişaf etmiş ölkələrdə 40-dan yuxarı deyil. Qonşu Gürcüstan və Qazaxıstanda hətta 35-38 yaşdır. Deməli, Azərbaycanda təklif olunan dəyişiklik məmur korpusunun cavanlaşmasına təkan verə bilər - əgər bu addım məmur əməyinin keyfiyyətinin artırılmasını hədəfə alıbsa.
Hökumət bu məsələyə kompleks yanaşmalı, dövlət qulluğunda rotasiya sisteminin tətbiqini qanunvericiliyə daxil etməlidir. Məsələn, istisnasız olaraq eyni məmurun bir vəzifədə çalışması üçün maksimum 3-5 illik zaman intervalı müəyyən oluna bilər. Özü də Yaponiyada olduğu kimi, bu məsələ icbari xarakter daşımalıdır. Məlumat üçün deyim ki, bəzi ölkələrdə hökumət hətta insanların öz vəzifəsindən tez və könüllü əl çəkməsi üçün “erkən pensiya” mexanizmindən istifadə edir. Həmin mexanizmə görə, pensiya yaşından öncəki 2 və 3 illik dövr “erkən pensiyaya çıxma yaşı” hesab olunur. Kim erkən pensiyaya çıxıb istirahət etmək variantını seçsə, hökumət onlara əlavə maddi təminatlar - məsələn, təyin olunan pensiyanın iki və ya üç misli qədər birdəfəlik müavinət, pensiya yaşı çatanadək ildə bir dəfə kurort-sanatoriya müəssisəsində istirahət xərcinin qarşılanması və sair - təklif edir. Hesab olunur ki, bu addım məmurların orta yaş həddinin aşağı salınması və dövlət idarəetməsinin səmərəliliyinin artırılması baxımından sivil “işdən kənarlaşdırma” mexanizmidir”.