Mərkəzi Bankda saxlanılan qiymətli metalın həcmi 400 kiloqrama çatdı
Hazırda Mərkəzi Bankda saxlanılan qızılın miqdarı 389,2 kiloqram təşkil edir ki, bunun da bazar dəyəri 18,7 milyon ABŞ dolları təşkil edir. "İqtisadi forum" jurnalı bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, 20 may 2011-ci il tarixində “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Hökuməti ilə R.V.İnvestment Group Services şirkəti arasında imzalanmış Sazişə əsasən, Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızılın növbəti partiyası - 3652,7 troy unsiya (113,6 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr təhvil alınaraq etibarlı saxlanılması üçün Mərkəzi Bankda yerləşdirilib.
Bununla da, Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı 12514,7 troy unsiyaya (389,2 kiloqrama) çatdırılıb. Onun bu günə bazar dəyəri 18,7 milyon ABŞ dolları təşkil edir.
|