Biq Mak İndeksinə görə, milli valyutamızın real dəyəri aşağıdır
Manatın real dəyəri onun mübadilə məzənnəsindən aşağıdır. Biq Mak İndeksinə əsasən milli valyutamızın məzənnəsi 3,2% “şişirdilib”. İndeksə görə, Azərbaycanda dollar təxminən 81,2 qəpik olmalıdır. “İqtisadi forum” jurnalı bu barədə Britaniyanın “The Economist” jurnalına istinadən xəbər verir.
Biq Mak İndeksi (The Big Mac İndex) Britaniyanın “The Economist” jurnalı tərəfindən 1986-cı ildən etibarən hesablanır. İndeks McDonald's şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur hamburqerin qiyməti əsasında tərtib edilir. Belə hesab olunur ki, bütün dünyada hamburqerin istehsalına çəkilən xərclər bir-biridən fərqlənmir və buna görə də Biq Makın köməkliyi ilə alıcılıq qabiliyyəti pariteti əsasında valyutanın dəyərini öyrənmək olar. Müqayisə bazası kimi ABŞ-da satılan Biq Makın qiyməti götürülür. Əgər hər hansı ölkədə Biq Makın qiyməti bu həddən yüksəkdirsə, deməli, həmin ölkənin valyutasının dəyəri süni şəkildə “şişirdilib”. Yəni bu ölkənin valyutasının məzənnəsi aşağı olmalıdır. Əgər Biq Mak ABŞ-dakı qiymətdən ucuzdursa, həmin ölkənin valyutasının məzənnəsi real dəyərindən aşağıdır və bu ölkədə dollar ucuzlaşdırılmalıdır.
Reytinq cədvəlinə MDB ölkələrindən ancaq Rusiya daxil edilib. Rusiyada Biq Mak 2,7 dollara satılır. Bu ölkənin valyutası 34% az dəyərləndirilir. İndeksə görə, 1 dolların məzənnəsi indiki kimi 27,8 rubl yox, 18,5 rubl olmalıdır.
Azərbaycanın McDonald's restoranlar şəbəkəsində satılan Biq Mak hamburqerin qiyməti 3,3 manata (4,2 dollar) olduğu halda ABŞ-da onun qiyməti 4,07 dollardır. “Biq Mak İndeksi” metodologiyası əsasında hesablayanda məlum olur ki, milli valyutamızın məzənnəsi 3,2% “şişirdilib”. Bu o deməkdir ki, Azərbaycanda dollar təxminən 81,2 qəpik olmalıdır.
Ən bahalı hamburqerlər Norveçdə qeydə alınıb. Bu ölkədə Biq Mak almaq üçün əhali 8,31 dollar ödəməli olurlar. İsveçrədə hamburqer 8,06 dollara, İsveçdə 7,64 dollara, Braziliya 6,16 dollara satılır.
Honq Konqda bu qidanı 2 dollardan ucuz, Çində 2,27 dollara, Tailandda 2,35 dollara, Misirdə 2,36 dollara almaq olar.
Yaponiya və Çexiyanın milli valyutasının real dəyəri onların mübadilə məzənnəsinə uyğundur. Çünki bu ölkələrdə hamburqerin qiyməti ABŞ-la eynidir.
2011-ci ildə “The Economist” dərgisi reytinq cədvəlinə ilk dəfə Hindistanı daxil edib. Bu ölkədə Biq Mak istehsal olunmasa da, İndeksin hesablanması üçün toyuq ətindən olan Maharadja Mak götürülüb. Jurnal bildirir ki, ətin qiyməti hamburqerin maya dəyərinin 10 faizindən az hissəsini təşkil etdiyindən ətin qiyməti arasındakı fərqə məhəl qoymamaq olar. Maharadja Mak Honq Konqda satılan Biq Makdan ucuz – 1,89 dollara satılır.
“The Economist” jurnalı Biq Mak İndeksinin 25 illik yubileyində daha bir yenilik etmək qərarına gəlib. Jurnal ABŞ üzrə məlumatları əsas götürməklə Biq Makın dəyərini ÜDM-in adambaşına düşən həcmi ilə müqayisə edib. Məlum olub ki, Norveçin milli valyutasının dəyəri 46% “şişirdilib”. İsveç valyutası isə 85% “şişirdilib”. Honq Konqun milli valyutası isə dəyərindən 43% aşağı göstərilir.
Xatırladaq ki, ötən il Biq Mak İndeksi metodologiyası əsasında manatın məzənnəsi 86 qəpik hesablanmışdı. Halbuki bu dövrdə manatın rəsmi nəzənnəsi 80 qəpik idi.
|