İlin birinci yarısında borcun həcmi 655 milyon dollar artıb
2011-ci ilin ilk 6 ayında Azərbaycan Respublikasının xarici dövlət borcu 17% artaraq 4,5 milyard dollara çatıb. Bununla da xarici borcun adambaşına düşən həcmi 500 dolları ötüb. "İqtisadi forum" jurnalının budget.az saytına istinadən verdiyi məlumata görə, bu barədə Maliyyə Nazirliyi açıqlama verib.
Maliyyə Nazirliyinin məlumatına görə, 1 iyul 2011-ci il tarixinə ölkənin xarici borcunun həcmi 4512,6 milyon ABŞ dolları təşkil edib. Cari ilin yanvar-iyun ayların ərzində borcun həcmi 655,3 milyon dollar artıb. Halbuki ilin əvvəlində bu göstərici 3857,3 milyon dollara bərabər olub.
Son 2 ildə borcun həcmi 47% və ya 1,45 milyard dollar artıb. 1 iyul 2009-cu il tarixinə xarici dövlıt borcu 3071,8 milyon dollar təşkil edib.
Bununla da dövlət xarici borcunun ÜDM-a payı 8,1%-ə yüksəlib. Yanvarın 1-i tarixinə borcun ÜDM-də xüsusi çəkisi 7,42% olub.
2010-cu il yanvarın 1-də borcun həcmi 3421,8 milyon dollar və ya ÜDM-in 7,9 faizini təşkil edib.
Dövlət xarici borcunun adambaşına düşən həcmi ilin əvvəlindəki 428,6 dollardan iyulun 1-nə 501,4 dollara yüksəlib.
|