Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri arasından ən çox maaşı Yaponiyada, ən az maaşı isə Orta Asiya ölkələrində çalışan səfirlərimiz alır. "İqtisadi forum" jurnalının məlumatına görə, budget.az saytı bu barədə prezidentin müvafiq sərəncamına istinadən məlumat verir.
Ölkə prezidentinin 1923 saylı “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən ABŞ, Kanada, Koreya, Rusiya və BMT-də təmsil olunan səfirimizin aylıq maaşı 4500 dollar təşkil edir.
Səfirlərimiz arasında ən yüksək maaşı Yaponiyadakı diplomatımız alır. Onun aylıq maaşı 587400 Yen və ya 7640 dollara bərabərdir. Yapon milli valyutasının son aylar dollara nəzərən bahalaşması səfirimizin qazancını ABŞ valyutası nominalında artırıb.
Avropa Birliyinə daxil olan Almaniya, Avstriya, Belçika, Fransa, İsveç, İsveçrə, İtaliya, Niderlanddakı diplomatlarımız hər ay 5000 dollar (3700 avro) məbləğində məvacib alır. Avropa Şurası, BMT-nin Cenevrə şəhərində Bölməsi, NATO, YUNESKO kimi qurumlarda Azərbaycanı təmsil edən səfirlərin də maaşı 5000 dollara bərabərdir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına göndərilən səfirlərimizin aylıq əmək haqqısı 4000 dollar (2575 funt sterlinq) təşkil edir.
Səfirlərimiz içində ən az maaşı Orta Asiyada işləyən diplomatlarımız alır. Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanda işləyən səfirlərimizə hökumətimiz ayda 2800 dollar ödəyir.
Digər ölkələr üzrə səfirlərin maaşı aşağıdakı kimidir:
- İspaniya, Macarıstan, Polşa, Xorvatiya, Yunanıstan - 4865 dollar (3600 avro)
- Bolqarıstan, Çexiya, Latviya, Litva, Rumıniya, Türkiyə - 4765 dollar (3525 avro)
- Belarus, Gürcüstan, Moldova, İraq, Vyetnam – 3400 dollar
- Argentina, Hindistan, İndoneziya, İordaniya, İran, Küveyt, Qətər, Qazaxıstan, Malayziya, Meksika, Mərakeş, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tailand, Ukrayna – 3500 dollar
- Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Cənubi Afrika Respublikası, Çin – 3700 dollar
|