İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi regionda dəyirmi masa keçirib
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi iyulun 17-də Bərdə şəhərində “Tərəfdaş bələdiyyələrdə içməli su idarəçiliyi: qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirib. "İqtisadi forum" jurnalının məlumatlına görə, tədbirdə Bərdə, Tərtər və Ağcabədi rayonlarının təmsil edən 20-yə qədər bələdiyyə sədri və bələdiyyənin su müəssisəsinin rəhbəri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd su çəkilmiş bələdiyyələrdə modelin tətbiqində ortaya çıxan problemləri müzakirə etmək və layihənin 3-cü ilində həmin problemləri vəkilliyə daxil etmək olub. Tədbirdə eyni zamanda modelin digər bələdiyyələrdə tətbiqinin mümkünlüyü müzakirə olunub.
Aran Humanitar Regional İnkişaf İctimai Birliyinin direktoru Rauf Əliyev tədbiri açaraq bələdiyyə müəssisələrinin yaradılması sahəsində ilk təcrübə olaraq MMC-lərin əhəmiyyətindən və onların fəaliyyət istiqamətləri və əldə etdikləri müsbət təcrübələrinin önəmindən danışıb. R.Əliyev təmsil etdiyi qurumun layihə çərçivəsində gördüyü işlər və qarşıya çıxan çətinliklər barədə danışıb. O, qeyd edib ki, proses çətinliklə də olsa davam edir və məqsədimizə çatmaq üçün bütün vasitələrdən istifadə edilir. R.Əliyev ayrı-ayrı kəndlərdə əhali ilə keçirdikləri görüşlər və onların nəticələri barədə məlumat verib.
İTYİB-in layihə eksperti Samir Əliyev əvvəlcə çıxışında təmsil etdiyi qurumun içməli su idarəçiliyinə dair nəşr etdiyi kitabları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Onun sözlərinə görə, kitablarda içməli su idarəçiliyi mexanizmləri, su tarifinin formalaşması metodları və suyun keyfiyyətinə nəzarət mexanizmləri özündə əks etdirir. “Bələdiyyələrin su müəssisələri üçün bələdçi” adlı kitab barədə danışan ekspert qeyd etdi ki, nəşrin buraxılması ideyası da kənd yerlərində bələdiyyələri su müəssisələri yaratmağa stimullaşdırmaq və bu sahədə onlara metodiki yardım etməkdir. Bələdçidə su müəssisəsi yaratmaq istəyən bələdiyyələr üçün bu müəssisənin qeydiyyata alınması prosesi izah edilir, habelə qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı və nümunəvi formaları əksini tapıb.
S.Əliyevin sözlərinə görə, son iki ildə içməli su idarəçiliyi sahəsində xeyli işlər görülüb: “Bələdiyyələrin su müəssisələri yaradılıb, su infrastrukturu yaradılıb. Ona görə, bu gün istərdik ki, problemlər barədə müzakirələr aparaq. Həmin problemləri sistemləşdirib onların həlli üçün milli səviyyədə vəkillik aparaq”
Aran Humanitar Regional İnkişaf İctimai Birliyinin eksperti Rasim Zeynalov çıxışında diqqəti daşınmaz əmlakın hüquqi statusunda ortaya çıxan problemlərə yönəltdi. Onun sözlərinə görə, 2006-cı ilə qədər dövlət qeydiyyatından keçmiş evlər indi Dövlət Reyestr Xidməti tərəfindən qəbul edilmir. Bu isə müəssisə qeydiyyatında problemlər yaradır. Çünki müəssisə yaradanda hüquqi ünvan olaraq seçilmiş evin dövlət reyestrində qeydiyyatını təsdiq edən Çıxarış olmalıdır. Belə çıxır ki, 2006-cı ilə kimi qeudiyyatdan keçmiş evlər yenidən reyestr xidməti müraciət etməli və yeni evlərin keçdiyi prosedurlar kimi prosedurlardan keçməlidirlər.
Körpüqıran bələdiyyəsinin sədri Vidadi Əsədov da diqqəti evlərin hüquqi sənəndinin olmamasına yönəltdi. Onun sözlərinə görə kənd yerlərində evlərin qeydiyyat sənədinin olmaması müəssisə yaratmaqda problem yaradır. Bələdiyyə sədrinin sözlərinə görə, təmsil etdiyi 3 kənddə cəmisi 1 evdən hüquqi sənəd tapmaq mümkün olub. Sədr təklif etdi ki, milli səviyyədə kənd evlərinin təcili sənədləşdirilməsi məsələsi qaldırılsın.
Çələbilər bələdiyyəsinin sədri Əyyub Əhmədov diqqəti su xətlərinə qoşulanların sayının çoxluğunun vacibliyinə yönəltdi. Onun sözlərinə görə, kənd yerində nə qədər çox ailə su infrastrukturlarına qoşulsa bir o qədər də çəkilən xərcin adambaşına düşən məbləği az olar və yığılan vəsait də yüksək olar. Sədr narahatçılığını onunla əsaslandırdı ki, əvvəlcə insanlar qoşulmaq istəmirlər, sonra xətlər hazır olanda kiminsə evində su görəndə artıq onlar da qoşulmaq istəyir. Bu halda problemlər çıxır. Çünki xətlər müəyyən sayda əhali üçün nəzərdə tutulur və bu halda narazılıq yaranır.
Qaynaq MMC-nin sədri Zöhrab Həsənov əsas problemin abunəçilərin sayğacla düzgün davranmamasına yönəltdi. Onun sözlərinə görə, bunu nəticəsi olaraq saygaclar tez-tez sıradan çıxır və onların təmiri üçün bələdiyyə müəssisəsi vəsait xərcləməli olar.
Sonra bu və ya dügər problemlər ətrafında geniş müzakirələr oldu.
Xatırladaq ki, dəyirmi masa Oxfam Beynəlxalq təşkilatı və Avropa Birliyinin maliyyə dəstəyi ilə “İctimai xidmətlərin (təmiz su təhcizatı) çatdırılmasında Mərkəzi Aran-Qarabağ zonasında iyirmi bələdiyyənin texniki və bilik imkanlarının artırılması” layihəsi çərçivəsində təşkil olunub.
|