Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimumuna tətbiq olunan tələb 50 mln. manatadək artırılıb. Məcmu kapitalın minimum miqdarı üzrə yeni normativ 2014-cü ilin yanvarın 1-dən qüvvəyə minir.
Mövzunu Deyerler.Org-a şərhləndirən iqtisadçı ekspert Samir Əliyev deyir ki, Azərbaycanda bu addımın atılmasının həm müsbət, həm də mənfi təsirləri ola bilər: “Bu gün dünyada bankların kapitallaşması məsələsi prioritet olaraq gündəmdədir. 2008-2009-cu il qlobal böhranından sonra müşahidə etdik ki, bir sıra banklar istər Amerikada, istərsə də Avropa ölkələrində sıradan çıxdı. Bu gün də müşahidə edirik ki, Avropada bu proses davam edir. Buna görə belə qərara gəlinib ki, bankların kapitallaşmasına dair tələblər sərtləşdirilsin. Bununla bağlı "Bazel-3" prinsipi qəbul olundu. Bu "Bazel-3" prinsipi də əsasən bankların kapitallaşması şərtlərinin ağırlaşdırılmasını nəzərdə tutur. Burda söhbət minimal kapitalın artırılmasından və digər məsələlərdən gedir.
Düşünmürəm ki, Azərbaycanda gedən proseslər dünyada baş verənlərin tərkib hissəsidir. Sadəcə olaraq Mərkəzi Bank təxminən 2-3 il öncə öz strategiyasında bildirmişdi ki, bankların birləşməsinə və sayın azaldılmasının tərəfdarıdır. Mən də daxil olmaqla müstəqil ekspertlər qeyd edirik ki, bankların sayı Azaldılmalıdır. Bu gün Azərbaycanda 43 bank var. Demək olar ki, bunların yarısının bank sektorunda heç bir rolu yoxdur. İlk baxışdan bankların sayının çox olması onu göstərir ki, Azərbaycanda rəqabət var. Amma biz bunu müşahidə etmirik. Kredit faizləri yüksəkdir, kredit almaq çətindir. Demək olar ki, bankların ölkə iqtisadiyyatında rolu çox aşağıdır. Ona görə də bankların sayının azaldılması, onların likvidliyinin artırılması bankların ölkə iqtisadiyyatındakı rolu baxımından vacib şərtdir. 90-cı illərin əvvəllərində ölkədə 200-dən çox bank fəaliyyət göstərirdi. Mərkəzi Bank nizamnamə kapitalını artırdı və bunun nəticəsi olaraq bankların sayı 5 dəfəyə qədər azaldıldı. Mənim fikrimcə Mərkəzi Bankın yeni qərarı ilə 10-a yaxın bank səhnəni tərk etməli olacaq. Bu qərarın nəticəsi olaraq bankların sayı 35-ə, hətta 30-a qədər azaldılacaq.
Bunun müsbət tərəfi odur ki, banklar keyfiyyətli xidmətə üstünlük verəcək. Banklar şəbəkələşməyə üstünlük verəcək. Bankların sayı az olduğundan onların müştəri çevrəsi genişlənəcək, müştəri çevrəsinin genişlənməsi bankların əməliyyat xərclərinin azalmasına imkan verəcək. Bu da dolayısı ilə kredit faizlərinin aşağı düşməsinə gətirib çıxara bilər.
Bu addımın atılması eyni zamanda bank sektorunda təmərküzləşmənin artmasına gətirib çıxara bilər. Yəni bank sektorunda manapoliyanın daha da güclənməsinə səbəb ola bilər. Ən pis hal da odur ki, əgər gözləntilər özünü doğrultmasa, bu halda ola bilər ki, bank bazarında əsasən 3-4 aktiv iştirakçı olsun və onlar manapolis kimi həm depozit, həm kredit faizlərini diktə etsinlər. Amma qeyd edim ki, ümumilikdə bütün MDB ölkələrində də bu proses gedir. Ümumilikdə, mən bu prosesi müsbət qiymətləndirirəm”.
|