“Əgər ölkədə qeyri-bank sektorunun güclənməsinə yönəlik addımlar atılsa, bank sektorunun bu cür təmərküzləşməsini müsbət addım hesab etmək olar”
Azərbaycan üçün ərazi və əhalisinə görə 46 bankın çox olması istər Mərkəzi Bank rəsmilərini, istərsə də müstəqil ekspertləri narahat edən məsələlərdən biridir. Mütəxəssislər hesablaşma, aktivlər və digər göstəricilərə görə indiki 46 bankdan yalnız 20-sini bank sistemində əhəmiyyətli bank hesab edirlər. Hətta Beynəlxalq Valyuta Fondu da Azərbaycanda bankların sayını azaltmağı tövsiyə edib. Bu baxımdan dəfələrlə mediada bankların təmərküzləşməsi fikri ortaya atılıb. Düzdür, Mərkəzi Bankdan bu məsələylə bağlı strategiyanın hazırlandığı bildirilib.
Amma ötən həftə Mərkəzi Bankın fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarını 50 mln. manatadək artırması bu yolda ilkin addım hesab oluna bilər. Xatırladaq ki, 2010-cu il yanvarın 1-dən bankların nizamnamə kapitalının həcmi 10 mln manat müəyyənləşdirilib. Əvvəllər isə minimum hədd 5 mln. manat idi. Yeni qərarsa, 2014-cü ilin yanvarından qüvvəyə minəcək. Araşdırmayaa görə, hazırda cəmi 12 bank bu həddi keçə bilir. Ötən illər ərzində gedən proseslər isə onu göstərir ki, bankların nizamnamə kapitalı azalmağa meyillidir. Belə olan halda 50 mln. keçid rəqəmi bankların təmərküzləşməsinə əsas verən faktordur.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev qəzetimizə açıqlamasında bildirdi ki, bankların məcmu kapitalı nə qədər çox olarsa, onların likvidliyi bir qədər yüksəlir: “Mərkəzi Bankın bu qərarını ölkədə bank sisteminin möhkəmləndirilməsinə yönəldilmiş addım kimi qiymətləndimək olar”, - deyə o əlavə etdi. Lakin A.Mehdiyevin sözlərinə görə, nizamnamə kapitalının minimum miqdarının birdən-birə 5 dəfə artırılması çox ciddi bir məsələdir: “Bu o deməkdir ki, yarım ildən sonra banklar məcmu kpitalını 50 mln. manata çatdırmalıdır. Bankların qarşısında qısa müddətdə bu həddə çatmaq məsələsi duracaq. Təbii ki, bu da bankların sıradan çıxmasına, digər bankların birləşməsinə, bütövlükdə isə ölkənin bank sistemində təmərküzləşməyə gətirib çıxaracaq. Bir də Azərbaycanda yeni bankların yaradılması üçün ciddi inzibati maneələr vardır. Bununla yeni bankların yaradılması prosesi xeyli mürəkkəbləşdirildi”.
Onun fikrincə, addımın tədricən həyata keçirilməsi daha məqsədəuyğun olardı: “Azərbaycanda bank sistemində ciddi inhisarlaşma mövcuddur. Mərkəzi Bankın bu qərarı inhisarçılığın artmasına gətirib çıxaracaq”.
Ekspert bankların, ümumiyyətlə iqtisadiyyatın digər sektorlarının kiçik bir qrupun əlində cəmləşməsi prosesinin sürətləndiyini düşünür: “Burada əmanətlərin qorunması prosesinin gücləndiriləcəyinə və ya bu işin daha yaxşı təşkil ediləcəyinə mən o qədər də inanmıram. Bu qərarda bankların likvidliyinin artırılması əsas rol oynasa da, bütövlükdə proses bank sistemində inhisarçılığın güclənməsinə aparıb çıxaracaq. Likvidliyin güclənməsinə ehtiyac var, öz yerində. Amma bankların nizamnamə kapitalının 50 mln. manata çatdırılması o zaman özünü doğruldar ki, ölkədə maliyyə kredit sektorunda banklardan başqa qeyri-bank kredit təşkilatlarının rolu artıq olar”.
Onun sözlərinə görə, dünyanın heç bir yerində kommersiya bankları xırda kreditlərlə məşğul olmur: “Ölkənin ən geniş təbəqələrinə kredit vermək işini ya kredit İttifaqları, ya da korporativ banklar həyata keçirir. Təbii ki, bu cür qeyri-bank kredit təşkilatlarının sayının çox olması ölkənin bank sektorunun kiçik bir kommersiya banklarının əlində cəmləşməsinə imkan verir. Kommersiya bankları daha çox maliyyə sektorunda və banklararası uzunmüddətli kredit işləri ilə məşğul olmalıdır. Əgər ölkədə qeyri-bank sektorunun güclənməsinə yönəlik addımlar atılsa, bank sektorunun bu cür təmərküzləşməsini müsbət addım hesab etmək olar. Daha bir addım ölkədə qeyri-bank kredit təşkilatları ilə yanaşı, ixtisaslaşmış sahə banklarının yaradılmasıdır. Bunlar olmadığı şəraitdə bütün bu işlərin kommersiya banklarının üzərinə yüklənməsi təbii ki, bank sektorunun inkişafının zəif cəhətlərindən biridir. Eyni zamanda ölkədə geniş maliyyə şəbəkəsi yaradılmalıdır”.
A.Mehdiyev söhbət əsnasında kreditlərin faiz dərəcəsi ilə də bağlı fikir bildirdi: “Mərkəzi Bankın gözləntiləri ondan ibarətdir ki, təmərküzləşmə getdikcə bankların kreditlərinin faizinin aşağı düşməsinə gətirib çıxaracq. Məsələn, Mərkəzi Bank elan edib ki, orta kredit dərəcəsi 15-17 faizdir. Bizim Azərbaycanda kreditlərin faizinin yüksək olması ilə bağlı apardığımız araşdırmalar göstərir ki, Azərbaycanda orta kredit dərəcəsi Mərkəzi Bankın elan etdiyi rəqəmlərdən xeyli yüksəkdir. Hazırda əhalinin geniş təbəqələri 24-25 faiz və daha yuxarı kredit ödəyir. Orta kreditlərin aşağı olması isə bir çox hallarda bankların özlərinə yaxın olan insanlar kreditləri daha ucuz verməsi və dövlət büdcəsinə verilən müxtəlif kreditlərin daha ucuz olması ilə bağlıdır”.
FUAD
"Paritet" qəzeti |