Və yaxud mənzil-istismar sahələrinin saxlanmasında kimlər maraqlıdır?
Azərbaycanda 2009-cu ildən qüvvəyə minən yeni Mənzil Məcəlləsinin icrası ilə bağlı problemlər var. Parlamentin sonuncu iclaslarında da tənqid obyektinə çevrilən bu məsələ doğrudan da diqqətçəkəndir. 2009-cu ildə qüvvəyə minən yeni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi mənzil-istismar sahələrini (MİS) mənzil idarəçiliyi prosesindən hüquqi baxımdan kənarlaşdırsa da, el arasında “JEK” kimi tanınan bu qurumlar faktiki olaraq hələ də fəaliyyətdədir. Bu azmış kimi, MİS-lər bələdiyyələrin səlahiyyətlərinə də müdaxilə edirlər. Sanki gözəgörünməz bir qüvvə MİS-ləri himayə edir. Yeni Məcəlləyə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fondu isə mülkiyyətçilərinin yaratdıqları qurum və ya idarəedici təşkilat tərəfindən idarə olunur.
Samir Əliyev: “MİS-lər mənzil sahiblərinin iradəsinin ziddinə olaraq onlara xidmət göstərirlər”
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevin fikrincə, MİS-lər ən azı özəl mənzil fonduna xidmət göstərməsi qanunsuzdur: “MİS-lərin fəaliyyəti 1982-ci ildən qüvvəyə minmiş və ömrünü 2009-cu ildə başa vurmuş Azərbaycan SSR Mənzil Məcəlləsi ilə tənzimlənirdi. Keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi Azərbaycan da mənzil təsərrüfatının sovet idarəetmə üsulundan imtina yolunu tutdu. Təəssüf ki, bu imtina hələki kağız üzərində qalıb, reallıqda işləmir. Yeni Məcəllə MİS-lərin ləğvini tələb edir. Ancaq MİS-lər mənzil sahiblərinin iradəsinin ziddinə olaraq onlara xidmət göstərirlər. Bu isə mülkiyyətçilərinin konstitusion hüquqlarının pozur.
S.Əliyev Məcəllənin 141-ci maddəsinə istinad edərək “JEK”-lərin fəaliyyətinin heç bir qanuna əsaslanmadığını izah edir: “Həmin maddədə göstərilir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın üç idarə edilməsi üsullarından birini seçməyə borcludur:
- binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;
- mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;
- idarəedici təşkilat tərəfindən idarə edilmə.
Göründüyü kimi, mənzil fondunun hər üç (dövlət, bələdiyyə və özəl) mülkiyyət formasında MİS-lərin xidməti barədə heç nə deyilmir. Məcəllədə əsasən müştərək cəmiyyətlərin və ya ixtisaslaşmış istehlak kooperativlərin yaradılması və idarəedilmənin onlara verilməsi nəzərdə tutulur”.
Bəzən müzakirələrdə MİS-lərin fəaliyyətinə hüquqi don geyindirmək üçün Mənzil Məcəlləsinin icrası ilə bağlı ölkə prezidentinin 24 may 2010-cu il tarixli fərmanına istinad edilir. Həmin fərmana əsasən, Mənzil Məcəlləsinin 143-cü maddəsində (dövlət və ya bələdiyyə mülkiyyətində olan çoxmənzilli binanın idarə edilməsi) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları və ya müvafiq mənzil fondunun idarəetməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları həyata keçirir. Halbuki 143-cü maddədə müvafiq icra hakimiyyəti orqanına binanın (yalnız dövlət mülkiyyətində olan) idarə edilməsi üçün açıq müsabiqələrin keçirilməsi və seçilmiş idarəedici təşkilatla müqavilənin bağlanmasını təşkil etmək tapşırılır.
Ekspertə görə, Məcəllənin tətbiqi ilə bağlı işlərin ləngidilməsi MİS-lərin mənzil təsərrüfatının idarə edilməsi sahəsində alternativsiz olması fikrinin təbliğinə xidmət edir.
Əli Hüseynli: “Mənzil Məcəlləsinin tətbiqi çox gecikir”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirir ki, hazırda Mənzil Məcəlləsinin tətbiqinə böyük ehtiyac var. Deputatın sözlərinə görə, burada söhbət tək mənzil idarəçiliyi formalarının tətbiqindən getməməlidir: “2009-cu ildə Milli Məclisə ölkə prezidenti tərəfindən təqdim olunmuş yeni Mənzil Məcəlləsi qəbul olunub. Məcəllə vətəndaşlarla mənzil təsərrüfatı sektorunda xidmət qurumları arasında bütün münasibətləri tənzimləyir. Amma görünən odur ki, qanunun tətbiqi gecikir. Milli Məclis qanun qəbul edən orqandır, onun icrası və icrasına nəzarət başqa qurumların səlahiyyətində olan məsələdir”. Ə.Hüseynlinin qənaətincə indiki halda mənzil təsərrüfatı sektorunda yaranmış durumdan vətəndaşlar razı deyil və bu da Məcəllənin tətbiqini zəruri edən amillərdən biridir.
Arif Rəhimzadə: “MİS-lərin dövlət orqanı kimi yeri yoxdur”
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin sözlərinə görə, artıq MİS-lərin dövlət orqanı kimi yeri yoxdur: “Bu qurumların ləğvinə heç bir qanun mane olmur, əksinə, yeni Mənzil Məcəlləsində onların fəaliyyəti nəzərdə tutulmur. Şəhərsalma və Tikinti Məcəlləsində də həmçinin MİS-lərin dövlət orqanı kimi yeri yoxdur. Gələcəkdə bu struktur ixtisara düşəcək və yaranacaq boşluğu aradan qaldırmaq üçün, əhaliyə yaxşı xidmət etməkdən ötrü idarəetmə təkmilləşdiriləcək”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin sözlərinə görə, adətən qanunların işləməməsi iki problemə bağlı olur: “Birincisi, cəmiyyətin xeyrinə olan bu məsələ kiminsə şəxsı maraqlarına və ya qrup marağına zidd olur. İkincisi. sadəcə inersiya ilə yanaşmaq adətindən doğan lənglik. Əgər bu məsələ intensiv surətdə mətbuatda qaldırılıb, tezləşdirilməsi əsaslandırılmasa, tibbi sığortanın “rekordu” təkrarlana bilər”.
Fəzail Ağamalı: “Köhnə strukturun müəyyən elementləri hələ də özünü qoruyub saxlayır”
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının sözlərinə görə, bu, bir daha göstərir ki, köhnə strukturun müəyyən elementləri özünü qoruyub saxlayır və o elementləri aradan götürməkdə problemlər var: “Azərbaycanda bütün sahələrdə tam demokratik prinsiplərə söykənən qanunvericilik bazası yaradılıb. Lakin çox təəssüf edirəm ki, bir sıra hallarda ayrı-ayrı icra strukturları korporativ maraqları önə çəkərək həmin qanunların icrasına o qədər də maraq göstərmirlər, əksinə, ona mane olmağa çalışırlar. Bu da cəmiyyətimiz üçün xoşagəlməz halların yaranmasına səbəb olur. Bilirsiniz, cəmiyyət inkişaf etdikcə, istər ayrı-ayrı qanunların icrasında, istər digər məsələlərdə problemlər aradan qalxacaq. Mənim qənaətim ondan ibarətdir ki, demokratik proseslər üçün təkcə qəbul olunan qanunlar, ölkə prezidentinin iradəsi kifayət deyil, bunun üçün cəmiyyət hazır olmalıdır. Nə qədər ki, cəmiyyət bir toplum olaraq, hərə öz səlahiyyətləri çərçivəsində, qanunların tələblərinə əməl etməyi bacarmırsa, bunu istəmirsə problemlər qalacaq. Ona görə də ilk növbədə cəmiyyət inkişaf etməlidir”.
Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, MİS-lər təcili ləğv olunmalıdır: “Məcəllənin tətbiqi çox gecikir. Hər halda bu məsələlərin həlli vacibdir ki, bu istiqamətdə müəyyən müsbət nəticələr ortaya çıxsın. Əks halda, Mənzil Məcəlləsi də işləməyən məcəllələr sırasına qoşulacaq”.
Nizami Orucov: “İctimaiyyət Mənzil Məcəlləsi barədə məlumatlandırılmalıdır”
İqtisadi İnkişaf Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov sorğumuza cavab olaraq bildirdi ki, yeni Mənzil Məcəlləsi vətəndaşların sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində köklü islahatların aparılmasında xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin, inkişaf konsepsiyasının, dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması İqtisadi İnkişaf Nazirliyinə tapşırılıb. Mənzil-kommunal sahəsinin yeni qanunvericiliyin tələblərinə uyğun olaraq idarə olunmasına keçidlə əlaqədar bu sahədə aparılacaq islahatların əlaqələndirilməsi, əhalinin səmərəli sosial müdafiə mexanizminin yaradılması istiqamətində İqtisadi İnkişaf Nazirliyi tərəfindən bir sıra zəruri tədbirlər görülür. Bu sahədə əsas yeniliklərdən biri bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqidir.
Qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün icra və bələdiyyə qurumları ilə birlikdə maarifləndirmə və təbliğat işlərinin aparılması, ictimaiyyətin yeni Mənzil Məcəlləsi və onun üstünlükləri barədə məlumatlandırılması vacib məsələlərdəndir. Bu məqsədlə nazirlik regionlarda, müxtəlif rayonlarda müntəzəm olaraq tədbirlər keçirir”.
Göründüyü kimi, həm qanunvericilik orqanın nümayəndələri, həm də müstəqil ekspertlər MİS-lərin fəaliyyətinin qanunsuz olması fikrini bölüşürlər. Ancaq qəbulundan keçən 3 il müddətində Məcəllənin icrası istiqamətində konkret addımlar atılmayıb. MİS-lər isə heç nə olmamış kimi əhalidən pul yığmaqda davam edir.
Həbibə ABDULLA
"Yeni Müsavat" qəzeti
|