İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi jurnalistlər üçün ikigünlük təlim-seminar keçirib
Yanvarın 26-27-də İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin təşkilatçılığı, Amerikanın Gəlirlərə Nəzarət İnstitutu və Açıq Cəmiyəət İnstitutu Yardım Fondunun dəstəyi ilə “Neft gəlirlərinin davamlı inkişafda rolu və iqtisadiyyatın diversifikasiyası” mövzusunda araşdırmaçı jurnalistlər üçün təlim-seminar keçirilib.
Tədbirə yazlı və elektron medianı təmsil edən 10 araşdırmaçı-jurnalist qatılıb. Təlimdə neft gəlirləri dövründə hökumətin davranışlarının dəyərləndirilməsi, neft gəlirlərinin davamlı inkişaf üçün istifadə edilməsi, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən siyasət və onun nəticələrinin qiymətləndirilməsi ilə bağlı jurnalist araşdırmalarının aparılması üsulları müzakirə edilib.
Təlimin birinci sessiyasında neft gəlirlərindən cəmiyyətin gözləntiləri, belə gözləntilərin reallaşma dərəcəsi məsələləri üzrə müzakirə aparılıb və İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyevin “Neft gəlirləri və ölkənin sosial-iqtisadi inkişaf meylləri” mövzusunda təqdimatı dinlənilib. 2-ci sessiyada Milli Büdcə Qrupunun eksperti Kənan Aslanlının “İqtisadi diversifikasiya və davamlı inkişaf: əsas anlayışlar, nəzəri yanaşmalar və əsas çağırışlar” mövzusunda təgdimatı dinlənilib və iqtisadi və ixrac diversifikasiyasının nəticələrinin qiymətləndirilməsi indikatorları təqdim edilib.
Növbəti sessiyada İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev “İqtisadi diversifikasiyanın tənzimlənməsi prosesi: siyasətlər, institutlar, proqramlar, informasiya təminatı” mövzusunda təqdimat edib. R.Ağayev təqdimatında jurnalistlərə hökumətin iqtisadi diversifikasiya siyasətinin əks olunduğu hüquqi-normativ və proqram sənədləri, siyasəti həyata keçirən və tənzimləyən dövlət qurumları və institutlar, proseslər barədə informasiyaların əldə edilməsi mənbələri barədə ətraflı məlumat verdi. Sonra təqdim olunmuş mövzular və bunların araşdırılması imkanları üzrə jurnalistlərin fikirləri dinlənilib və araşdırma mövzularının dəqiqləşdirilməsi üzrə geniş müzakirələr aparılıb.
Təlimin ikinci günü “Qeyri-neft sektorunun inkişafı: diversifikasiyanın nəticələrinin qiymətləndirilməsi” mövzusuna həsr olunub. Burada əsasən aqrar sektor, qeyri-neft sənayesi və xidmət sektorunda aparılan iqtisadi diversifikasiya siyasətinin nəticələrinin araşdırılması və qiymətləndirilməsi üsulları təqdim olunub. Jurnalistlərin hər birinin araşdırmaq istədiyi mövzular üzrə ekspertlərlə geniş müzakirələr aparılıb. Müzakirələrdə araşdırmalar üzrə hipotezlər, araşdırma istiqamətləri və üsulları, mesajlar, faktların toplanması və sistemləşdirilməsi, informasiyanın əldə edilməsi üsulları, araşdırma zamanı jurnalistlərin üzləşdikləri çətinliklər və bunların aradan qaldırılması yolları kimi məsələlər diqqət mərkəzində olub.
Qeyd edək ki, bu təlimin nəticəsi kimi jurnalistlər növbəti 2-3 ay ərzində iqtisadiyyatın diversifikasiyası mövzusunda araşdırmalar aparmalı, ayrı-ayrı sahələrdə diversifikasiya siyasətinin nəticələri üzrə yazılar hazırlamalıdır. Yazılarda uğur və uğursuzluq nümunələri xüsusilə diqqətdə saxlanmalıdır.
Tədbirin yekununda qərara alındı ki, araşdırmalar zamanı daha sıx əməkdaşlığın təmin edilməsi, ortaya çıxan problemlərin birgə müzakirəsi və aradan qaldırılması və araşdırmaların əlaqələndirilməsi üçün araşdırmaçı-jurnalistlərlə ekspertlər mütəmadi (ayda bir-iki dəfə) olaraq toplaşıb müzakirələr aparsınlar.
   
|