ABŞ valyutası son 14 ildə ən aşağı həddə düşüb
Manatın dollara nisbətən bahalaşması son iki gündə davam edib. “İqtisadi forum” jurnalının məlumatına görə, ABŞ valyutası Azərbaycanda son 14 ildə ən aşağı həddə düşüb.
Jurnalın məlumatına görə, dolların manata olan rəsmi məzənnəsi yanvarın 30-da aşağı düşərək 1 dollar üçün 78,44 qəpik təşkil edib. Bu son 14 ildə ən aşağı səviyyədir.
Mərkəzi Bank 23 mart 1999-cu ildə ABŞ valyitasının manata olan məzənnəsini 78,54 qəpik (3922 AZM) müəyyənləşdirmişdi. Sonralar dövrlərdə dolların bahalaşması müşahidə edildi. Bu bahalaşma 2003-2004-cü illərdə 98 qəpik həddini də ötməyə müvəffəq olmuşdu. Ancaq sonrakı dövrlərdə dünya bazarlarında neftin bahalaşması və Azərbaycanda neft hasilatının artması manatı möhkəmləndirməyə başladı.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev dolların ucuzlaşmasını dünyada gedən proseslərlə izah edib. Onun sözlərinə görə, ABŞ-dan gələn bədbin statistik məlumatlar fonunda Avropa Mərkəzi Bankının sədri Mario Draqinin optimist çıxışı avronun bahalaşmasına rəvac verib. “2013-cü il başlayanda dollara münasibətdə avro kifayət qədər artım nümayiş etdirib. Əgər ilin əvvəlində 1 avronu 1,3 dollara satırdılarsa, indi bu göstərici 1,35 dollara kimi artıb. Artıq dünyada ABŞ dollarının avroya nisbəti son 14 ayda ən aşağı həddə düşüb. Dollar bir sıra aparıcı valyitalara nisbətən, o cümlədən yapon iyenasına qarşı ucuzlaşıb”.
Ekspertin fikrincə, Bakı vaxtı ilə bu gün axşam Federal Ehtiyat Sisteminin yığıncağı olmalıdır və bu görüşün nəticəsi dolların sabahkı kursuna təsir göstərə bilər.
Dünyada dolların ucuzlaşmasının Azərbaycana da təsir etdiyini bildirən ekspertə görə, Mərkəzi Bank hələki öz ehtuyatları hesabına manatın çox güclənməsinə imkan vermir. “Ötən ili 78,50 qəpiklə başa vuran dollar artıq 78,44 qəpikə kimi ucuzlaşıb. 2013-cü ildə dollar 0,08% ucuzlaşıb. Halbuki bu müddətdə dünya bazarlarında dollar avroya nisbətən 2,3% ucuzlaşıb.”
|