Samir Əliyev: "Nağd ödənişlərə qadağanın qoyulması bələdiyyələrə zərbə vura bilər"
Ölkədə kölgə iqtisadiyyatının payının azaldılması, o cümlədən yerli büdcə gəlirlərinin formalaşdırılmasında şəffaflığın artırılması və vergi ödənişlərin təyinatı üzrə yığılmasında nağdsız ödənişlərin rolu əvəzsizdir. Son illər nağdsız ödənişlərin tətbiqi sahədə bir sıra təşəbbüslər göstərilir və bu addımların ilkin müsbət nəticələri görünməkdədir.
İnsanlar evində oturmaqla internetlə bütün kommunal xərclərini, vergi borclarını ödəyirlər. Bütün bu üstünlüklərin fonunda yerli vergi və ödənişlərin nağd şəkildə qəbuluna qadağanın tətbiqi qərarı tələsik addımdır və bu, onsuz da ağır vəziyyətdə olan bələdiyyələrin fəaliyyətinə ciddi zərbə vura bilər.
Milli Məclisin Regional məsələlər komitəsinin 19 may tarixli iclasında “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”qanuna dəyişiklik təklif edilib. Təklif qəbul edilərsə, yerli vergi və ödənişlərin ödənilməsi yalnız banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək. Yerli vergi öhdəliklərinin nağdsız qaydada ödənişi şəffaflıq və hesabatlılıq baxımından vacib olsa da, indiki dövrdə nağd ödənişlərə qadağanın qoyulması yolverilməzdir.
Əsas problem kənd yerlərində ödəniş üçün zəruri infrastruktur yoxdur. Belə çıxır ki, kənd əhalisi hər dəfə vergi və ödənişləri ödəmək üçün bir neçə kilometr məsafə qət edib rayon mərkəzinə getməlidir. Halbuki bu vaxta qədər yaşadığı evin bir neçə yüz metrliyində yerləşən bələdiyyəyə pul ödəməkdə maraqlı deyildi. Güman ki, Azərpoçt MMC-nin yerli poçt şöbələrinə yerli vergi və rüsum qəbulu səlahiyyəti veriləcək. Ancaq nəzərə alaq ki, hazırda ölkədə 1606 poçt şöbəsi fəaliyyət göstərir. Kənd yaşayış məntəqələrinin sayı isə təxminən 4255-dir. Göründüyü kimi, hər 5 kənddə 2 poçt şöbəsi düşür. Deməli, hətta bu addım əhalinin maliyyə müəssisələrinə əlçatanlıq problemini həll edə bilməyəcək.
İkinci əsas problem xərclərin artmasıdır. 2013-cü ilin məlumatına görə, yerli vergi yığımının həcmi 11,5 milyon manat olub. Bu hesabla adambaşına düşən vergi ödənişi 1 manat 20 qəpik olub. Orta hesabla hər ailə il ərzində yerli büdcəyə 4,8 manat pul ödəyib. Bank vasitəsilə vergi ödənişi üçün xidmət haqqı isə hazırda 40 qəpikdir. Deməli, hər ailə vergidən əlavə 40 qəpik ödəməlidir ki, bu da onun vergi yükünü 8% artırır. Bura uzaq məsafədə olan maliyyə müəssisəsinə getmək üçün nəqliyyat xərcini də əlavə etsək onda xərclərin daha çox olduğunu görərik.
Ən nəhayət, bu gün Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrinin 90%-i öz büdcə vəsaitləri üzərində müstəqil sərəncam vermək hüququndan məhrumdurlar. Qanunvericilikdə müstəqillik əksini tapsa da reallıq bunun əksini deyir. Büdcədən vəsait çıxartmaq üçün bələdiyyə mütləq yerli icra hakimiyyəti başçısının razılığını almalıdır. Əks halda bələdiyyə bankdan pul çıxara bilmir. Hətta büdcə xərclərinin təyinatı bir sıra hallar icra başçıları tərəfindən müəyyənləşdirilir. Vergi və ödənişlər nağd şəkildə ödənildikdə bələdiyyə həmin vəsait üzərində sərbəst sərəncam verə bilir və onu hansısa yerli problemin həllinə yönəldir.
Bir məsələni də unutmayaq. Dövlət vergilərindən fərqli olaraq yerli vergilər birbaşa vətəndaşlardan yığılır. Dövlət vergiləri üçün nağd ödənişə qadağanın tətbiqi hardasa özünü doğruldur. Çünki dövlət vergiləri vətəndaşların çalışdığı müəssisə tərəfindən ödənilir. Ancaq yerli vergiləri əhali şəxsən ödəməli olur. Yeni dəyişikliyin qəbul olunacağı təqdirdə, vergi ödənişinin çətinliyi artıracaq və nəticədə vergi yığımına mənfi təsir göstərəcək.
Nağdsız ödənişin inkişafı vacibdir. Onun stimullaşdırılmasının əsas şərtlərindən biri də nağd ödənişə məhdudiyyətin tətbiqidir. Ancaq indiki məqamda qadağanın bələdiyyələrə tətbiqi arzuiolunmaz fəsadlar törədə bilər. Ona görə də yerli vergi və rüsum ödənişində nağdsız ödəniş inkişaf etdirilməklə yanaşı nağd ödəniş mexanizmi də bir müddət saxlanılmalıdır.
|