Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda ali audit orqanının səlahiyyətlərinin Hesablama Palatası yerinə yetirir. Hesablama Palatasının audit fəaliyyəti dövlət obyektlərinin gəlirlərinin, xərclərinin, əmlakının, öhdəliklərinin, zəmanətlərinin, digər aktiv və passivlərinin idarə olunmasının, maliyyə əməliyyatlarının, maliyyə, mühasibat, vergi və statistika uçotu hesabatlarının düzgünlüyünün və tamlığının, iqtisadi və maliyyə fəaliyyətinin qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin müəyyənləşdirilməsi, daxili nəzarət sistemlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir.
Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti ilə əlaqədar analitik fəaliyyəti müxtəlif formada həyata keçirilir. Məsələn, icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinin, büdcə hesabatlarının təhlili və zəruri rəylərin hazırlanması analitik fəaliyyətin formalarından biridir.
Sizə təqdim edilən analitik bülleten Azərbaycanda büdcə prosesində Hesablama Palatasının yeri və rolu, qurumun analitik fəaliyyəti təhlil olunur. Bülletenin birinci bölməsində Hesablama Palatasının büdcə prosesində yeri və rolu, ikinci bölməsində onun fəaliyyətinin hüquqi əsasları izah edilir. Üçüncü bölmədə Palatanın fəaliyyətinin nəticələri olan analitik hesabatlar və rəylərin məzmunu verilir. Sonuncu bölmədə Hesablama Palatasının büdcə prosesində rolunun artırılması imkanları sadalanır.
Bülleteni əldə etmək üçün aşağıdakı linkə daxil olun: