BVF: Qafqaz və Mərkəzi Asiya ölkələri tədricən yumşaq məzənnə rejiminə keçməlidirlər
Qafqaz və Mərkəzi Asiya ölkələri qlobal böhranın ciddi təsirinə məruz qalıblar. Proqnoza görə, regionda iqtisadi artım tempi 2008-ci ildəki 6,6%-dən 2009-cu ildə 1,5%-ə düşəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə Departamentinin direktoru Məsud Əhməd açıqlama verib.
Oktyabrın 3-də İstanbulda keçirilən BVF və Dünya Bankının illik yığıncağında çıxış edərək Əhməd bildirib ki, regionda rəhbər orqanlar vergi-büdcə və pul-kredit siyasətlərinin liberallaşdırılması və sosial müdafiə sisteminin gücləndirilməsi yolu ilə tənəzzülə reaksiya veriblər. Onun fikrincə, 2010-cu ildə regionda ümumilikdə orta səviyyədə iqtisadi artımı müşahidə etmək mümkün olacaq. Ancaq bəzi ölkələrdə bərpa səviyyəsi fərqi olacaq. Enerji idxalatçısı və aşağı gəlirli olan ölkələr üçün yaxın illərdə ağır keçəcək. Bəzi ölkələrə isə böhranın mənfi təsirini aradan qaldırmaq üçün əlavə olaraq donor dəstəyi lazım olacaq.
BFV-nin gözləntisinə görə, 2009-cu ildə regionun neft-qaz ixrac edən ölkələrinin əksəriyyətində (Azərbaycan, Türkmənistan və Özbəzkistan) enerjidaşıyıcılarının ixracı üzrə uzunmüddətli müqavilələr hesabına stabil artım tempi müşahidə ediləcək. Enerjidaşıyıcılarına dünya tələbatının artması fonunda 2010-cu ildə əksər neft ölkələrində aktiv iqtisadi artım gözlənilir. Ancaq burada Qazaxıstan istisna təşkil edir. Ehtimalla bu ölkədə iqtisadi artım 2009-cu ildə 2% azalacaq, 2010-cu ildə isə artıma bank sistemində mövcud olan problemlər mane olacaq.
Enerjidaşıyıcıların idxalatçıları olan Ermənistan, Gürcüstan, Qırqızıstan və Tacikistanda artım tempini xeyli dərəcədə düşməsi və həyat səviyyasinin pisləşməsi gözlənilir. Fondun hesablamalarına görə, 2009-cu ildə azalma Ermənistanda 15%, Gürcüstanda isə 4% olacaq. Qırqızıstan və Tacikistanda isə vəziyyət bir qədər yaxşı olacaq.
BVF tövsiyə edir ki, Qafqaz və Mərkəzi Asiya regionu gələcəkdə də sosial müdafiə məsələlərini diqqətdən qaçırmamaq şərti ilə iqtisadi artımı şərtləndirən vergi-büdcə siyasəti aparmalıdır. Neft-qaz ölkələrinə əlavə olaraq borcların yolverilən həddi keçməməsi üçün güzəştli şərtlərlə donor yardımları lazım olacaq. Bu ölkələr isə öz növbəsində enerjidaşıyıcılarının qiymətinin artımından əldə olunan gəlirlərin bir hissəsini struktur islahatlarına yönəltməlidirlər.
BVF eyni zamanda region ölkələrinə rəqabətliyi saxlamaq və spekulyativ kapital axınının qarşısını almaq üçü yumşaq məzənnə kursunu saxlamağı və ya tədricən yumşaq məzənnə rejiminə keçməyi tövsiyə edir. |