MDB-də milli valyutalarla ticarətə keçid niyyətinə münasibət fərqlidir
Qlobal maliyyə böhranı və bunun nəticəsi olaraq ABŞ dollarının dəyərdən düşməsi bir sıra ölkələri regional iqtisadi əməkdaşlıqda milli valyutalardan istifadəyə həvəsləndirib. Bununla bağlı bir sıra Asiya və Ərəb ölkələri daxilində fikir mübadiləsi də aparılıb. Görünür, avronun özünü təsdiq etməsi və yerini möhkəmləndirməsi başqa qitə təmsilçilərini də qarşılıqlı hesablaşmalarda dollardan imtinaya sövq edir
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevin sözlərinə görə, hazırda dünyada dollardan imtina edilməsi tendensiyası başlayıb. Bu istiqamətdə daha çox təşəbbüslər edilir, real addımlar isə hələlik yoxdur. Bir çox qitələr, məsələn, Latın Amerikası ölkələri artıq özlərinin milli valyutasına keçmək barədə qərar qəbul edib. Asiya ölkələri bu istiqamətdə danışıqlar aparır və 2015-ci ildən öz valyutalarını buraxmaq istəyirlər. Ərəb ölkələri 2001-ci ildən bununla bağlı qərar qəbul ediblər. Digər ölkələr - Rusiya, Çin və İran da dollardan imtina edilməsinə çalışır. Belə hal dünya miqyasında dollardan imtina edilməsi təşəbbüslərinin baş qaldırdığını göstərir. Bunun da bir neçə səbəbi var. Burada, siyasi amillərlə yanaşı, dolların digər valyutalarla müqayisədə son zamanlar dəyərdən düşməsi də öz sözünü deyir. Məsələ MDB ölkələri daxilində də qabardılıb. Rusiya rublun sərbəst dönərli valyuta kimi tanınmasını istəyirdi. Bununla bağlı bir sıra təşəbbüslər də olub. Ancaq bu mümkün deyil. Amerikanın Federal Ehtiyat Sisteminin sabiq rəhbəri bu yaxınlarda məsələ ilə əlaqədar açıqca bildirmişdi ki, rubl azı 10 il sərbəst dönərli valyuta rolunu oynaya bilməyəcək. Çünki Rusiya neftə bağlı ölkədir. Neftdən asılı ölkənin valyutası isə heç vaxt sərbəst valyuta ola bilməz. MDB ölkələri daxilində qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə təklifinin başında da Rusiya durur. Burada da əsas məqsəd dollardan imtinaya nail olmaqdır. Son illərdə Azərbaycanda bivalyuta, yəni iki valyutalıq səbət yaradılıb. Bu, 30 faiz avro və 70 faiz dollardan ibarətdir. Rusiyada isə valyutalar 55 faiz dollarla, 45 faiz avro ilə saxlanır. Həmin səbətə əsasən də milli valyutanın kursu müəyyən edilir. Azərbaycan rəsmiləri də bu yaxınlarda verdiyi açıqlamada dollardan hələlik imtina etmək fikrində olmadıqlarını bəyan edib. MDB ölkələrinin vahid valyutasının yaradılması ideyasını qeyri-real hesab edirəm. Bunun heç bir perspektivi yoxdur. Rusiyanın, Azərbaycanın, Qazaxıstanın gəlirləri xarici ölkələrə dollarla satdıqları neftin hesabına formalaşır. Azərbaycan rubldan yenicə yaxasını qurtarıb. Yenidən belə bir vahid valyutaya qoşulmaq onun iqtisadiyyatı üçün yeni problemlər gətirəcək. Hazırda dünyada hakim valyuta rolunda dollar, funt sterlinq, avro, iyena çıxış edir. Bu valyutaların hamısı iqtisadiyyatı güclü və neftdən asılı olmayan ölkələrə məxsusdur. Həmin ölkələrin inkişaf etməsi onların valyutalarının da dünyada sərbəst dönərli bir valyuta olmasına şərait yaradır. Rusiya iqtisadiyyatı isə MDB valyutasını idarə etmək gücündə deyil".
Müstəqil iqtisadçı ekspert Akif Nəsirli isə bir qədər fərqli düşünür. Belə ki, o da dollardan imtinanı real saymasa da, MDB-nin vahid valyutasının yaradılmasının ölkəmizə bir sıra müsbət keyfiyyətlər gətirəcəyinə əmindir: "Prosesin baş tutması real deyil. Çox güman ki, bu zaman rus rublunun vahid valyuta olması nəzərdə tutulur. Amma məsələ ondadır ki, Rusiyanın yığım fondunun vəsaitləri Amerika xəzinəsinə investisiya kimi qoyulub. Təkcə bu səbəb rublun MDB məkanında alış-veriş prosesində istifadəsinin etibarlı olmadığını deməyə əsas verir. Bu sahədə onun imkanları məhduddur. Dollar rubla rəqib gözü ilə baxırsa, hər an birinci ikincini istədiyi formaya sala bilər. MDB-dəki digər valyutaların imkanları isə rubldan da aşağıdır. İkinci bir tərəfdən, dollara alternativ valyutaların yaranması həmin valyutalara sahib olmayan ölkələr üçün xeyirlidir. Bununla dünyada alternativ dəyər yaranır. Azərbaycan üçün də alternativ valyutanın yaranması müsbət haldır. Çünki manatın özünün dünya valyutasına çevrilmək imkanı yoxdur".