Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


«BİZDƏ BƏLƏDİYYƏ İNSTİTUTUNUN FƏLSƏFƏSİ DARMADAĞIN EDİLİB»
«BİZDƏ BƏLƏDİYYƏ İNSTİTUTUNUN FƏLSƏFƏSİ DARMADAĞIN EDİLİB»

«Media forum» saytı oxucularının suallarını İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev cavablandırır.

Avropaya inteqrasiya və yerli özünüidarə problemlərinə toxunulan forum «İnam» Plüralizm Mərkəzinin ABŞ-ın Marşall Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi «Demokratiya və Azərbaycanın Avropaya inteqrasiyası mövzusunda ictimai müzakirələr» layihəsi çərçivəsində keçirilib.

Elnur Eltürk, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədri: Bu gün Azərbaycanda bələdiyyələrin statusu və onların səlahiyyətləri nə uçün bizə yaxın olan qardaş Türkiyədəki kimi geniş deyil? Bunun səbəbi nə ola bilər? Axı bildiyimiz qədər Avropanın və qardaş Türkiyənin inkişafında bələdiyyələrin mühüm rolu olub.

Cavab: Tamamilə haqlısınız, Avropa ölkələrində, o cümlədən Türkiyədə cəmiyyətin demokratik inkişafında bələdiyyələr mühüm rola malikdir. Yerli özünüidarə qurumları olan bələdiyyələr bu ölkələrdə dövlət idarəetmə sisteminin mühüm elementi hesab olunur, onların status və səlahiyyətləri dəqiq müəyyən edilib.

Ümumiyyətlə, müasir dövrdə inkişaf etmiş ölkələrdə yerli və regional idarəetmənin gücləndirilməsi dövlət hakimiyyətinin demokratik prinsiplər əsasında əks-mərkəzləşdirilməsinin ən effektiv vasitəsi kimi qəbul edilir. Mərkəzi hakimiyyət əhaliyə göstərilən dövlət xidmətlərinin effektivliyini yüksəltmək üçün səlahiyyətlərinin bir hissəsini, xüsusilə yerli sosial-iqtisadi məsələlərin həlli üzrə funksiya və səlahiyyətləri yerli idarəetmə pillələrinə ötürür. Bələdiyyələr azad səsvermə əsasında formalaşır, onların fəaliyyətinə insanların bilavasitə ictimai nəzarət imkanları geniş olur, yerli səviyyələrdə hesabatlılığı təmin etmək daha asandır və nəhayət, məhz bu səviyyədə insanlar toplum olaraq özünüidarəetməni daha dolğun təmin edə bilirlər.

Hamının bildiyi bu sadə həqiqətləri xatırlatmaqda məqsədim cəmiyyətin demokratik prinsiplər əsasında idarə edilməsində bələdiyyə, yerli özünüidarəetmə institutunun funksional rolunu əks etdirməkdir. Sual ortaya çıxır ki, bələdiyyələrin fəaliyyətinə belə prinsipial yanaşma Azərbaycanın indiki hakimiyyətinin idarəetmə fəlsəfəsinə nə dərəcədə uyğundur?

Ölkədə bələdiyyə institutu yaradılarkən cəmiyyətin idarə olunmasında və dövlət idarəetmə sistemində yerli özünüidarənin rolu, yerli özünüidarənin səmərəli miqyasları, hakimiyyət səlahiyyətlərinin əks-mərkəzləşmənin mümkün hüdudları kimi mühüm məsələlər geniş ictimai müzakirələrin mövzusu olmadı və ictimai rəy öyrənilmədi. Bu institut müəyyən mənada məhz Avropa Şurasının təzyiqi altında yaradıldı, ölkə hakimiyyətinin isə bunda maraqlı olması görünmürdü. Buna görə ölkəmizdə bələdiyyələr yerli özfəaliyyət qurumları kimi formalaşdırılıb: hələ indiyəcən də onlar nə dəqiq statusa, nə hüdudları bəlli səlahiyyətlərə, nə də ciddi maliyyə bazasına malikdirlər.

Dünya təcrübəsində bələdiyyələrin yaradılmasında əhali sayının aşağı həddinə limit qoyulduğu halda bizdə əksinə - əhali sayının yuxarı həddinə limit qoyulub. Nəticədə hətta 100 nəfərədək əhalisi olan ən xırda kəndlərdə də bələdiyyələrin yaradılmasına rəğmən böyük şəhər bələdiyyələrinin yaradılması yolverilməz hesab olunub, əvəzində böyük şəhərlərdə rayon, qəsəbə, «məhəllə» bələdiyyələri yaradılıb. Bununla da bizdə bələdiyyə institutunun fəlsəfəsi darmadağın edilib. Tam əminliklə söyləmək olar ki, bizdə dünyada analoqu olmayan bir bələdiyyə institutu yaradılıb. Əslində bu kvaziinstitutdur.

Belə bir vəziyyətin yaranmasının səbəbi isə bəllidir: demokratiyanın təməl prinsipi olan hakimiyyət bölgüsü prinsipinə, yəni qanunverici – icraedici – məhkəmə prinsiplərinə əməl etməyən bir hakimiyyət əks-mərkəzləşməyə, səlahiyyətlərinin bir hissəsinin yerli özünüidarəetmə səviyyələrinə ötürülməsinə əsla razı ola bilməz. Azərbaycanda icra hakimiyyəti hakimi-mütləqdir, konstitusiyaya təklif olunan son dəyişikliklər isə bu mütləqiyyətin dərinləşdirilməsinə xidmər edir.

Müəllim, Bakı: Rəhbəri olduğunuz İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Azərbaycanda yerli özünüidarənin dərinləşdirilməsi ilə bağlı konkret təkliflərlə çıxış edir. Hakimiyyətdən sizin bu islahat təkliflərinizə nə reaksiyalar var?

Cavab: Təşkilatımızın üzvləri uzun müddətdir ki, Oksfam-Azərbaycan təşkilatının dəstəyi, bir sıra yerli ictimai təşkilatlar və ekspertlərlə sıx əməkdaşlıq şəraitində bələdiyyələrin institusional inkişafı və gücləndirilməsi istiqamətində tədqiqatlar aparır, habelə konkret layihələr reallaşdırırlar. Belə işlərin və tədqiqatların nəticəsi olaraq zaman-zaman hökümətə və müvafiq dövlət qurumlarına konkret istiqamətlər üzrə təklif və tövsiyələr təqdim edirik.

Müxtəlif reaksiyaların şahidi olmuşuq: təklif və tövsiyələrimizin qılıncla qarşılandığı vaxtlar da olub, bəzi məsələlərdə bizim tələskənlik nümayiş etdirdiyimizi, bunların reallaşdırılması üçün uzun zaman tələb olunduğunu söylədikləri hallar da, hətta bəzi məsələləri birgə müzakirə edərək problemin həlli yolunun axtarılmasına cəhd göstərdikləri hallar da.

Məsələn, hazırlayıb hökumətə təqdim etdiyimiz «Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair konsepsiya»ya hökumət tərəfindən rəsmi münasibət bildirilməsə də, keçirdiyimiz ictimai müzakirələrdə, mətbuat səhifələrində müvafiq hökümət qurumlarının təmsilçiləri sənədi kifayət qədər yüksək qiymətləndirib, orada qaldırılan məsələlər və təkliflər barəsində razılıqla danışıblar. Hətta son zamanlar irəli sürdüyümüz bəzi təkliflərin reallaşdırılması istiqamətində müəyyən addımların atıldığının da şahidi oluruq. Ötən ilin sonlarında cəmiyyətə təqdim etdiyimiz və müvafiq dövlət qurumlarına göndərdiyimiz «Azərbaycanda bələdiyyələrin böyüdülməsi mexanizmləri: könüllülük prinsipindən inzibati rıçaqlara doğru» adlı siyasət sənədi haqqında da oxşar fikirləri söyləmək olar.

Ancaq biz bütövlükdə cəmiyyətdə, ilk növbədə isə hökumətdə bələdiyyə institutuna sistemli bir yanaşmanın formalaşmasını istəyirik.

Qəribə Adam, Bakı: Sizə bir neçə qəribə sualım var.

Bakını qar-çovğun bürüdü, yolları buz örtdü, amma nə şəhər strukturları, nə fərdi şəxslər, nə də mağaza-obyekt yiyələri yolları təmizləməyə xüsusi cəhd göstərdilər. Elə-belə, xırda-para işlər oldu. Sizcə, insanların ictimai işlərdən belə çəkinməsinin səbəbi nədir? Yaxın qonşumuz Rusiyada qar yağan kimi bütün insanlar ən azı qapılarının ağzını təmizləyirlər, biz isə kimdənsə nəsə gözləyirik.

Nəyə görə insanlar elə hey şikayət edirlər: dövlət gəlsin, o işi görsün, bu işi görsün? Öz evinə gələndə hər bir azərbaycanlı divə-pələngə çevrilir, ümumi işlərdə isə heç liftin təmirinə 2 manat vermək istəmir. Sizcə, belə düşüncə ilə biz Avropanın özünüidarə mexanizmlərini tətbiq edə bilərikmi?

Cavab: Əslində verdiyiniz suallar heç də qəribə deyil, əksinə günümüzün reallığından doğan və çox ciddi müzakirələr tələb edən acı həqiqətlərdir. Hesab edirəm ki, bunların hamısı insan - cəmiyyət, vətəndaş - dövlət, dövlət - hakimiyyət, xüsusi - ictimai və mənim - bizim kimi qarşıdurmalarla bağlı bu günümüzdə insanların şüurunda formalaşmış münasibətlərdən qaynaqlanır. Buna görə də suallara bir yerdə münasibət bildirirəm.

Xüsusi olaraq vurğulamaq istəyirəm: mən qəti şəkildə bu mövqeyi bölüşmürəm ki, bütün bunlar, hətta daha betər xoşağəlməz hallar ona görə baş verir ki, biz (millət olaraq) «belə»yik və «belə» olduğumuza görə də ölkəmizdə Qərb demokratiyası baş tuta bilməz.

Hətta son zamanlar bəziləri məqsədyönlü şəkildə cəmiyyətə təlqin etməyə çalışırlar ki, ətrafımızda baş verən bütün eybəcərliklər bizim milli mentalitetimizlə bağlıdır. Guya bizdə hər kəs yalnız özünü və öz xeyrini düşünməyə meyllidir, biz kollektiv iş bacarmırıq və sair. Hətta idmandan misal da gətirirlər ki, sən demə, idmançılarımız güləş, boks və başqa fərdi idman növlərində çempion olduqları halda futbol kimi kollektiv oyunlarda heç bir uğur qazana bilmirik. Hesab edirəm ki, kökündən yanlış yanaşmalardır.

Fikrimcə, hazırda cəmiyyətimizdəki eybəcərliklərin əksəriyyəti iki başlıca amilin təsiri altında baş verir: bunlardan biri - əvvəlki dövrlərin inkişaf trayektoriyasından asılılıq sindromudur, digəri isə son 10-15 ildə hakimiyyətin idarəetmə strategiyasıdır.

Əlbəttə, biz demokratik idarəetmə və insan azadlığı sahələrində formalaşmış təcrübəyə və ya oturuşmuş adət və ənənələrə malik deyilik. Müstəqilliyin bərpasına qədər tərkibində olduğumuz SSRİ dövlətin hakimi-mütləq olduğu avtoritar rejimli bir imperiya idi: orada dövlət adlı nəhəng bir maşın vardı və hər şey, hətta insanın özü də ona məxsus idi, insanlara hər şeyi o verirdi, kimin nə ilə məşğul olmasını da o müəyyən edirdi, hətta insanın illərlə içərisində yaşadığı ev də bu dövlətə məxsus idi.

Bir sözlə, insanlar arzuladıqları hər şeyi dövlətdən umurdu, dövlət isə məsləhət bildiyi şeyləri məqsədəuyğun hesab etdiyi qədər verirdi. Orada qanunlar çox sərt idi və hamı kifayət qədər çəkinirdi. Cəmiyyət qorxu və yalanla idarə olunurdu. Bu bizim elə də uzaq keçmişimiz deyil...

Müstəqillik insanlara azadlıq və demokratiya vəd edirdi, lakin aydındır ki, sovet insanının azadlığa və demokratiyaya alışdırılması kimi müqəddəs iş gərgin zəhmət və zaman tələb edən bir proses olmalıydı. Həm də problemin çətinliyi onda idi ki, ilk mərhələdə həmin müqəddəs işin əsas ağırlığı yenə də dövlətin üzərinə düşməliydi, ancaq bu halda mahiyyətcə yeni bir dövlətdən söhbət getməliydi.

Təəssüf ki, bu baş vermədi. Əksinə, yenə də sovet dövrünün rəhbərlərindən təşkil olunmuş «dövlət» yarandı, demokratiyanı anarxiya kimi, insan azadlığını isə özbaşınalıq kimi təqdim etməklə insanları qorxutmağa, cəmiyyəti qorxu və yalanla idarə etməyə başladılar. Bu dəfə insanlara təlqin etməyə başladılar ki, onların hansısa problemlərin həlli barədə fikirləşmələrinə ehtiyac yoxdur, bunu onların əvəzindən daha yaxşı edən dövlət başçısı var, hər bir insanın yaxşı yaşaması üçün nə lazımdırsa o verəcək.

Açıq və ya gizli şəkildə insanlara təlqin olunur ki, hər kəs malik olduqlarını heç də zəhməti ilə qazanmayıb, ona hakimi-mütləq tərəfindən verilib, əgər «məsuliyyətsizlik» edərsə, bunlardan məhrum ola bilər. «Məsuliyyətsizliyin» gətirəcəyi itkilər və məhrumiyyətlər qorxusu isə insanları hər cür təşəbbüslərdən saxlayır...

Nə qədər ki, insanlarda mən, mənim evim, mənim müəssisəm münasibəti formalaşmayıb, mənim küçəm, mənim məhəlləm, mənim şəhərim, mənim ölkəm münasibətləri də formalaşa bilməz.

Bizlərdə olan məhəllə və yerliçilik psixologiyasını mənim məhəlləm və mənim şəhərim münasibətləri ilə eyniləşdirmək olmaz.

Aydın, Türkiyə: Əgər seçki saxta keçirilirsə, onda yerli idarəni gücləndirmək mümkündürmü?

Cavab: Razıyam ki, həqiqi yerli özünüidrəetmə məhz azad və ədalətli seçkilərdən başlayır. Əgər seçkilər saxta keçirilirsə və insanlar istədikləri şəxsləri bələdiyyələrə seçə bilmirlərsə, güclü bələdiyyələrdən danışmaq mümkünsüzdür. Lakin hesab edirik ki, hazırda hakimiyyətin bələdiyyə seçkilərini bu dərəcədə saxtalaşdıra bilməsi həm də bu institutun qeyri-müəyyən statusu ilə bağlıdır. İndiki vəziyyət bələdiyyəni bir çox qabiliyyətli insanlar üçün cəlbedici etmir və onlar mübarizəyə qoşulmurlar. Biz hazırda bir institut olaraq bələdiyyənin gücləndirilməsinə, yəni bu institutun dəqiq status və səlahiyyətlərinin dəqiqləşdirilməsinə, cəmiyyətin idarə olunmasında onun yerinin və rolunun müəyyənləşdirilməsinə, səlahiyyətlərinə uyğun maliyyə təminatının yaradılmasına çalışırıq. Qanunvericilikdə bu müəyyənliyin olması bələdiyyələrin siyasi mübarizə baxımından cəlbediciliyini artıra bilər.

Digər tərəfdən, fərz edək ki, bu il bələdiyyə seçkiləri demokratik şəraitdə keçiriləcək və insanlar istədikləri şəxsləri bələdiyyə üzvü edəcəklər. İndiki status və səlahiyyətlər çərçivəsində onların kifayət qədər ciddi işlər görə bilməsi mümkündürmü?

Və sonuncusu, hər bir sahədə olduğu kimi burada da əmək bölgüsü olmalıdır: bir qrup bələdiyyələrin institusional gücləndirilməsi uğrunda, başqa bir qrup isə seçkilərin ədalətli keçirilməsi uğrunda mübarizə aparmalıdır.

Səlim, İqtisad Universitetinin tələbəsi: Mən bir neçə xarici ölkədə olmuşam. Heç yerdə belə biabırçılıq yoxdur. Bakıda ayaqyolu tapmaq çox müşküldür. Nə şəhər icra hakimiyyəti, nə də başqa idarələr bu işə baxır. Nə pullusu var, nə də pulsuzu… Heç iri mağazalar şəbəkəsində - «Almalı»da, «Bizim market»də də bu məsələ düşünülməyib. Heç olmasa super-marketlərdə ayaqyolları olsaydı, problem belə ciddi səviyyəyə çatmazdı. Necə düşünürsünüz, bəlkə ölkədə parlament xüsusi qanun hazırlamalıdır və hər dükanda məcburi ayaqyolu tikilməsinə qərar verilməlidir?

Cavab: Çox ciddi məsələlərdən biridir. Bu, bir tərəfdən indiyəcən ölkəmizdə, o cümlədən Bakı şəhərində doğru-düzgün yerli özünüidarəetmənin formalaşmamasının nəticəsidirsə, digər tərəfdən biznes mədəniyyətinin kifayət qədər inkişaf etməməsinin əlamətidir. Problemin həlli üçün müxtəlif variantlar düşünmək olar.

Məlahət Hüseynova: Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması məsələsinə necə baxırsınız? Mer institutunun yaradılması nə qədər vacibdir?

Mətbuatda oxumuşam ki, sizin təşkilat Azərbaycanda bələdiyyələrin birləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb. Siz bələdiyyələrin birləşdirilməsi mexanizmlərini necə görürsünüz? Sənədlə bağlı hökümətdən hər hansı reaksiya gəlibmi?

Cavab: Müasir inkişaf etmiş demokratik ölkələri yerli özünüidarəetmə olmadan təsəvvür etmək qeyri-mümkündür. Həmin ölkələrdə mərkəzi hakimiyyətlər getdikcə səlahiyyətlərinin daha çox hissəsini yerli səviyyələrə ötürürlər. Bu məsələdə şəhər bələdiyyələri həlledici rol oynayır. Artıq yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda yerli özünüidarəetmənin formalaşdırılması fəlsəfəsi heç cür anlaşılmır.

Bakıda rayon və qəsəbə səviyyəli bələdiyyələrin yaradılması heç də ictimaiyyətə təqdim olunduğu kimi demokratiyanın inkişafının və əks-mərkəzləşdirmənin dərinləşdirilməsinin təzahürü deyil, tamamilə əksinə, demokratiyanın inkişafının qarşısını almağa xidmət edir. Bu proses həm də insanların düşüncəsində şəhərin rayonlara və məhəllələrə parçalanmasına, «bizim şəhər» münasibətinin inkişafının qarşısını almağa xidmət edir. Halbuki şəhərin hansı hissəsində yaşamasından asılı olmayaraq hər bir şəhər sakininin şəhərin hər bir probleminin həllinin müzakirəsində maraqlı olmaq və iştirak etmək haqqı olmalıdır.

Bakı, habelə Gəncə şəhər olaraq çoxlu sayda insanların kompakt yaşadığı və fəaliyyət göstərdiyi, vahid iqtisadi məkan kimi çıxış edən, vahid kommunikasiyaya və kommunal sistemə malik bir ərazıdır. Hazırda Bakı şəhərində yaradılan çoxlu sayda bələdiyyələrin hər biri öz ərazinin inkişafı haqqında fərqli baxışlara malik ola bilər. Halbuki bu ərazilərin hamısı Bakıya daxil olduğundan onların inkişafı bir mərkəzdən idarə olunmalıdır.

Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması zəruridir. Şəhər səviyyəsində yerli özünüidarəetmənin yaradılması və seçkili orqanların formalaşması paytaxtın başına gətirilən bu oyunların qarşısını almağa, onun bütün problemlərinin tədricən aradan qaldırılmasında mühüm rol oynaya bilər. Əhali səs verib seçdiyi insanlardan şəhərin taleyinə cavabdehlik tələb edə bilər. O halda sakinlərin şəhərdə baş verən eybəcərliklərə bu qədər laqeyd qalmayacağı aydındır.

Bakıda, habelə Gəncədə şəhər bələdiyyəsinin yaradılması həm də mer institutunun yaradılmasını ehtiva edir. Mer birbaşa seçki yolu ilə seçilir.

Bakı şəhər bələdiyyəsinin yaradılması ilə ölkədə mərkəzi icra hakimiyyətindən asılı olmayan yeni bir hakimiyyət mərkəzi yarana bilər ki, bu da Azərbaycanda demokratiyanın inkişafını yeni müstəviyə keçirə bilər.

İkinci sualınıza gəlincə, təşkilatımız bələdiyyələrin gücləndirilməsi istiqamətində həyata keçirdiyi layihə çərçivəsində «Azərbaycanda bələdiyyələrin böyüdülməsi mexanizmləri: könüllülük prinsipindən inzibati rıçaqlara doğru» adlı siyasi sənəd hazırlayıb. Sənəddə Azərbaycanda yerli özünüidarə institutunu inkişafdan saxlayan amillərdən biri - bələdiyyələrin həddən artıq kiçik ölçülü olması və sayının çoxluğu məsələlərinə toxunulur və hökumətə bələdiyyələrin böyüdülməsi təklif edilir.

Bələdiyyələrin böyüdülmə miqyası barədə təxmini təsəvvürə malik olmaq üçün Bərdə, İsmayıllı və Xaçmaz rayonlarında tədqiqatlar aparmışıq. Tədqiqatın yekunu olaraq bələdiyyələrin böyüdülməsinin üç alternativ mexanizmi təklif etmişik. Hər bir mexanizmin üstün və çatışmazlıqları araşdırılır və hökumətə onların içindən biri - bələdiyyələrin inzibati-ərazi bölgüsü üzrə böyüdülməsi mexanizmini tövsiyə etmişik.

Hazırda Azərbaycanda müxtəlif ölçülü, əhali sayına malik 2757 bələdiyyə fəaliyyət göstərir. Əgər bələdiyyələri bizim təklif etdiyimiz kimi inzibati-ərazi bölgüsü üzrə birləşdirsək, bu halda təxminən 800 bələdiyyəni ixtisar etmiş olarıq. Bu mexanizmin tətbiqi zamanı hər hansı konstitusiya islahatı da aparmağa ehtiyac yoxdur. Sadəcə müvafiq qanunvericilik aktlarına dəyişikliklər etməklə onu reallaşdırmaq mümkündür.

Bu mexanizmin tətbiqinin əsas üstünlüyü ondadır ki, birləşmə zəruri infrastruktur tamlığı yaradır. Onun digər üstünlüyü bələdiyyələrin iqtisadi və maliyyə potensialının güclənməsində, insan resurslarından səmərəli istifadə etmək imkanlarının genişlənməsindədir.

Biz sənədi hökumətin müvafiq qurumlarına təqdim etmişik.

Tariyel, Sumqayıt: Bütün ölkələrdə bələdiyyələrə dövlət büdcəsindən böyük həcmdə transfertlər ayrılır. Azərbaycanda bu transfertlərin həcmi çox azdır. Sizcə, hökümət transfertləri artırmalıdır, yoxsa ləğv eləsə yaxşı olar?

Sizin təşkilatın Azərbaycanda bələdiyyələrin böyüdülməsi ilə bağlı hazırladığı sənəddə hökumətə bələdiyyələrin inzibati yolla birləşdirilməsi təklif olunur. Sizcə, bu demokratiyaya zidd deyil?

Cavab: Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin tənzimlənməsi üçün dövlət öz büdcəsindən hər il müəyyən həcmdən maliyyə yardımı ayırır. Onların əsas məqsədi bələdiyyələrin maliyyə potensialı ilə xərc ehtiyacı arasındakı fərqi aradan qaldırmaqdır. Bu yardımlar adətən məqsədli və məqsədsiz transfertlər, o cumlədən paylı vergi şəklində ola bilər. Xarici ölkələrdə bələdiyyə büdcəsinin 50 faizdən çoxu məhz bu tip transfertlər hesabına formalaşır. Hətta büdcədə transfertlərin payı 80 faiz olan büdcələrə də rast gəlmək olar.

Azərbaycanda bu tip transfertlərin yalnız birindən - məqsədsiz maliyyə yardımından istifadə edilir. Məsələn, 2009-cu ildə dövlət büdcəsindən bələdiyyələrə 3,5 milyon manat həcmində dotasiya ayrılacaq. Bu da onsuz da çox olmayan bələdiyyə büdcəsinin təxminən 7 faizi həcmindədir. Orta hesabla hər bələdiyyəyə 1270 manat yardım edir. Elə bələdiyyə var ki, Bu məbləğ onun büdcəsi qədərdir. Əslində isə normal büdcəyə malik bələdiyyənin heç 1 faizi eləmir.

Transfertlərin ləğvindən söhbət gedə bilməz. Əslində hökumət onun həcmini artırmalı, habelə transfertlərin digər növündən də istifadə etməlidir. Beynəlxalq praktika əsasında demək olar ki, bu gün bələdiyyə büdcələrinə ayrılan transfertlərin həcmi 10 dəfələrlə artırılmalıdır. Eyni zamanda dövlət büdcəsindən bələdiyyələrə transfertlərin verilməsinin dəqiq meyarları işlənilməlidir.

Yeri gəlmişkən, təşkilatımız hazırda məhz büdcələrarası münasibətlərə dair siyasət sənədinin üzərində işləyir. Sənəddə dövlət büdcəsindən bələdiyyələrə maliyyə yardımlarının ayrılması mexanizmləri əksini tapacaq. Sənədin yaxın vaxtlarla ictimai müzakirəsini təşkil edəcəyik.

Üçüncü suala görə təşəkkür edirəm. Çünki bu sualla çox qarşılaşırıq. İctimai müzakirələrdə insanların inzibati yolla birləşmənin demokratiyaya zidd olması barədə fikirlərinə rast gəlirik. Bu fikirlərlə razı deyiləm.

Əvvəla, hətta ən demokratik ölkələrdə belə dövri olaraq bələdiyyələri inzibati yolla birləşdiriblər. Yaponiya, Danimarka, Yunanıstan, Polşa, Türkiyə və başqa ölkələrdə əhali sayı və ərazi əsasında bələdiyyələrin birləşdirilməsinə gedilib. Çünki görüblər ki, kiçik bələdiyyələr qarşılarına qoyduqları öhdəlikləri həyata keçirə bilmirlər.

Birləşmə prosesi inkişaf etmiş ölkələrdə dövri olaraq təkrar edilib. Məsələn, Danimarkada 1970-ci ildə aparılan islahatlar nəticəsində bələdiyyələrin sayı 1900-dan 275-ə, 2007-ci ildə isə 98-ə endirib. İkincisi, hər bir dövlətin tənzimləmə funksiyası mövcuddur.

Dövlət ölkədə əməkhaqların aşağı həddini, inzibati ərazi vahidlərinin ölçüsünü tənzimlədiyi kimi, onun yerlərdə funksiyasını həyata keçirən orqanların da effektiv fəaliyyəti üçün tədbirlər görməlidir. Ən azı minimal hədd müəyyənləşdirməlidir. Bu gün Azərbaycanda nə əhalinin sayına, nə də bələdiyyələrin ərazi ölçüsünə görə aşağı hədd müəyyənləşib. Elə bunun nəticəsidir ki, 1999-cu ildə bələdiyyələrin sayı 2669 olduğu halda indi artaraq 2757-ə çatıb. Bu artımın gələcəkdə də davam etməyəcəyinə təminat yoxdur. Hətta əhalisinin sayı 33 nəfər olan bələdiyyə də rast gəlmək olur.

Üçüncüsü, təcrübə göstərir ki, könüllü birləşmə mexanizmi özünü doğrultmur. Çünki hələ indiyəcən bizdə bələdiyyələrin birləşməsi hallarına rast gəlinməyib. Bələdiyyələrdə təşəbbüskarlığın zəif olması və birləşmədən sonrakı mərhələdə idarəetmədə təmsilçilik üzrə maraqların toqquşması könüllü birləşməni mümkünsüz edir. Bu isə o deməkdir ki, gələcəkdə də könüllü birləşmə baş verməyəcək.

İsmayıl Həsənov, Gəncə: Bəzi ekspertlər mənzil istismar sahələrinin ləğv edilərək səlahiyyətlərinin bələdiyyələrə verilməsini təklif edir. Siz necə düşünürsünüz? Onlar bu işin öhdəsindən gələ bilər?

Bələdiyyələr pullarının olmamasından şikayətlənir. Olmaz ki, onlar banklardan kredit götürsünlər?

Cavab: Çox ciddi müzakirə mövzularından biridir. Ümumiyyətlə, indiki mənzil istismar sahələri sırf sovet idarəetməsinin məhsuludur. Indi də onları həmin dövrün düşüncəsi ilə idarə etməyə çalışırlar. Halbuki inkişaf etmiş ölkələrdə bina sakinləri, məhəllələr yerli özünüidarəetmənin ən aşağı pilləsi hesab olunur, bina və məhəllələr üzrə seçki yolu ilə mənzil mülkiyyətçiləri birlikləri - kondominiumlar yaradılır və belə ictimai birliklər binalarla bağlı təsərrüfat işləri, təmir, səliqə-səhman yaradılması, ətrafın yaşıllaşdırılması və başqa işlərlə məşğul olurlar.

Kondominium birgə sahibolma mənası verir - korporativ mülkiyyətin anoloqu olub torpaq sahəsi və onun üzərindəki binaya ortaq sahiblik formasıdır. Həmin strukturların yaradıldığı tədqirdə binadakı bütün mənzil sahibləri onların payçısı olur və yalnız mənzilini satdıqda avtomatik olaraq payçı hüququnu itirir.

Bu tip kollektiv mülkiyyətçilər birliyinin əhatə etdiyi binanın istənilən problemi ümumi yığıncağın qərarı əsasında həll edilir və bütün qərarlar sadə səs çoxluğu ilə qəbul olunur. Binanı kollektiv istehlak olunan xidmətlərlə təchiz etmək üçün kommunal xidmətlər göstərən müəssisələrlə kondominium adından müqavilələr bağlanır. Payçıların ödənişləri, qrantlar və ianələr hesabına birliyin büdcəsi formalaşdırılır və payçılar həmin büdcə üzərində sərbəst sərəncam vermək hüququna malik olur. Burada artıq xidmət haqlarına ödənişlərə görə kollektiv məsuliyyət formalaşır.

Kondominiumların real fəaliyyətə başlaması üçün səlahiyyətli dövlət orqanı binanın kollektiv mülkiyyətdə olmasını təsdiqləyən şəhadətnaməni birliyə təqdim edir. Ayrı-ayrı ölkələrdə bu strukturların fəaliyyətinə, məsələn, qərarların nə dərəcədə kollegial qəbul olunmasına, ictimai vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarəti təmin etmək üçün yerli özünüidarə qurumlarına onların hərtərəfli təftişilə bağlı geniş səlahiyyətlər verilir. Qanunvericiliyə və onların nizamnaməsinə zidd fəaliyyət olarsa, bələdiyyələr bu problemi məhkəmə vasitəsilə yoluna qoyur.

Biz də hesab edirik ki, ölkəmizdə mənzil-kommunal təsərrüfatı islahatları həyata keçirilməli və onların funksiyaları sakinlərin ictimai birliklərinə verilməlidir. Bu ictimai birliklərin fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsi və onların fəaliyyətinin ərazinin ümumi maraqları ilə uzlaşdırılması funksiyası isə heç də rayon icra hakimiyyətinə deyil, bələdiyyələrə həvalə edilməlidir.

Bələdiyyələr habelə dövlət büdcəsindən ayrılan transfertlərin mənzil mülkiyyətçilərinin birliklərinə çatdırılmasında vasitəçi rolunu oynaya bilər.

İkinci sualınıza gəlincə, bələdiyyələrin kredit resurslarına çıxışının olmaması hazırda Azərbaycanda yerli özünüidarə qurumlarını inkişafdan saxlayan ən ciddi problemlərdən biridir.

Hazırda bələdiyyələr banklardan krediti ümumi qaydada, yəni kommersiya qurumları kimi kommersiya prinsipləri əsasında götürə bilər. Halbuki bələdiyyələr kommersiya qurumları deyil. Bununla belə, bələdiyyələrin hətta kommersiya prinsipləri əsasında kredit əldə etməsi bir sıra çətinliklərlə bağlıdır.

Əvvəla, bələdiyyələrin böyük əksəriyyəti yüksək faizlə kredit götürmək üçün həm zəruri iqtisadi potensiala, həm də lazım olan girov əmlakına malik deyil. Digər tərəfdən, bələdiyyə krediti götürdükdə bir müddətdən sonra həm əsas məbləği, həm də faizi qaytarmalıdır ki, bu isə bələdiyyələrin böyük əksəriyyətinin imkanı xaricindədir. Nəhayət, bələdiyyələrin maddi-maliyyə durumu elə vəziyyətdədir ki, bankların özləri belə onlara kredit vermək kimi riskə getmək istəmirlər.

Bələdiyyələr krediti ictimai xidmətlərin yaradılması məqsədi üçün götürdüyünə görə dövlət bələdiyyələrin əlverişli şərtlərlə kreditləşməsi üçün mexanizmlər yarada bilər.

Birincisi, bələdiyyələrin maliyyə-kredit münasibətlərinin tənzimlənməsi üçün nizamnamə kapitalı dövlətin maliyyəsi əsasında formalaşdırılan bələdiyyə bankı yaradılır. Ölkədəki bütün bələdiyyələrin hamısının hesabı bu bankda yerləşir. Təsisat tam bələdiyyələrin idarəçiliyinə keçir. Bütün bələdiyyələr avtomatik olaraq bankın səhmdarları hesab olunur.

İkincisi, büdcə qanunvericiliyi bələdiyyələrin borclanmasının yuxarı həddini limitləşdirməlidir. Həmin hədd dövlətin maliyyə yardımları nəzərə alınmadan bələdiyyələrin büdcə gəlirlərinin 25 faiz qədər ola bilər. Kreditləşmənin məqsədlərindən asılı olaraq borc vəsaitləri qısa, orta və uzun müddətə verilməlidir.

Üçüncüsü, bələdiyyələrin götürdüyü kreditlərin yalnız invesitisiya layihələrinə yönəldilməsi nəzərdə tutulmalı, həmin borc vəsaitlərinin istifadə istiqamətləri qanunvericilikdə konkretləşdirilməlidir. Məsələn, su infrastrukturunun bərpası.

Azərbaycanla eyni start vəziyyətində olan bir çox keçid ölkələrində belə bələdiyyələrin kreditləşmə mexanizminin yaradılması sahəsində xeyli uğurlar əldə olunub. Qonşu Gürcüstanda Dünya Bankının yardımı əsasında Bələdiyyə İnkişaf Fondu yaradılıb. Fond yerli özünüidarə qurumlarına həm kredit, həm də qrant təqdim edir. Onun əsas xərc prioritetləri yerli səviyyəli investisiya layihələridir.

Xəyal Kazımzadə, tələbə: Sizcə, bələdiyyə sistemində çalışmağa maraq nə üçün azdır? Nəyə görə bələdiyyə deyəndə ağıla ən əvvəl «torpaq satan» gəlir?

Qanunla bələdiyyələrə xeyli səlahiyyət verilib. Hazırda bələdiyyələrə digər səlahiyyətlər verilməsinə ehtiyac varmı? Bunun üçün bələdiyyələrlə bağlı hansı qanunvericiliyə dəyişiklik etmək ehtiyacı var?

Cavab: Bələdiyyə sistemində çalışmağa marağın az olması bir sıra ciddi amillərlə bağlıdır. Əvvəla, bələdiyyələrin elə də geniş səlahiyyətləri yoxdur və səlahiyyətlərin müstəsnalığı təmin edilməyib. İkincisi, bələdiyyələr icra hakimiyyətlərindən son dərəcə asılıdır. Üçüncüsü, bələdiyyələrin iqtisadi potensialı zəifdir və onlar çalışanları normal əməkhaqqı ilə təmin edə bilmir. Bələdiyyə qulluğunun perspektivli olmamasını, bacarıqlı insanların bu işdə özlərini kifayət qədər ifadə edə bilməmələrini də üstünə gəlin. Yenə saymaq olar.

O ki qaldı sualın ikinci hissəsinə, bu bir tərəfdən bələdiyyələrin malik olduqları yeganə «real» səlahiyyətlə bağlıdırsa, digər tərəfdən, həm də daha çox dərəcədə bələdiyyə institutunun məqsədyönlü şəkildə gözdən salınmasına yönəldilmiş təbliğatın nəticəsidir. Bildiyimiz kimi, bələdiyyələrin əsasən malik olduğu onların mülkiyyətinə verilmiş torpaqlardır və bələdiyyələr həmin torpaqların bir hissəsini sata və ya icarəyə verə bilər. Təsadüfi deyil ki, 2008-ci ilədək ölkənin, demək olar, bütün bələdiyyələrinin büdcəsinin əsas gəliri məhz torpağın satışından və ya icarəyə verilməsindən daxilolmalar təşkil edirdi. Elə bələdiyyələr var ki, gəlirlərinin 90 faizi bu mənbədən formalaşır. İnsanlar da çox vaxt məhz torpaq əldə etmək üçün bələdiyyələrə müraciət edirdilər. Halbuki əksər hallarda bələdiyyələr bu işi də icra hakimiyyətinin razılığı və ya göstərişi ilə edirdilər.

2008-ci ildən bələdiyyələrin torpaqları birbaşa satmaları dayandırılıb. Bundan sonra torpaqların satılması üçün müsabiqələr keçirilməlidir.

Azərbaycanda dövlət idarəçiliyi kifayət qədər mərkəzləşib, ölkədə ən mühüm ictimai xidmətlərin göstərilməsi, yaxud həmin xidmətlərin reallaşdırılması üzrə fəaliyyətlərin tənzimlənməsinə və idarə olunmasına bilavasitə dövlət hakimiyyət orqanları məsuliyyət daşıyır.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 2003-cü ildə verdiyi «Azərbaycanda yerli və regional demokratiyaya dair» tövsiyəsində göstərilib ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətləri olduqca məhduddur və Yerli Özünüidarəetməyə Dair Avropa Xartiyasının tələblərinə uyğun olaraq ictimai işlərin əhəmiyyətli hissəsi bu səlahiyyətlərin çərçivəsinə daxil edilməyib. Bələdiyyələrin bütün səlahiyyətləri o şəkildə müəyyən edilib ki, onlar sadəcə yerlərdə dövlət idarəetmə orqanlarının səlahiyyətlərini tamamlayır, yaxud bu qurumların nəzarəti altında fəaliyyət göstərir.

Bu tövsiyələrin Azərbaycan hökumətinə ünvanlanmasından ötən 5 il ərzində bələdiyyələrin səlahiyyətlərinə yenidən baxılması istiqamətində qüvvədə olan qanunvericiliyə hər hansı ciddi dəyişiklik edilməyib. Yalnız 2005-ci ilin fevralında «Bələdiyyələrin statusu haqqında» qanuna dəyişiklik edilərək həmin qanunun 1-ci maddəsindəki «bələdiyyələr qeyri-dövlət» sistemidir anlayışı «bələdiyyələr yerlərdə dövlət işlərini həyata keçirən orqanlardır» anlayışı ilə əvəzlənib. Lakin Azərbaycanda yerli özünüidarə qurumlarının statusuna gətirilən bu dəqiqlik öz davamını sonradan onların səlahiyyət çərçivəsinin də müəyyənləşməsində tapmayıb.

Hazırda Azərbaycanda bələdiyyələrin mövcud səlahiyyətlərinin müstəsnalığını təmin etməklə yanaşı bu qurumların səlahiyyət sferasının genişləndirilməsinə də ehtiyac var. Son dövrlər «indiki şəraitdə bələdiyyələrə hansı səlahiyyətlər verilməlidir» sualı tet-tez səslənir. Burada əsas cavab arqumentlərindən biri budur ki, konkret bələdiyyə ərazilərilə məhdudlaşan, ümumdövlət, həmçinin rayon və ya region üçün ümumi miqyaslı olmayan problemləri bələdiyyələrə tapşırmaq lazımdır. Çünki bələdiyyə institutu məhz o səbəbdən yaradılıb ki, insanlar öz yaşadıqları ərazi üçün xarakterik olan, həmin ərazinin sərhədələrilə məhdudlaşan və onu inkişafdan saxlayan problemləri müstəqil şəkildə və operativ həll edə bilsinlər.

Sevda Səlimova, tibb bacısı: Bələdiyyələrin xəstəxanaları olmalıdırmı? Sizcə, belə xəstəxanalar açılarsa, sosial təminatı aşağı olan vətəndaşlara hansı yardımı göstərə bilər?

Cavab: Bələdiyyələrin yerli əhəmiyyətli səhiyyə müəssisələrinin idarə olunmasında iştirakı dünya ölkələrində geniş yayılıb və uğurlu hesab olunan təcrübələrdən biridir. Səhiyyə standartlarının işlənməsi, səhiyyə obyektlərinin yaradılması və bu sahədə kadrların hazırlanması birbaşa dövlətin funksiyasıdır. Sadəcə, beynəlxalq təcrübədə bələdiyyələr səhiyyə obyektlərinin təsərrüfat və maliyyə idarəçiliyinə cəlb olunur. Məsələn, dövlət büdcəsindən ayrılan transfertlər xəstəxanalara bələdiyyələr vasitsilə çatdırılır. Yaxud bu tip obyektlərin binalarının saxlanması və təmiri kimi məsələləri bələdiyyələr həyata keçirir.

Müsahibə 23 yanvar 2009-cu il tarixində "Mediaforum" saytında dərc olunub

Tarix: 03 Aprel 2009  |  Baxış sayı: 715




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV