Manat son 10 ayda dollara nisbətən 0,25% ucuzlaşıb
Bu müddətdə avro 7,2%, funt sterlinq isə 14,7% bahalaşıb
2009-cu ilin 10 ayın yekunlarına görə, Azərbaycan manatı dünyanın əsas valyutalarına nisbətən ucuzlaşıb. Daha çox ucuzlaşma həmişəki kimi Britaniya funt sterlinqinə nisbətən olub. Ancaq sentyabr ayı ilə müqayisədə manatın məzənnəsindəbəzi valyutalara, o cümlədən dollara nisbətən bahalaşma müşahidə edilib. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir.
2009-cu ilin 10 ayında ilin əvvəli ilə müqayisədə milli valyutamız son zamanlar dünyada sürətlə dəyərsizləşən ABŞ dollarına nisbətən 0,25% ucuzlaşıb. İlin əvvəlində 1 ABŞ dolları 0,8015 manat olduğu halda oktyabrın sonuna 0,8032 manata kimi yüksəlib.
Ancaq ötən ayla müqayisədə oktyabrda milli valyuta ABŞ dollarına nisbətən 0,04% möhkəmlənib.
Manat yanvar-oktyabr aylarında digər sərbəst dönərli valyutalara nisbətən də dəyərdən düşüb. Avropa Birliyinin milli valyutası olan avroya nisbətən manat 7,2% ucuzlaşıb. İlin əvvəlində 1 avronun məzənnəsi 1,1125 manatdan oktyabrın sonuna 1,1927 manata kimi yüksəlib.
Sentyabr ayı ilə müqayisədə oktyabrda manat Avropa valyutasına nisbətən 1,6% dəyərsizləşib.
Ən çox ucuzlaşma Britaniya funt sterlinqinə nisbətən olub. Belə ki yanvar-oktyabr aylarında manat bu valyutaya nisbətən 14,7% qiymətsizləşib. İlin əvvəlində 1 funtun məzənnəsi 1,1597 manatdan oktyabrın sonuna 1,3297 manata kimi yüksəlib.
Sentyabr ayı ilə müqayisədə oktyabrda manat funt sterlinqə nisbətən 3,2% qiymətdən düşüb.
Hesabat dövründə Yapon iyenasına nisbətən ucuzlaşma 1,1% olub. İlin əvvəlində 100 iyenanın məzənnəsi 0,8713 manatdan oktyabrın sonuna 0,8811 manata kimi yüksəlib. Manat sentyabr ayı ilə müqayisədə isə 1,5% möhkəmlənib.
Oktyabrda manatın rus rubluna nəzərən məzənnəsi ilin əvvəlindəki səviyyəyə düşüb. Əgər əvvəlki aylarda manatın bu valyutaya nisbətən möhkəmlənməsi müşahidə edilirdisə, oktyabr ayında əksinə olub. Sentyabr ayı ilə müqayisədə manat 3% dəyərsizləşib.
Mərkəzi Bankın noyabrın 2-i tarixinə müəyyən etdiyi məzənnəyə görə, hazırda 1 ABŞ dolları 0,8033 AZN, 1 avro 1,1857 AZN, 1 funt sterlinq 1,3220 AZN, 100 Yapon iyenası 0,8919 AZN, 1 rus rublu isə 0,0276 AZN-dir.