Avropa Birliyi və Britaniya uçot dərəcələrini qaldırmadı
BVF-nin tövsiyələrinə uyğun olaraq ABŞ-ın ardınca Avropa Birliyi və Britaniya uçot dərəcəsini qaldırmamaq qərarına gəlib. “İqtisadi forum” jurnalı bu barədə Avropa Mərkəzi Bankı və İngiltərə Bankına istinadən məlumat verir.
Avropa Mərkəzi Bankı (AMB) uşot dərəcəsini 1%, İngiltərə Bankı isə 0,5% həddində saxlayıb.
Əslində hər iki bankın bu addımı gözlənilən idi. Çünki ekspertlərin fikrincə, dünya iqtisadiyyatı hələki kövrəkdir və kreir dərəcələrinin artımı böhranı dərinləşdirə bilər.
Məlumat üçün bildirək ki, AMB sonuncu dəfə 2009-cu ilin may ayında uçot dərəcəsini 1,25%-dən 1%-ə, Britaniya bankı isə mart ayında 1%-dən 0,5%-ə endirmişdi.
İngiltərə Bankı aktivlərin alınması proqramını 25 milyard funt (27,9 milyard avro) artıraraq 200 milyard funta (222,8 milyard avro) çatdırıb. Proqram mart ayından işə salındı. Həmin dövrdə proqramın ilkin büdcəsi 75 milyard funt sterling (83,6 milyard avro) məbləğində idi.
Xatırladaq ki, iki ay öncə BVF mərkəzi banklara müraciət edərək uçot dərəcələrini aşağı səviyyədə saxlamağı tövsiyə etmişdi. Ancaq Norveç və Avstraliya ölkədəki iqtisadi aktivliyi əsas gətirərək dərəcələri artırıblar. Rusiyanın Mərkəzi Bankı isə oktyabrda uçot dərəcəsini 0,5% azaltmaq və 9,5%-ə endirmək barədə qərar qəbul edib.
|