Yeni hərrac və müsabiqə qaydalarında xeyli boşluqlar var
"İqtisadi forum" jurnalının verdiyi məlumata görə, bu gün Azərbaycan Media Mərkəzində İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) təşkilatçılığı ilə «Bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satılması və ya icarəyə verilməsi: gözləntilər və mümkün problemlər» mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, bələdiyyə üzvləri, müstəqil ekspertlər və QHT təmsilçiləri iştirak edirdi. Birliyin sədr müavini Rövşən Ağayev giriş sözündə tədbirin məqsədi barədə məlumat verdi. O, bildirdi ki, bu gün cəmiyyətdə hərracların keçirilmə qaydaları ilə bağlı narahatçılıqlar var və bu narahatçılıqların bir çoxu bələdiyyələrin yeni qaydalar barədə az məlumatlı olmalarından qaynaqlanır: "Bu baxımdan yeni qaydalar barədə cəmiyyəti daha ətraflı məlumatlandırmaq, bələdiyyələrin gözləntilərini qərar qəbul edən şəxslərə çatdırmaq və qarşıya çıxa biləcək mümkün problemləri müzakirə etmək üçün tədbirə dövlət orqanının səlahiyyətli nümayəndəsini dəvət etmişik»
Daha sonra İTY İB-in eksperti Samir Əliyev bələdiyyələr arasında keçirilmiş sorğunun nəticələrini dəyirmi masa iştirakçılarına təqdim etdi. O, bildirdi ki, sorğu Azərbaycanın müxtəlif bölgələrini əhatə edən kənd, qəsəbə, rayon və şəhər bələdiyyələri arasında keçirilib. Sorğuya 30-a qədər bələdiyyə sədri, sədr müavini və bələdiyyə üzvü cəlb edilib. Sorğunun aparılmasında məqsəd bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satılması və icarəyə verilməsi qaydaları barədə bələdiyyə üzvlərinin məlumatlılığını, yeni qaydadan bələdiyyələrin gözləntilərini və bu qaydaların təkmilləşdirilməsi ilə bağlı təklliflərini öyrənmək olub. S.Əliyev bildirdi ki, sorğunun təhlili zamaı aşağıdakı nəticələr əldə edilib:
Hərracların keçirilməsi qaydaları ilə bağlı bələdiyyələr zəruri məlumatlara malikdir. Bu işdə həm DTXK və dövri mətbuat əhəmiyyətli iş görüb.
Bələdiyyələrin əksəriyyəti torpaq hərraclarının rayon mərkəzlərində yox, torpağın yerləşdiyi kəndin ərazisində təşkil edilməsinə üstünlük verirlər;
Komissiyaların tərkibi ilə bağlı bələdiyyələrdə narahatçılıq və narazılıq var: təkliflər əsasən Komissiyaya sədrlik məsələsinin hər bir ərazi üzrə bələdiyyə orqanının nümayəndəsinə və ya sədrinə həvalə edilməsi, komissiyaların tərkibinə yerli sakinlərin, bələdiyyə üzvlərinin və ictimaiyyət nümayəndələrinin daxil edilməsi, dövlət orqanları nümayəndələrinin isə sayının azaldılması təşəbbüsü ilə bağlıdır;
Satışa çıxarılacaq torpaqdan əldə edilən vəsaitin bir hissəsinin Komissiyaya ödənilməsi narahatlıq doğurur
Sorğu təqdimatından sonra yeni qaydalarla və aprelin 6-da keçirilmiş ilk hərracla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Torpaq bazarının təşkili sektorunun müdiri Lətif Qasımov danışdı. Bildirdi ki, DTXK-nın mərkəzi aparatında hərrac və müsabiqələrin təşkilini həyata keçirən daimi komissiya yaradıb: «Bu komissiya prosedurun gedişini tənzimləyən sənədlərin, hüquqi-normativ aktların nümunələrini hazırlayır, eləcə də bu işlərin təbliği və təşkili ilə məşğul olur». Rayonlarda isə hər biri üzrə hərrac və müsabiqə komissiyaları yaradılıb. Bu komissiyaların tərkibi icra hakimiyyəti nümayəndəsi, rayon (və ya şəhər) torpaq şöbəsinin sədri (komissiya sədri), ictimaiyyət nümayəndəsi və bələdiyyə təmsilçisindən ibarət olur. Qeyd edək ki, komissiyanın tərkibindəki ictimaiyyət nümayəndəsi icra hakimiyyəti tərəfindən müəyyənləşir ki, bu da tədbirdə iştirak edən mütəxəssislər tərəfindən tənqidlə qarşılandı. Rayon və şəhər torpaq şöbəsindən bir nəfər də əməkdaş komissiyanın tərkibinə karküzarlıq işlərilə əlaqədar cəlb edilir. L.Qasımovun sözlərinə görə, bələdiyyə satışa çıxardığı torpağın mülkiyyət hüququnun qeydə alınması proseduruna başlaması ilə bağlı qərar qəbul edir. Bunun üçün DTXK-nın rayon və şəhər şöbəsinə müraciət olunur. Öz nöbvəsində ikinci də bütün lazım olan məlumatları qeyd edir və torpaq sahəsinin satışa çıxarılmasının qanunamüvafiq olub-olmaması ilə bağlı rəyilə birlikdə bələdiyyəyə qaytarır. Bələdiyyə torpaq sahəsini satışa çıxarmamışdan əvvəl onun üzərində mülkiyyət hüququnu tətbiq etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış əldə edir: «Bundan sonra bələdiyyə istəsə həmin torpaq sahəsinin satışa çıxarılması ilə bağlı qərar qəbul edə və ya etməyə bilər». Çıxışçının sözlərinə görə, istər dövlət, istər bələdiyyə mülkiyyətində olan torpaqların qiymətini müəyyən etmək icra hakimiyyətləri və bələdiyyələrin ixtiyarındadır: «Qanunvericilikdə göstərilir ki, torpaqlar hərrac və müsabiqəyə normativ qiymətlərdən aşağı çıxarıla bilməz. Bu da birbaşa bələdiyyələrin, ümumiyyətlə satıcının xeyrinə olan məsələdir».
Hərrac və müsabiqədən gələn gəlirin 5 faizə qədəri komissiyalara verilir. Tədbir iştirakçıları bu vəsaitin hərrac və müsabiqələrdən sonra yox, prosesdən əvvəl, beh şəklində alınmasının daha məqsədəuyğun olduğunu qeyd etdilər. Tədbir iştirakçılarının narahatlığına səbəb olan daha bir məsələ hərraclar zamanı torpağın ilkin qiymətinin birinci hərracın son qiyməti olması oldu. Bunun gələcəkdə ciddi problemlər yaradacağı qeyd edildi.
Qeyd edək ki, L.Qasımov keçiriləcək növbəti müsabiqənin vaxtını və yerini də diqqətə çatdırdı. Mayın 8-də baş tutacaq müsabiqə Hacıqabulda 2, Bərdədə 2 və Abşeronda 4 torpaq sahəsi üzrə olacaq. Onu da qeyd etmək yerinə düşər ki, fərdi ev tikintisi üçün olan torpaqlar müsabiqə yolu ilə satılmalıdır. Lakin müəyyən olunmuş qaydalar hansı torpaqların müsabiqəyə, yaxud hərraca çıxarıla bilməyəcəyini açıqlamır.
Hərrac və müsabiqə qaydaları ilə bağlı tədbir iştirakçılarını məlumatlandıran L.Qasımov sonradan sualları cavablandırdı. İlk öncə Badamdar bələdiyyəsi sədrinin müavini Ramiq Mustafa çıxışçıya sual ünvanladı. O, Bakı şəhəri üzrə bələdiyyə mülkiyyətində olmalı olan torpaqların hələ təyin olunmamasından narahatlığını dilə gətirdi və bunun fəsadlar yaratdığını diqqətə çatdırdı: «Yaxşı olar ki, bu problem həll edilsin, xəritələr və dövlət aktı bələdiyyələrə təqdim olunsun ki, gələcəkdə bələdiyyə torpaqla bağlı əməliyyat etmək istədikdə müxtəlif qurumlara müraciət etməli olmasın. Bəzən bizə səbəb gətirirlər ki, Bakı sənaye şəhəridir, bölgü aparmaq çətindir. Bu cür sürətli inkişaf şəraitində beləmi çətindir bu bölgünü aparmaq?» Öz növbəsində L.Qasımov bunun hərraca qədərki problem olduğunu qeyd etdi. Eyni zamanda bildirdi ki, bu məsələlər yaxın zamanlarda həll olunması vacib olan problemlərdir.
Hərracdan sonrakı proseslərə gəlincə, L.Qasımovun sözlərinə görə, hərrac başa çatan kimi qaliblə komissiya üzvləri arasında yekuna dair protokol tərtib edilir, üstünlük qazanan şəxsə qalib şəhadətnaməsi verilir, bundan sonrakı 20 gün müddətində isə satıcı və alıcı arasında müqavilə bağlanır. Hərrac və müsabiqəyə çıxarılan torpaqların istifadə təyinatına görə heç bir güzəşt yoxdur. Alıcılar arasında güzəştli kateqoriyalar var. Bunlar torpaqlarımızın bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslər, şəhid ailələri, 20 ildən artıq hərbi qulluqda olmuş şəxslər və s.-dir.