Mərkəzi Bankın valyuta ehtiyatı il ərzində $1 milyard azalıb
2009-cu ilin oktyabr ayında Mərkəzi Bankın valyuta ehtiyatının həcmi ötən ayla müqayisədə 0,2 % azalaraq 5092,9 milyon dollara düşüb. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən məlumat verir.
Məlumata görə, 30 oktyabr 2009-cu il tarixinə Bankın valyuta ehtiyatı 5092,9 milyon ABŞ dolları təşkil edib. Bu, əvvəlki aya nisbətən 10,8 milyon dollar və ya 0,2% azdır. Ötən ilin müvafiq dövrü ilə ($5316 milyon) müqayisədə ehtiyat 223 milyon dollar və ya 4,2% azalıb.
Mərkəzi Bankın valyuta ehtiyatı son 10 ayda 17% azalıb. Belə ki, 31 dekabr 2008-ci ildə vayuta ehtiyatı 6137 milyon dollar təşkil edib ki, bu da indiki göstəricidən 1044,1 milyon dollar və ya 17% çoxdur.
Xatırladaq ki, Mərkəzi Bankın valyuta ehtiyatı 2008-ci ilin dekabrın 31-də ən yüksək həddə - 6137 milyon dollar təşkil edib. Qlobal iqtisadi böhran nəticəsində əksər ölkələrin milli valyutasını devalvasiya etməsinə baxmayaraq Mərkəzi Bank manatı sabit saxlamağı üstün tutdu. Məhz bu səbəbdən Bankın valyuta ehtiyatı kəskin şəkildə azalmağa başladı. Cari ilin aprel ayında, yəni 4 ay ərzində valyuta ehtiyatı $4906,3 milyona qədər azaldı.