Dolların ehtiyat valyuta kimi rolu dəyişməz olaraq qalır, ancaq ABŞ bunu olduğu kimi qəbul etməməlidir. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dünya Bankının rəhbəri Robert Zellik Sinqapurda keçirilən konfransda açıqlama var.
Onun sözlərinə görə, yaxın illərdə dünyanın mərkəzi bankları çox olmayan valyuta seçiminə malik olacaqlar, ancaq Çinin milli valyutası olan yuan növbəti onillikdə dolların alternativi ola bilər.
Zellik hesab edir ki, Çin yuanı dönərli valyutaya keçirmək istiqamətində çox ehtiyatlı hərəkət edir. Ancaq kapital bazarının inkişafı da daxil olmaqla ölkənin sürətli iqtisadi transformasiyası yuanın dünyada statusunun möhkəmlənməsinə kömək edə bilər. “Növbəti 10-15 ildə biz yuanın beynəlxalq valyuta olacağını və dollarla rəqabət apara biləcəyinin şahidi olacağıq”, - deyə Dünya Bankının rəhbəri bildirib.
Bununla yanaşı, Zellik xəbərdarlıq edir ki, ABŞ dolların dünya iqtisadiyyatında hakim rolunu öz-özlüyündə fakt kimi qəbul etməməlidir. “Bu ölkə üçün siyasətinin hazırlanması zamanı ağıllı yanaşma lazımdır. Xüsusilə də, ABŞ rekord həddə olan büdcə kəsirini azaltmalıdır.” – Zellik bildirib.
“Fikrimcə, dolların ehtiyat valyuta qismində rolu üçün bir neçə müddət kifayət qədər etibarlı zəmanət mövcuddur. Ancaq kiminsə düzgün olmayan büdcə və pul-kredit siyasəti aparması onu təhlükəli vəziyyətə sala bilər. Biz gərək büdcə kəsiri məsələsini və digər problemləri həll edək.” – Dünya Bankının rəhbəri vurğulayıb. |