OPEK neftin bir barelinin qiymətinin 75-80 dollar diapazonunda olması həm bizim, həm də dünya iqtisadiyyatının bərpası üçün qəbul ediləndir. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, kartelin prezidenti Xose Maria Botelo de Vaskonselos Abu-Dabidə keçirilən konfransda belə açıqlama verib.
Eyni zamanda o etiraf edib ki, hazırkı qiyməti “çox da yüksək deyil”. OPEK prezidenti əlavə edib ki, kəşfiyyata və hasilata kifayət qədər investisiyanın yönəldilməsi gələcəkdə qiymətlərin həssas rəqsindən qaçmağa kömək edəcək.
Prezidentin sözlərinə görə, 2030-cu ilə kimi qlobal neft istehsalının sutkalıq həcmi 20 milyon artaraq 106 milyon barelə çata bilər. Ancaq OPEK hələki hasilatın həcmini artırmaq niyyətində deyil.
Məlumat üçün bildirək ki, OPEK-in növbəti yığıncağı dekabrın 22-də keçiriləcək. İl ərzində keçirilmiş 3 görüşün heç birində kvota dəyişilməyib. Onun fikrincə, dünya neft bazarı hazırda doyub, OPEK üzvləri isə hazırki hasilat kvotasını cəmisi 65% yerinə yetirir. Ona görə kvotanı artırmağa ehtiyac yoxdur.