Yerli özünüidarənin mövcud vəziyyəti və inkişaf istiqamətləri
QHT Alyansı bu mövzuda konfrans keçirib
"İqtisadi forum" jurnalının məlumatına görə, aprelin 24-də “Bələdiyyələrin inkişafına dəstək” QHT Alyansı “Yerli özünüidarənin mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda konfrans keçirib. Konfransda müvafiq dövlət orqanlarının, bələdiyyələrin milli assosiasiyalarının, beynəlxalq təşkilatların, bələdiyyələrin, yerli QHT-lərin təmsilçiləri və müstəqil ekspertlər iştirak ediblər.
Konfransı giriş sözü ilə açan “Vətəndaş cəmiyyəti uğrunda” Mərkəzin direktoru Eldar Ismayılov konfransın məqsədlərindən danışdı. O bildirdi ki, konfrans Böyük Britaniyanın Oxfam təşkilatının dəstəklədiyi layihə çərçivəsində “Aran” Regional Humanitar Təşkilatı ilə birgə təşkil olunub. “Konfransın keçirilməsində başlıca məqsəd yerli özünüidarə sisteminin 10 illik fəaliyyəti və gələcək inkişaf istiqamətləri ilə bağlı səmərəli fikir mübadiləsi aparmaqdır. Bizim Alyans yerli özünüidarənin mövcud vəziyyəti ilə bağlı rəy tərtib edib. Rəydə Alyansın yerli özünüidarənin inkişafına yönəlik təklifləri də öz əksini tapıb. Bugünkü təqdimatlar da əsasən həmin rəy çərçivəsində hazırlanıb” deyən E.İsmayılov sözü Alyansın koordinatoru Abil Bayramova verdi.
Abil Bayramov “Bələdiyyələrin inkişafına dəstək” QHT Alyansının həyata keçirdiyi tədbirlər və gələcək fəaliyyət istiqamətləri haqqında danışdı: “Alyans 2008-2012-ci illər üçün öz fəaliyyətinin strateji istiqamətlərini müəyyənləşdirib. Üç əsas istiqamət müəyyən olunub: bələdiyyələrin fəaliyyətinin hüquqi bazasının inkişafı, bələdiyyələrin maliyyə-iqtisadi potensialının gücləndirilməsi və bələdiyyə idarəetməsinin təkmilləşdirilməsi. Hər üç istiqamət üzrə konkret vəzifələr müəyyənləşdirilib. Biz indiyə qədər fəaliyyət istiqamətlərimizə uyğun olaraq bir sıra tədbirlər həyata keçirmişik və hazırda bələdiyyə idarəetməsinin təkmilləşdirilməsi istiqamətində bir neçə siyasət sənədi hazırlayırıq”.
Sonra “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov “Yerli idarəetmənin sistemi və bələdiyyələrin statusu” mövzusunda çıxış etdi. O, bələdiyyələrin statusunun hələ də qeyri-müəyyən olduğunu bildirdi. “Yerli idarəetmədə paralellik mövcuddur. Yerli idarəetmə həm dövlət orqanları kimi yerli icra hakimiyyətləri, həm də qeyri-dövlət orqanları kimi bələdiyyələr tərəfindən həyata keçirilir. Bu qurumlar arasında səlahiyyətlərin dəqiq bölgüsü aparılmayıb. Bu isə səlahiyyətlərin toqquşmasına və yerli icra hakimiyyətləri tərəfindən bələdiyyələrin fəaliyyətinə əsassız müdaxilələrə səbəb olur. Dövlət yerli idarəetmədə real səlahiyyətləri və əhəmiyyətli dəstəyi yerli icra hakimiyyətlərinə verir” deyən M. Hüseynov Alyansın təkliflərini səsləndirdi.
“Bələdiyyələrin maliyyə resursları” mövzusunda “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin sədr müavini Rövşən Ağayev çıxış etdi. O, bələdiyyələrin maliyyə resurslarının olduqca məhdud olduğunu və keyfiyyətli fəaliyyət üçün yetərsiz olduğunu bildirdi: “Bələdiyyələrin maliyyə potensialı zəifdir. Bələdiyyələr dayanıqlı maliyyə mənbələrinə malik deyillər. 2008-ci ildə bütün ölkə üzrə bələdiyyələrin illik gəlirlərinin adambaşına düşən həcmi 4, 19 manat olub. Bələdiyyələr onlar üçün nəzərdə tutulmuş gəlir mənbələrindən tam istifadə edə bilmirlər. Çünki həmin mənbələrin bir çoxu bələdiyyələrin böyük əksəriyyətində yoxdur və vergitutma mexanizmləri təkmil deyil. Bələdiyyələrə dövlət tərəfindən verilən transfertlərin həcmi cüzidir (2009-cu ilin dövlət büdcəsində bütün ölkə üzrə bələdiyyələrə cəmi 3,5 manat dotasiya ayrılması nəzərdə tutulub, 2008-ci ildə də eyni həcmdə dotasiya ayrılıb). İndiyə qədər bələdiyyələrə məqsədli transfertlər (subsidiya və subvensiyalar) verilməyib”.
Konfransda növbəti təqdimat “Bələdiyyələrin ölçüləri: 9 illik təcrübədən doğan nəticələr” mövzusunda oldu. Mövzu üzrə çıxış edən “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin eksperti Samir Əliyev bələdiyyələrin sayının optimallaşdırılması zərurətindən danışdı: “Bələdiyyələr həddindən artıq kiçikölçülüdürlər. Azərbaycanda əhalinin hər yüz min nəfərinə 34 bələdiyyə düşür. Bələdiyyələrin kiçikölçülü olması resursları parçalayır, inzibati xərcləri artırır və səlahiyyətlərin həyata keçirilməsini çətinləşdirir”.
Konfransda iştirak edən Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü Tahir Rzayev Yerli özünüidarənin təkmilləşdirilməsinə yönəlik gözlənilən qanunvericilik islahatlarıhaqqında məlumat verdi.
Tədbirdə “Aran” Regional Humanitar Təşkilatının rəhbəri Rauf Əliyev təmsil etdiyi təşkilatın timsalında QHT-bələdiyyə əməkdaşlığının əhəmiyyətindən və əməkdaşlığın perspektivlərindən danışdı.
Konfransda iştirak edən bələdiyyələrin milli assosiasiyalarının, bələdiyyələrin, dövlət orqanlarının təmsilçiləri təmsil etdikləri qurumların yerli özünüidarə islahatlarına və bu sahədə Alyansla əməkdaşlıq imkanlarına münasibətini bildirdilər.