“Qlobal ehtiyat valyutasının sabitliyinin zəruriliyi ondan ibarətdir ki, dünya bir daha “qızıl standart” dövrü bitəndən sonra olduğu kimi bir ölkədə çap edilən valyutaya arxayın olmayacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BVF rəhbəri açıqlama verib.
Fondun direktoru Dominik Stross-Kan bildirib ki, yeni qlobal valyuta BVF-nin buraxdığı SDR (xüsusi borclanma hüququ) əsasında inkişaf edə bilər.
“Bu, böyük ehtimalla “valyuta səbəti”ndən ibarət olmalıdır. Qlobal dünyada daxili qərarlara yer yoxdur”, - deyə Stross-Kan ABŞ dollarının ehtiyat valyutası qismində əvəz olunması mümkünlüyünə işarə vurub. Fondun rəhbəri narahatçılığını dilə gətirərək bildirib ki, əgər bir il ərzində iqtisadi böhran səngisə, onunla bərabər beynəlxalq valyuta sisteminin dəyişilməsinə siyasi stimul da itəcək.
BVN-nin sabiq rəhbəri Mişel Kamdesyu da xələfinin fikirlərini dəstəkləyib. “Bu, əlverişli məqamdır. Belə imkanlar üçün açıq pəncərədir. Ancaq o heç də həmişə açıq qalmayacaq” – deyə Reuters agentliyi Kamdesyunun açıqlamasını yayıb.
BVF-nin sabiq rəhbəri həmçinin, Çinin Mərkəzi Bankının ABŞ dollarını dünya ehtiyat valyutası qismində əvəz edəcək SDR səbətinin genişləndirilməsi təklifini də dəstəkləyib. Onun fikrincə, inkişaf etməkdə olan iri ölkələrin maraqlarının təmin olunmaq şərti ilə SDR səbəti modifikasiya olunmalıdır. Bunun üçün “səbət”ə Çin yuanını və ola bilsin ki, Hindistan rupisini və Braziliya realını daxil etmək olar.