Ford-un modelləri üstünlük təşkil edir
27 avtomobil modeli kraş-testlərdə (crash-test) Yol Hərəkəti Təhlükəsizliyi üzrə Amerika Sığorta İnstitutu tərəfindən ən yüksək təhlükəsizlik reytinqi alıblar. Onlar arasında Ford markalı avtomobillər daha çoxdur. “İqtisadi forum” jurnalı bu barədə Bloomberg agentliyinə istinadən məlumat verir.
Yaponiyanın Fuji Heavy Industries şirkətini avtobrendi olan Subarunun təqdim etdiyi 5 modelin hamısı testin qalibiolub.
Sınaqda 2010-cu ilin modelləri iştirak edib. Qaliblər siyahısına aşağıdakı modellər daxildir:
Ford (o cümlədən Volvo brendi) — Taurus, Lincoln MKS, Volvo S80, C30, XC60, XC90; Subaru — Forester, Legacy, Outback, Tribeca və Imprezanın bəzi modelləri; Chrysler — Dodge Journey, Sebring, Dodge Avenger, Jeep Patriot; General Motors — Buick LaCrosse, Chevrolet Malibu;
Daimler — Mercedes C;
Honda — Element, Civic;
Kia — Soul;
Nissan Motor — Cube; Volkswagen — Tiguan, Audi A3 Golf, Jetta, Passat.
Bu avtomobillər sınaq zamanı öndən, arxadan və yan tərəflərdən toqquşmalar zamanı ən yaxşı nəticə göstəriblər. O cümlədən maşının aşması zamanı sürücünün müdafiəsi üçün yaxşı nəticə göstəriblər. Bununla da tədqiqatçılar tərəfindən aparılan testlər 4 ən çox yayılmış yol-nəqliyyat hadisəsini əhatə edib.
2009-cu ilin modelləri olan avtomobillər arasında analoji test aparılanda 94 avtomobil yaxşı nəticə göstərmişdir. Avtomobillərin sayının bu qədər azalması testə maşının üstünün möhkəmliyi kimi göstəricinin salınmasından sonra baş verib. Bu göstərici maşının aşması zamanı aparılan testin nəticəsinə təsir göstərir.
İnstitutun standartlarına cavab verən üst hissə nəqliyyat vasitəsinin aşması zamanı ciddi və ölümcül yaraların alınması tezliyini federal təhlükəsizlik standartlarının minimal tələblərinə cavab verən üstlüklə müqayisədə təxminən 50% azaltmağa imkan verir.
Qeyd etmək lazımdır ki, Toyota korporasiyası bu testlərdə iştirak etməyib. Halbuki ötən il kraş-testə şirkətin 11 modeli təqdim olunmuşdu.
Sığorta İnstitutunun prezidenti Adrian Landın sözlərinə görə, testdə “minimal federal təhlükəsizlik standartları çərçivəsindən kənara çıxan konstruksiyaya” malik maşınlar yaxşı nəticə göstərib. O, eyni zamanda qeyd edib ki, avtomobilin üst hissəsinin möhkəmliyinin artırılması prioritet vəzifədir. “Buna görə də hesab edirik ki, istehsalçılar avtomobillərin damının möhkəmlənməsi üçün təcili tədbirlər görəcəklər”, -deyə əlavə edib.