9 ayda hər bələdiyyənin büdcəsi orta hesabla 5625 manat olub
Bu ilin 9 ayında bələdiyyə orqanlarının büdcə gəlirləri 15,5 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azdır. "İqtisadi forum" jurnalının Dövlət Statistika Komitəsinin statistik bülleteninə istinadən verdiyi məlumata görə, bununla da orta hesabla bir bələdiyyənin büdcə gəlirləri 5625 manat olub.
2009-cu ilin yanvar-sentyabr aylarında bələdiyyə orqanlarının büdcə gəlirləri 48,3 milyon manatlıq proqnoza qarşı 15,5 milyon manat təşkil edib. Bu müddətdə büdcə gəlirlərinin icrası 32% olub.
Bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə gəlirləri 52,4% azalıb. 2008-ci ilin 9 ayında yerli özünüidarə orqanlarının büdcə gəlirləri 32,6 milyon manat təşkil edib ki, bu da indiki göstəricidən 17 milyon manat çoxdur.
Büdcə gəlirlərinin 43,6%-i vergi, 53,0%-i qeyri-vergi, 2,5%-i isə digər gəlirlər hesabına formalaşıb.
9 ayda büdcənin əsas “donoru” fiziki şəxslərdən torpaq vergisi olub. Gəlirlərin 28,7%-ni təşkil edən vergi 9 milyonluq proqnoza qarşı 4,5 milyon manat icra olunub. Bu verginin yığım səviyyəsi 49,4% olub.
Fiziki şəxslərdən əmlak vergisinin icra vəziyyəti 48,3% olub. Əmlak vergisi 2,6 milyona qarşı 1,3 milyon manat icra olunub. Onun gəlirdə payı 8,1%-dir.
Büdcə gəlirlərində xüsusi çəkisi 3,7% olan digər vergi növü – yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 0,8 milyona qarşı 0,6 milyon manat icra olunub.
Bələdiyyə orqanlarının son illər əsas gəlir mənbəyi olan torpaq satışından daxilolmalar 9 ayda 19% icra olunub. Bu müddətdə torpaq satışından 3,7 milyon manat gəlir əldə edilib. Halbuki büdcədə 19,2 milyon manat proqnozlaşdırılmışdı.
Fiziki şəxslərin maliyyə yardımları gözlənildiyindən çox olub. İlin əvvəlində 59 min manat proqnozlaşdırılsa da, 9 ayda bələdiyyə qurumlarına 2 milyon manat həcmində yardım edilib. Elə bu səbəbdən də büdcə gəlirlərinin 13,4%-i onun payına düşüb.