Samir Əliyev: “Görünür, hökumət həmin vəsaiti də bələdiyyələrə çox görür”
“Əvvəllər olduğu kimi bu il də dövlət büdcəsindən yerli özünüidarəetmə qurumlarına ayrılan dotasiyanın həcmi çox azdır. İl tamamlanmaq üzrədir, ancaq bu vəsaitlər hələ də bələdiyyələrə verilməyib”. Bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “İqtisadi forum” jurnalına 2009-cu ildə yerli büdcələrin 9 aylıq icra vəziyyətini şərh edərkən bildirib.
Onun sözlərinə görə, 2009-cu ildə dövlət büdcəsindən bələdiyyələrə 3,5 milyon manat həcmində dotasiya ayrılması nəzərdə tutulsa da 9 ayda icra olunmayıb. “Görünür, hökumət həmin vəsaiti də bələdiyyələrə çox görür və pulu ayırmaq istəmir. Əks halda vəsaitin verilməsi bu qədər ləngidilməzdi”, -deyə ekspert bildirib.
Ekspert qeyd edib ki, cari ilin 9 ayında bələdiyyələrin büdcə gəlirləri 32% icra olunub. Proqnozda 48,3 milyon manat nəzərdə tutulsa da , büdcə gəlirləri 15,5 milyon manat təşkil edib. İcranın bu həddə aşağı səviyyədə olmasında dotasiyanın ayrılmaması da rol oynayıb. “Qanunvericiliyə müvafiq dəyişiklik edilərək dotasiyaların verilməsi müddəti reqlamentləşdirilməlidir. Əks halda büdcə öhdəliklərinin yerinə yetirilməsində problemlər yaranacaq” – ekspert əlavə edib.
S.Əliyevin fikrincə, hökumət dotasiyaların nəzərdə tutulan həcmini 17% azaldıb. “Büdcə zərfində bələdiyyələrə ayrılması nəzərdə tutulan dotasiyaların gözlənilən icrası 600 min azaldılaraq 2,9 milyon manat göstərilib. Bu isə o deməkdir ki, bələdiyyələrin bəxti gətirsə, ən yaxşı halda azaldılmış vəsait alacaqlar.”
Ekspert hesab edir ki, hökumət yerli özünüidarəetmə orqanlarına ayrılan maliyyə yardımlarını artırmalıdır: “İnkişaf etmiş ölkələrin əksəriyyətində bələdiyyə büdcəsinin 50%-dən çoxu dövlətin transfertləri hesabına formalaşır. Azərbaycanda isə bu göstərici 7-8%-dir.”
Onun sözlərinə görə, dövlət yerli özünüidarəetmə qurumlarına məqsədli maliyyə yardımları da ayırmalıdır. Bunun üçün isə məqsədli maliyyə yardımının verilmə mexanizmləri işlənməlidir.
Xatırladaq ki, 2008-ci ilin 9 ayında dövlət büdcəsindən yerli büdcələrə 3,2 milyon manat ayrılmışdı.