“Bələdiyyələrin inkişafı naminə” QHT Alyansı yaradıldı
"İqtisadi forum" jurnalının məlumatına görə, bələdiyyə sahəsində çalışan bir qrup yerli özünüidarənin inkişafı istiqamətində birgə səylərini davam etdirmək məqsədilə “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansını təsis ediblər. Bu barədə jurnala yeni yaradılmış Alyansın mətbuat xidməti məlumat verib.
Məlumat üçün bildirək ki, 2007-ci ilin dekabrında 11 QHT tərəfindən yaradılmış “Bələdiyyələrin inkişafına dəstək” QHT Alyansının fəaliyyətinə Alyansın 2009-cu il mayın 2-də keçirilən Ümumi Yığıncağında xitam verilmişdi.
Mayın 6-da “Bələdiyyələrin inkişafına dəstək” QHT Alyansının üzvü olmuş təşkilatların əksəriyyəti daha səmərəli əməkdaşlıq imkanlarını müzakirə edərək bələdiyyələrin inkişafı istiqamətində birgə səylərini davam etdirmək məqsədilə “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansını təsis ediblər.
Alyansa aşağıdakı təşkilatlar daxildir:
İqtisadi Tədqiqatlar Mərkəzi
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi
Mülki Cəmiyyətə Doğru Mərkəzi
Qadınlar Arasında Həmrəylik İctimai Birliyi
“Aran” Regional Humanitar İnkişaf İctimai Birliyi
“Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi
Təsis yığıncağında Alyansın Əsasnaməsi qəbul olunub və koordinatorun seçkisi keçirilib.
Qeyd edək ki, Alyansa Mülki Cəmiyyətə Dogru Mərkəzin direktoru Abil Bayramov koordinator seçilib.