İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi apardığı tədqiqatlar çərçivəsində hazırladığı “Paytaxt yerli özünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi” adlı sənədin ictimai müzakirəsini təşkil etmək məqsədilə noyabrın 25-də dəyirmi masa keçirib.
Dəyirmi masa müzakirələrinə giriş sözü ilə başlayan İTYİB-nin sədri Azər Mehtiyev iştirakçıları salamlayaraq bildirdi ki, Avropa Şurasının Azərbaycanın qarşısında qoyduğu tövsiyələrdən biri də Bakı şəhərində mer (yerli özünüidarə) institutunun yaradılması məsələsidir. Bu, indiyədək Azərbaycanın yerinə yetirmədiyi çoxsaylı tövsiyələrdən biridir. O qeyd etdi ki, bu müzakirələr maraqlı bir dövrə təsadüf edir: məlum olduğu kimi, hazırda AGO Qrupunun nümayəndəsi Avropa Şurasının tövsiyələrinin yerinə yetirilməsi vəziyyətini araşdırmaq üçün ölkəmizdə səfərdədir. A.Mehtiyev layihə çərçivəsində görülmüş işlər barədə qısa məlumat verdi.
Layihə çərçivəsində aparılmış tədqiqatı və hazırlanmış təklifləri İTYİB-nin sədr müavini, layihənin rəhbəri Rövşən Ağayev təqdim etdi. (Təqdimat əlavə olunur) O, çıxışının əvvəlində Bakı şəhərində yerli özünüidarənin yaradılmasının əhəmiyyəti və vacibliyini əsaslandırdı. Sonra o, ayrı-ayrı ölkələrin təcrübəsində paytaxt şəhərlərinin statusu və belə statusun qanunvericilikdə əks olunması, paytaxt şəhərlərinin özünüidarə modelləri və yerli özünüidarə orqanları, habelə paytaxt şəhərləri ilə dövlətin digər səviyyələri arasındakı münasibətlərin qurulması mexanizmləri barədə məlumat verdi. Bakı şəhərinin idarə edilməsi tarixi haqqında qısaca məlumat verən R.Ağayev Bakı şəhərinin idarə edilməsinin indiki vəziyyətini və İcra Hakimiyyətinin strukturunu iştirakçıların diqqətinə çatdırdı.
Daha sonra R.Ağayev Bakı şəhərində yerli özünüidarənin təşkili üzrə İTYİB-nin təklif etdiyi mümkün variantları təqdim etdi. O, Bakı Şəhər Bələdiyyə Şurasının birpilləli və ikipilləli sistemlərinin xüsusiyyətləri, mer və şura üzvlərinin seçilməsi qaydaları, ikipilləli sistemdə rayon (qəsəbə) bələdiyyələri ilə Bakı şəhər Bələdiyyə Şurası arasında səlahiyyət bölgüsünün aparılması xüsusiyyətləri barədə danışdı. Meriya institutunun birpilləli və ikipilləli sistemlərinin müqayisəsini verən R.Ağayev hər birinin üstünlüklərini və çatışmazlıqlarını göstərdi, habelə təklf olunan modellərin reallaşdırma imkanlarını qeyd etdi.
Dəyirmi masaya millət vəkilləri, müvafiq dövlət qurumlarının və bələdiyyələrin milli assosasiyalarının nümayəndələri, siyasi partiya və QHT təmsilçiləri, tanınmış ictimai xadimlər və ekspertlər dəvət edilmişdir.
Müzakirələrdə Müsavat Partiyasının üzvü Qabil Hüseynli, ADP-i üzvü Təliyət Aliyev, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun proqram rəhbəri Fuad Süleymanov, Konstitusuya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, Bələdiyyələrin İnkişafı Naminə Alyansın koordinatoru Abil Bayramov çıxış edərək sənədlə bağlı təkliflərini bildirdilər.
Xatırladaq ki, sənəd Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə 2009-cu ilin iyul - oktyabr aylarında “Bakı şəhərinin yerli özünüidarəetmə modelinin işlənilməsi” layihəsi çərçivəsində hazırlanıb. Layihə çərçivəsində “Paytaxt yerli özünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi” adlı tədqiqat yerinə yetirilmiş, Avropa Şurasının tövsiyələrinə uyğun olaraq Bakı şəhərində yerli özünüidarə institunun yaradılması zəruriliyi və əhəmiyyəti ilə bağlı kütləvi informasiya vasitələrində təşviqat işləri aparılmışdır.