"Birləşmədən sonra bələdiyyələrin sayı 1500-ə düşəcək"
TAHİR RZAYEV: "Bələdiyyələrin birləşməsi Bakı bələdiyyələrindən də yan keçməyəcək"
Artıq Azərbaycandakı bələdiyyələrin birləşməsi prosesi başlayıb. Bu barədə "525"in müxbirilə söhbətində Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev məlumat verib. Onun qeyd etdiyinə görə, bələdiyyələrin birləşməsi "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi və ayrılması haqqında" qanuna müvafiq olaraq aparılır. Bir qədər əvvəl parlament bu qanuna əlavə və dəyişikliklər edərək bələdiyyələrin birləşməsi prosedurunu sadələşdirib. Qanuna əsasən, bələdiyyə ərazisində yaşayan seçicilərin 25 faizinin iştirak etdiyi və iştirak edənlərin 50 faizinin müsbət rəyi olarsa, yerli özünüidarəetmə orqanlarının birləşməsinə icazə verilir. T.Rzayev qeyd edib ki, hazırda bələdiyyələrin birləşməsi ilə bağlı məlumatlar almaqdadırlar. Proqnozlaşdırılır ki, prosesin sonunda ölkədə fəaliyyət göstərən bələdiyyələrin sayı təxminən 1000 ədəd azalacaq. Hazırda ölkədə təxminən 2700 bələdiyyə fəaliyyət göstərirsə, prosesin sonunda bu göstərici 1500-ə düşəcək. Komitə üzvü dedi ki, birləşmə prosesi bələdiyyələrin imkanlarının, gücünün və nüfuzunun artmasına səbəb olacaq. Bu proses başa çatdıqdan sonra bələdiyyələrin işindəki pərakəndəlik aradan qaldırılacaq.
Birləşmə bələdiyyələrin müəyyən inzibati xərclərinin azalmasına da səbəb olacaq. Birləşmədən sonra bələdiyyələrin büdcələrinin artacağı da gözlənilir. T.Rzayevin sözlərinə görə, birləşmə bələdiyyələrin kadr potensialına da müsbət təsir göstərəcək. Ümumilikdə bələdiyyələrin birləşməsi yerli özünüidarəetmə orqanlarının xeyrinə olacaq. O qeyd edib ki, hazırda dövlət büdcəsindən bələdiyyələrə ayrılan maliyyə vəsaitinin həcminin artırılması gündəmdə deyil. Amma birləşmədən sonra növbəti ilin büdcəsi müzakirə olunarkən bu məsələyə baxıla bilər.
T.Rzayev deyib ki, bələdiyyələrin birləşməsi Bakı bələdiyyələrindən də yan keçməyəcək. Bu, daha çox bələdiyyələrin özündən və paytaxtda yaşayan sakinlərdən asılıdır: "Əgər Bakıdakı və ya Bakı kəndlərindəki bələdiyyələrin əhalisi toplaşıb birləşməklə bağlı qərar qəbul etsə, heç kim buna etiraz etməyəcək". Onun sözlərinə görə, gələcəkdə Bakı, Gəncə, Sumqayıt kimi böyük şəhərlərdə böyük şəhər bələdiyyələrinin yaradılması da proqnozlaşdırıla bilər: "Hazırda da bununla bağlı təkliflər var. Gələcəkdə bələdiyyələr inkişaf etdikcə böyük şəhər bələdiyyələrinin yaranması da gündəmə gələcək. Bu, təbii bir prosesdir. Mənim fikrimcə, bələdiyyələrin birləşməsi prosesinin sonunda bu da reallaşacaq". T.Rzayevin bildirdiyinə görə, xarici ölkələrdə də bələdiyyələrin birləşməsi prosesi yaşanıb. Həmin ölkələrdə də əvvəlcə kiçik bələdiyyələr fəaliyyət göstərib. Sonra həmin bələdiyyələr birləşmək barədə qərar qəbul ediblər.
T.Rzayev bələdiyyə torpaqlarının hərrac yolu ilə satılması proseduruna da münasibət bildirib. Onun sözlərinə görə, indiyədək bələdiyyələrin əsas gəliri torpaq satışından əldə olunub. Amma 2007-ci ilin dekabrın 1-dən bələdiyyələrin torpaq satışına qadağa qoyulub. Bir müddət ümumiyyətlə, satış aparılmayıb. Son vaxtlar isə bələdiyyə torpaqlarının satışı ilə bağlı bir neçə hərrac keçirilib. Nəticədə bələdiyyələr maliyyə baxımından problemlərlə üzləşiblər.