Noyabr ayında Azərbaycanın milli valyutası bir sıra dünya valyutalarına, o cümlədən ABŞ dollarına nisbətdə bahalaşıb. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Bankın məlumatları əsasında hesablama aparıb.
2009-cu ilin noyabr ayında ABŞ dollarına nisbətən 0,1% bahalaşıb. Ayın əvvəli 1 ABŞ dolları 0,8032 manatdan dekabrın 1-nə 0,8025 manata qədər ucuzlaşıb.
Ancaq 2009-cu ilin 11 ayında ilin əvvəli ilə müqayisədə milli valyuta ABŞ dollarına nisbətən 0,1% qiymətdən düşüb. İlin əvvəlində 1 ABŞ dolları 0,8015 manat olduğu halda noyabrın sonuna 0,8025 manata kimi yüksəlib.
Manatın bahalaşdığı digər valyuta Britaniya funt sterlinqi olub.Noyabr ayı ərzində manat bu valyutaya nisbətən 0,8% bahalaşıb. Yanvar-noyabr aylarında manat funta nisbətən 13,7% qiymətsizləşib. İlin əvvəlində 1 funtun məzənnəsi 1,1597 manatdan noyabrın sonuna 1,3189 manata kimi yüksəlib.
Noyabrda rus rublunun manata nəzərən məzənnəsi sabit qalıb.
Manat noyabr ayında Avropa valyutasına nisbətən 1% və Yaponiya uyenasına nisbətən isə 0,1% ucuzlaşıb. Ay ərzində 1 avro 1,1927-dən 1,2044 manata, 100 iyena isə 0,8811-dən 0,9186 manata kimi bahalaşıb.
Manat yanvar-noyabr aylarında avroya nisbətən 8,3% ucuzlaşıb. İlin əvvəlində 1 avronun məzənnəsi 1,1125 manatdan noyabrın sonuna 1,2044 manata kimi yüksəlib.
Milli valyuta cari ilin 11 ayında Yapon iyenasına nisbətən 5,4% ucuzlaşıb. İlin əvvəlində 100 iyenanın məzənnəsi 0,8713 manatdan noyabr sonuna 0,9186 manata kimi yüksəlib.
Mərkəzi Bankın dekabrın 2-i tarixinə müəyyən etdiyi məzənnəyə görə, hazırda 1 ABŞ dolları 0,8025 AZN, 1 avro 1,2110 AZN, 1 funt sterlinq 1,3323 AZN, 100 Yapon iyenası 0,9220 AZN, 1 rus rublu isə 0,0276 AZN-dir.