Milli Büdcə Qrupu (MBQ) 2010-cu ilin büdcə zərfini diqqətlə nəzərdən keçirmiş və ümumən bu qənaətə gəlmişdir ki, son illərin büdcəsi ilə müqayisədə növbəti ilin büdcəsi kəskin azalma və böyük kəsirin olması ilə müşayiət olunur.
2010-cu il dövlət büdcəsinin gəlirləri cari ilin təsdiqlənmiş büdcə gəlirləri ilə müqayisədə 18,9% və ya 2 340 mln. manat azaldılaraq 10,015 mlrd. manat, xərcləri isə bu ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 8,8 % və ya 1 091 mln. man. azaldılaraq 11,264 mlrd. manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 249 mlrd. man., və ya ÜDM-in 4% səviyyəsində müəyyənləşdirilmişdir.
Son illərin bir qayda olaraq artan büdcə imkanları fonunda cari ilin 9 ayının büdcəsinin 19% kəsirlə icrası və bu ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə növbəti ilin büdcə gəlirlərinin 18,9% azalması ölkənin sosial-iqtisadi həyatında ilk ən ciddi sınaq oldu. Hökumət son illərdə ilk dəfə olaraq izafi gəlirlərin necə bölüşdürülməsi problemi ilə yox, yüksək artıma meylli olan büdcə xərcləmələrində vəsait çatışmazlığı problemi ilə üzləşdi. MBQ–nin dəfələrlə qeyd etdiyi kimi, qeyri-adi yüksək templə artırılan büdcə xərcləmələrinin, konyunktura dəyişildikdə, təxminən həmin templə də aşağı düşməsi makro-iqtisadi tarazlığın pozulmasına, dayanıqlı iqtisadi inkişaf meyllərinin heçə enməsinə gətirib çıxarır.
2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun rəyi (tam mətn)