Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya
Siyasi sistemin demokratikləşməsi, effektiv dövlət idarəçiliyinin formalaşdırılması və sosial-iqtisadi tənəzzülün aradan qaldırılması inkişaf etməkdə olan bütün ölkələrin qarşısında duran ən ciddi problemlərdəndir. Yüksək inkişaflı ölkələrin təcrübəsinin təhlili onu söyləməyə əsas verir ki, keçid dövrü yaşayan istənilən ölkəni demokratiya və iqtisadi tərəqqiyə aparan yol kifayət qədər aydındır. Söhbət həm siyasi, həm də iqtisadi sferada avtoritar idarəçilikdən imtina olunmasından, azad bazar münasibətlərinin bərqərar edilməsindən və iqtisadiyyatın liberallaşdırılmasından gedir. Siyasi-iqtisadi sistemin liberallaşdırılması isə hər şeydən əvvəl ölkədə əksmərkəzləşdirmənin dərinləşdirilməsini, həmçinin müstəqil, inzibati və iqtisadi baxımdan güclü bələdiyyə institutunun formalaşdırılmasını tələb edir.
Lakin bir çox keçid ölkələrində milli hökumətlərin əksmərkəzləşmə ilə bağlı aydın konsepsiyası yoxdur. Onlar bu istiqamətdə istənilən kənar təşəbbüslərə də son dərəcə mühafizəkar yanaşırlar. Dövlət idarəetmə aparatının yüksək həddə korrupsiyalaşması, ali ranqlı məmurların daha çox fərdi maraqlardan çıxış edərək siyasi-iqtisadi sistemin islahatları qarşısında maneəyə çevrilməsi mövcud şəraiti daha da mürəkkəbləşdirir. Bütün bu əlamətlərin Azərbaycan üçün də xarakterik olduğunu görməmək mümkün deyil.
Axır 10 ildə Azərbaycanda istər siyasi sistemin, istərsə də iqtisadi sferanın inkişafı sahəsində müəyyən addımlar atılsa da (məsələn, ölkədə bələdiyyə institutu yaradılıb, iqtisadiyyatın dövlətsizləşdirilməsilə əlaqədar islahatlara start verilib və s.), bütün bunların vətəndaş cəmiyyətinin inkişaf tələblərinə yetərincə cavab verdiyini, vətəndaşların dövlətin idarə olunmasında iştirak imkanlarının genişləndirilməsinə şərait yaratdığını birmənalı qiymətləndirmək çətindir.
Beləliklə, hazırkı şəraitdə ölkədə bələdiyyələrin gücləndirilməsi və əksmərkəzləşmə istiqamətində elmi və praktik baxımdan əsaslandırılmış prioritetlərin müəyyən edilməsi qaçılmaz zərurətə çevrilib. Bu mənada yerli özünüidarə problemlərilə məşğul olan vətəndaş cəmiyyəti institutlarının da qarşısında ciddi vəzifələr dayanır. Həmin qurumlar əksmərkəzləşmə ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə ən mütərəqqi təşəbbüslərin aşkarlanması və təkliflər formasında səlahiyyətli dövlət orqanlarına çatdırılması, yerli özünüidarə sektorunda aparılacaq islahatlarla bağlı ictimai rəyin formalaşdırılması (çünki ictimai rəyin həzm etmədiyi heç bir islahat gözlənilən səmərəni verə bilməz) istiqamətində böyük töhfə verə bilər. Bunu nəzərə alaraq bir sıra ekspertlər Böyük Britaniyanın «Oxfam» və Niderlandın İCCO təşkilatlarının birgə dəstəyilə həyata keçirdiyi «Yerli özünüidarəetmə və Azərbaycanda yoxsulluğun azaldılmasında bələdiyyələrin rolu» layihəsi çərçivəsində 2006-cı ilin sentyabrında Bələdiyyələrin Gücləndirilməsi üzrə İctimai Vəkillik Qrupunun (İVQ) yaradıldığını bəyan edib. Bələdiyyə problemləri üzrə ixtisaslaşmış mütəxəssislərdən təşkil edilmiş qrupun qarşısında duran əsas vəzifə bələdiyyələrin mövcud problemlərinin ictimailəşdirilməsi, onların həlli istiqamətində səlahiyyətli hökumət qurumları ilə əməkdaşlıq əlaqələrinin formalaşdırılması, nəhayət, bələdiyyələrin gücləndirilməsinə dair konsepsiyanın işlənməsi və sənədin rəsmi qurumlara təqdim edilməsidir. İVQ konsepsiyada inzibati və maliyyə əksmərkəzləşməsilə bağlı əks olunmuş ideyaların cəmiyyətdə populyarlaşması və onların reallaşması məqsədilə vəkillik fəaliyyətini davam etdirməyi də planlaşdırıb.
İVQ adından təqdim edilən bu konsepsiya bələdiyyələrin səlahiyyətlərinin və maliyyə potensialının artırılması üzrə konseptual yanaşmaları özündə əks etdirir. Sənəd mövcud vəziyyətin təhlilindən, eyni zamanda gələcəyə ünvanlanmış konkret mesaj və təkliflərdən ibarətdir.