Neft sektoruna yönəldilən kreditlər isə 5,5% artıb
Son 10 ayda ölkə iqtisadiyyatına yatırılan kredit qoyuluşlarının cəmisi 1,7%-i maliyyə sektorunun payına düşüb. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatları əsasında apardığı hesablamalara görə, oktyabr ayında sənaye və istehsal sektoruna kredit qoyuluşu 10,8% azalsa da, neft sektoruna yatırım artıb.
Yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatına yatırılan 7963,7 milyon manatlıq kredit qoyuluşunun 1735,3 milyon manatı ticarət və xidmət sektoruna yönəldilib. Oktyabrda ticarət və xidmət sektoruna kredit qoyuluşu 89,3 milyon manat artıb. Ötən ayla müqayisədə bu sektorun payı 21,2%-dən 21,8%-ə qalxıb.
Energetika, kimya və təbii ehtiyatlar sektoruna 1428,4 milyon manatlıq kredit yatırılıb. Ötən ay bu sektorun payı 0,3% azalsa da, oktyabrda yenidən 0,5% artaraq 17,9%-ə qalxıb. Energetika, kimya və təbii ehtiyatlar sektoruna ayrılan vəsait ay ərzində 74,8 milyon manat və ya 5,5% artıb.
Oktyabr ayında inşaat və əmlak sektoruna kredit qoyuluşu əvvəlki ayla müqayisədə 4% artıb. Bu sahəyə yatırılan kreditin həcmi oktyabrda 17,9 milyon artaraq 461,2 milyon manat təşkil edib. Bununla da ümumi kreditlərdə payı 5,7%-dən 5,8%-ə yüksəlib.
Sənaye və istehsal sektoruna kredit qoyuluşu oktyabrda 10,8% azalıb. Bu sektora kredit qoyuluşu sentyabrla müqayisədə 58,8 milyon azalaraq 485,6 milyon manata düşüb. Sənaye və istehsal sektorunun ümumi kreditərdə payı 7%-dən 6,1%-ə azalıb.
Kənd təsərrüfatı və emala 388,2 milyon, nəqliyyat və rabitəyə 509,9 milyon, ev təsərrüfatlarına 2303,9 milyon manat həcmində kredit qoyulub. Əvvəlki ayla müqayisədə bu sahələrdə artım müvafiq olaraq 20,6 milyon, 34,3 milyon və 3,9 milyon manat təşkil edib. Cəmi kreditlərdə kənd təsərrüfatının payı 4,9%, nəqliyyat və rabitənin payı 6,4%, ev təsərrüfatlarının payı isə 28,9% olub.
Maliyyə sektoruna kredit qoyuluşu oktyabrda 7,5% azalıb. Ötən ayla müqayisədə maliyyə sektoruna yatırımlar 11,2 milyon azalaraq 138,1 milyon manata düşüb.