40 ildən sonra Hindistan əhalisinin sayına görə Çini ötüb keçəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BMT-nin Əhali Fondunun hazırladığı hesabatda qeyd edilib.
Fondun hesabatına görə, 2050-ci ildə Hindistanda əhalinin sayı 1,5 milyard nəfərdən çox olacaq. Bu dövrdə Çin əhalisi isə 1,4 milyard nəfəri bir qədər üstələyək.
“Hindistanın əhalisi yaxın 25 ildə artmaqda davam edəcək və sonra sabitləşəcək”, - deyə BMT-nin Hindistandan olan proqram rəhbəri D.Manqal bildirib. Onun sözlərinə görə, Çinin ailə planlaşdırılması sahəsindəki “bir ailə - bir uşaq” prinsipinə əsaslanan sərt dövlət siyasəti ona gətirib çıxarıb ki, 2005-ci ildən 2010-cu ilə kimi olan dövrdə əhalinin artım səviyyəsi cəmisi 0,6% təşkil edib. Halbuki bu dövrdə Hindistanda artım 1,4% olub.
Bundan başqa Çində doğum əmsalı da azalıb. Bu ölkədə bir qadına düşən doğuşların orta sayı 1,77-yə düşüb. Hindistanda bu göstərici 2,44-dən çoxdur.
Hazırda Çinin əhalisi 1,38 milyard nəfərdir. Əhalinin sayına görə növbəti yerləri Hindistan (1,165 milyard) və ABŞ (307,8 milyon) tutur.
BMT-nin Əhali Fondunun hesabatına görə, 2050-ci ildə Yer kürəsində yaşayan insanların sayı 8-9 milyard nəfərə çatacaq.