Aran regionunun ən yaxşı bələdiyyələri müəyyənləşdi
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Aran regionu bələdiyyələri arasından şəffaflıq və hesabatlılıq təşəbbüsləri üzrə 2008-ci ilin ən yaxşı bələdiyyələrini seçib. Bu barədə “İqtisadi forum” jurnalına Birliyin eksperti Samir Əliyev məlumat verib.
S.Əliyevin sözlərinə görə, təmsil olunduğu Birlik artıq xeyli müddətdir Azərbaycanda bələdiyyələrin inkişafına yönəlik müxtəlif tədbirlər həyata keçirir. Ötən dövrdə əsas hədəfimiz yerli özünüidarə qurumlarının fəaliyyətində vətəndaş iştirakçılığının və şəffaflığın artırılması, bələdiyyə təmsilçilərinin bilik və bacarıqlarının gücləndirilməsi olub.
“Ötən ildən başlayaraq İTYİB ekspertləri Azərbaycanda bələdiyyələrin inkişafının stimullaşdırımasına dəstək vermək məqsədilə daha bir proqramın gerçəkləşdirilməsinə start verib. Həmin proqram bələdiyyə idarəçiliyində şəffaflıq prinsiplərinin təmin olunmasını və yerli özünüidarə qurumlarının sosial problemlərin həllində fəallığını qiymətləndirməyi nəzərdə tutur. İlkin mərhələdə “Yerli özünü idarənin gücləndirilməsi” layihəsi çərçivəsində Aran regionunun 3 rayonunda (Bərdə, Agcabədi, Tərtər) fəaliyyət göstərən bələdiyyələr arasında qiymətləndirmə aparılıb. Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparılıb:
-Ayrı-ayrı problemlərin həlli istiqamətində əhalinin geniş iştirakı təmin olunmaqla kütləvi tədbirlər, o cümlədən ictimai dinləmələr və dəyirmi masalar təşkil etmiş bələdiyyələr
-Ayrı-ayrı fəaliyyət istiqamətləri, xüsusilə də maliyyə-büdcə fəaliyyətilə bağlı ictimaiyyətə hesabatlar təqdim etmiş bələdiyyələr
-Ərazisində sosial problemlərin həllində fəallıq göstərmiş, bu istiqamətdə fəaliyyət göstərmiş və ya proqramlar gercəkləşdirmiş bələdiyyələr
S.Əliyevin bildirdiyinə görə, qiymətləndirmənin nəticəsi olaraq 5 bələdiyyə 2008-cilin nəticələrinə əsasən şəffaflıq və hesabatlılıq üzrə regionun ən yaxşı bələdiyyəsi seçiliblər:
1.Dəymədağlı bələdiyyəsi (Bərdə)
2.1-ci Qaradəmirçi bələdiyyəsi (Bərdə)
3.İsmayılbəyli bələdiyyəsi (Tərtər)
4.Hacıqərvənd bələdiyyəsi (Tərtər)
5.Qaravəlli bələdiyyəsi (Ağcabədi)
Ekspert hesab edir ki, gələcəkdə əldə olunmuş təcrübə əsasında ölkədə fəaliyyət göstərən bütün bələdiyyələrin bu cür qiymətləndirmə prosesinə cəlb olunması planlaşdırırlır.