Rusiyanın Mərkəzi Bankının məlumatına görə, 2009-cu ilin 11 ayında 43 bank, böhran başlayandan isə ümumilikdə 62 bank bazarı tərk edib. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, əgər əvvəllər bankların lisenziyası əsasən “çirki pullar”a görə alınırdısa, indi pul azlığına görə bu addım atılır.
Ekspertlərin fikrincə, bank sektorunun konsolidasiyası borc vəsaitlərinin dəyərinin artımına gətirib çıxarmayacaq.
2009-cu ilin yanvar-noyabr aylarında Rusiyanın fəaliyyət göstərən kredit təşkilatlarının sayı azalaraq 1166-dan 1108-ə düşüb. Bankların sayı da 43 ədəd azalaraq 1015-ə düşüb. Qeyri-bank kredit təşkilatlarının sayı (51) demək olar ki, dəyişməz qalıb .
Mərkəzi Bankın məlumatlarına görə, 2009-cu ilin 11 ayında 3 milyon rubl ($100 min) həcmində nizamnamə kapitalı ilə qeydiyyatdan keçən bankların sayı 31-dən 27-yə qədər azalıb. 300 milyon rubl ($10 milyon) və daha yüksək nizamnamə kapitalı ilə qeydiyyatdan keçən bankların sayı isə 339-dan 348-ə qalxıb.
Əmanətlərin Sığortalanması üzrə Agentliyin baş direktoru Aleksandr Turbanovun proqnozuna görə, 2010-cu ildə 80 bankın lisenziyası alınacaq. Onun sözlərinə görə, bunların 30-u nizamnamə kapitalının minimal tələblərinə cavab verməməsinə görə baş verəcək.