Hazırda avronun kursu digər valyutalara nisbətən şişirdilib və onun gələcəkdə möhkəmlənməsi avrozonanın nisbətən açıq iqtisadiyyata malik ölkəsində ciddi problem yarada bilər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Avropa Komissiyasının avrozona ölkələrinin iqtisadiyyatının cari vəziyyətinə həsr olunmuş rüblük məruzəsində qeyd olunub.
Məruzəyə görə, son rübdə maliyyə bazarlarında yüksək volatillik müşahidə olunub və bazar risklərinin artımı avronun digər valyutalara nisbətən 7-8% bahalaşmasına gətirib çıxarıb.
Məruzədə qeyd edilir ki, avrozonanın tarixində ən pis böhran üçüncü rübdə əvvəlki rüblə müqayisədə ÜDM-nin 0,4% artması ilə aradan qalxıb. ÜDM-in artımı xarici iqtisadi mühitin yaxşılaşması və hökumət tərəfindən həyata keçirilən misilsiz fiskal və pul-kredit tədbirləri hesabına baş verib.
Bununla yanaşı avrozona ölkələrində ÜDM-nin gələcəkdə artım perspektivi tam aydın deyil və işsizlik səviyyəsi artdığından onun azalma ehtimalını istisna etmək olmaz. .
Xatırladaq ki, noyabr ayında Avrokomissiya bildirib ki, Avropa Birliyinin iqtisadiyyatının cari ilin ikinci yarısında böhrandan çıxmasını gözləyir. Halbuki 2009-cu ilin yekunlarına əsasən Birlik ölkələrində ÜDM-in 4% azalması proqnozlaşdırılır.
Avrokomissiyanın proqnozuna görə, yaxın illərdə Avropa Birliyi ölkələrinin iqtisadiyyatı tədricən bərpa olunacaq. 2010-cu ilin sonuna ÜDM-nin 0,75%, 2011-ci ilin sonuna isə 1,5% artımı gözlənilir.