Uzun müzakirələrdən sonra Yaponiya hökuməti Vergi Komissiyasının tütün məmulatlarına tətbiq edilən verginin dərəcəsini artırmaqla bağlı təkliflərini qəbul edib. “İqtisadi forum” jurnalının məlumatına görə, 2010-cu il oktyabrın 1-dən bir siqaret üçün verginin həcmi əlavə olaraq 3,5 iyena ($0,04) artacaq.
Tütün vergisi dərəcəsinin artırılmasının aktiv tərəfdarı baş nazir Yukio Hatoyama hesab edilir. Baş nazir bunu “millətin sağlamlığına qayğı” və sosial proqramların reallaşdırılması üçün “dövlət büdcəsinin doldurulması zərurəti” kimi əsaslandırıb.
Hakim Demokrat partiyasının deputatları hesab edir ki, bu addım xəzinəyə əlavə olaraq 160 milyard iyena ($1,76 milyard) həcmində vəsait gəlir gətirəcək.
Hazırda Yaponiyada standart siqaret qutusu orta hesabla 300 iyena ($3,3) satılır ki, bunun da 63%-i və ya 190 iyenası verginin payına düşür. Yeni vergi dərəcəsinin qüvvəyə minməsindən sonra siqaretin qiyməti təxminən 100 iyena artacaq. |