Geosiyasi gərginlik artarsa və ya daxili siyasi sabitlik pozularsa
Geosiyasi gərginliyin gözlənilmədən genişlənməsi və ya daxili siyasi sabitliyin pozulması Azərbaycanın mövcud reytinqini zərbə altına qoya bilər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Standard & Poor’s agentliyinin hesabatında qeyd edilib.
Hesabatda qeyd edilir ki, regionda siyasi riskin mövcudluğu, o cümlədən siyasi, qanunverici və iqtisadi institutların inkişafı ilə bağlı çətinliklər, monetar siyasətin nisbətən zəifliyi əvvəlki kimi Azərbaycanın reytinq səviyyəsinə mənfi təsir göstərir. Təbii resursların mövcudluğu, büdcə və beynəlxalq ehtiyatları, o cümlədən iqtisadi artım perspektivi müsbət reytinq amilləri hesab olunur.
Agentliyə görə, “müsbət” proqnoz Azərbaycanda həm büdcənin, həm də cari əməliyyatlar hesabının profisitini ifadə edən dövlət büdcəsinin və xarici ticarət balansının möhkəmlənməsini əks etdirir. Bu, ölkənin reytinqinin yaxın iki ildə investisiya kateqoriyasına kimi yüksəlməsi üçün əsas ola bilər.
Ölkədə biznes şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşması, struktur islahatların sürətləndirilməsi üzrə tədbir və iqtisadiyyatın diversifikasiyası, o cümlədən monetar siyasətin və bank sisteminin gücləndirilməsi kimi tədbirlər ölkənin reytinqinin yüksəlməsini sürətləndirə bilər, ancaq analitiklərin fikrincə, belə ssenarinin baş verməsi ehtimalı çox azdır.
Analitiklərə görə, beynəlxalq və büdcə vəsaitlərinin gözlənilən göstəricilərə nisbətən azalması reytinqin yüksəldilməsinə mane ola bilər. Siyasi və iqtisadi idarəetmənin strukturunun gələcəkdə zəifləməsi ehtimalı mümkün maneələrə aiddir. Çünki bu vəziyyət öz növbəsində rasional və effektiv iqtisadi siyasətin işlənməsini və həyata keçirilməsini çətinləşdirə bilər. Geosiyasi gərginliyin gözlənilmədən genişlənməsi (məsələn, Dağlıq Qarabağ ətrafında) və ya daxili siyasi sabitliyin pozulması reytinqin artmasının qarşısını almaqla yanaşı, ölkənin mövcud reytinqini zərbə altına qoya bilər.
Xatırladaq ki, Standard & Poor’s agentliyi Azərbaycanın investisiya perspektivi reytinqini “müsbət” səviyyəyə qədər qaldırıb. Agentliyinin məlumatına görə, uzunmüddətli suveren kredit reytinqini BB+, qısamüddətli kredit reytinqini isə B səviyyəsində təsdiq edib. Valyutaların konvertasiyası və mübadiləsi riskinin qiymətləndirilməsi “BBB-” səviyyəsində qalıb.
Agentliyin mütəxəssisləri açıqlamalarında qeyd ediblər ki, Azərbaycanın investisiya perspektivinin “sabit”dən “müsbət”ə doğru yüksəlməsi ölkənin maliyyə vəziyyətinin gələcəkdə möhkəmlənməsinə və ona dünya investorları tərəfindən marağın artacağına olan böyük gözləntiləri əks etdirir. Bu reytinqin əldə edilməsində həmçinin dövlət büdcəsinin vəziyyətinin yaxşılaşması da əhəmiyyətli rol oynayıb. |