2009-cu ilin yanvar-noyabr aylarından ölkədən kənara 12,1 milyard dollar həcmində neft və neft məhsulları ixrac olunub ki, bu da ümumi ixracın 91,6%-ni təşkil edib. “İqtisadi forum” jurnalının Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, 2008-ci ilin 11 ayında bu göstərici 97%-ə bərabər olub.
Komitənin məlumatına görə, ümumi ixracdan xam neftin payı 81,28%, neft məhsullarının payı isə 10,35% təşkil edib.
Xam neftin ixracı bütünlükdə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən həyata keçirilib. Neft məhsullarının isə 66,53%-i ARDNŞ, 26,64%-i "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" hava hərəkəti idarəsi, 3,97%-i "Azneftyağ" İstehsalat Birliyi, 1,77%-i "İlqar LTD" şirkəti tərəfində ölkədən kənara çıxarılıb.
Cari ilin 11 ayında ümumi ixracda meyvə-tərəvəz məhsullarının payı 1,29%, bitki və heyvan mənşəli yağların payı 0,85%, qara metallar və onlardan hazırlanan məmulatların payı 0,77%, kimya sənayesi məhsullarının payı 0,22%, pambığın payı 0,13%, alüminium və ondan hazırlanan məmulatların payı 0,09%, alkoqollu və alkoqolsuz içkilərin payı 0,07%, tütün və tütün məmulatlarının payı 0,04% təşkil edib. Qalan əmtəələrin payına 4,91% düşüb.
İdxalda üstünlük maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələrinin payı 35,24% təşkil edib. Nəqliyyat vasitələri və onların hissələri 12,87% , ərzaq məhsulları 11,57%, qara metallar və onlardan hazırlanan məmulatlar 9,28%, əczaçılıq məhsulları 2,29%, oduncaq və ondan hazırlanan məmulatlar - 1,38%, xalq istehlakı malları 0,77%, mebel 0,70% paya malik olub. Qalan əmtəələrin payına 25,89% düşür.