Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Azərbaycan Respublikası Mərkəzi Bankının 2010-cu il Pul Siyasətinin Əsas İstiqamətləri barədə BƏYANATI
2009-cu il dünya iqtisadiyyatı üçün dərin maliyyə böhranı, maliyyə sektoru və kapital bazarlarının fəaliyyətinin pozulması, iqtisadi tənəzzül və işsizliyin artması ilə səciyyəvi olmuşdur. Bu şəraitdə məcmu qlobal tələbi dəstəkləmək üçün bir çox ölkələrdə əlahiddə maliyyə stabilizasiyası və iqtisadiyyata yardım proqramları həyata keçirilmişdir. Bununla belə, qlobal iqtisadiyyatın bərpası hələ də ləng, qeyri-sabit və qeyri-bərabər gedir, əhəmiyyətli risklər hələ də qalmaqdadır.

Qlobal böhran dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatı üçün də əhəmiyyətli risklər yaratmışdır. Lakin ölkə başçısı İlham Əliyev cənabları tərəfindən son illər uğurla həyata keçirilən inkişaf və modernizasiya strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək öz müvazinətini itirməmiş, artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi antiböhran siyasəti makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına imkan vermişdir.

I. 2009-cu ildə Azərbaycan iqtisadiyyatının inkişafı və Mərkəzi Bankın antiböhran siyasəti

1. Qlobal iqtisadi böhran və Azərbaycan iqtisadiyyatı

2009-cu ildə, xüsusən ilin əvvəllərində dünya iqtisadiyyatında tənəzzül meyilləri artmış, əmtəə bazarlarında qiymətlər, maliyyə bazarlarında aparıcı indekslər aşağı düşmüşdür. İlin əvvəllərində aparıcı ölkələrdə ipoteka defoltları, bankların problemli kreditlərinin artması, istehlak xərclərinin və investisiyaların azalması, işsizlik səviyyəsinin artması müşahidə edilmişdir. Dünyanın əksər inkişaf etmiş ölkələri ilin ilk rübünü ümumi daxili məhsulun kəskin azalması ilə başa vurmuşlar. Bu şəraitdə bir çox ölkələrdə pul siyasəti əhəmiyyətli yumşaldılmış, dövlət xərcləri və büdcə kəsirləri artırılmış, eyni zamanda maliyyə sistemi üzərində nəzarət gücləndirilmişdir.

Qlobal böhran Azərbaycana da müəyyən təsir göstərmiş və milli iqtisadiyyat bir sıra risklər ilə üzləşmişdir. Qlobal böhranın ölkəyə təsiri əsasən neftin və digər qeyri-neft ixrac məhsullarının qiymətinin aşağı düşməsi, bank sisteminə xarici kredit axınlarının kəskin məhdudlaşması, xaricdən pul baratlarının azalması vasitəsilə özünü göstərmişdir. Bütövlükdə, məcmu tələbin, demək olar ki, bütün xarici maliyyələşmə mənbələrində azalma baş vermişdir. Qlobal böhran milli iqtisadiyyatda, xüsusilə valyuta bazarında və bank sektorunda mənfi gözləntilər yaratmışdır. Nəticədə ölkə iqtisadiyyatı aşağıdakı risklərlə üzləşmişdir:

- makroiqtisadi sabitliyin pozulması (milli valyutanın devalvasiyası və inflyasiyanın yüksəlməsi);
- maliyyə sabitliyinin pozulması (bankların kredit portfelinin keyfiyyətinin əhəmiyyətli pisləşməsi və əmanətlərin bank sektorundan qaçışı, bankların ödəniş qabiliyyətinin pisləşməsi, iqtisadiyyatın kreditləşməsinin dayanması);
- iqtisadi resessiyanın baş verməsi, yaradılmış iş yerlərinin itirilməsi.

Azərbaycan iqtisadiyyatı qlobal böhranı kifayət qədər hazırlıqlı və güclü müdafiə resursu ilə qarşılamışdır. Bu, böhrandan öncəki dövrdə ölkədə həyata keçirilmiş rasional makroiqtisadi və monetar siyasət, yaradılmış valyuta ehtiyatları, maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə olunması sayəsində mümkün olmuşdur. Bütün bunlar iqtisadiyyatın "təhlükəsizlik yastığı"nı əhəmiyyətli gücləndilməklə makroiqtisadi və maliyyə sabitliyi potensialını artırmışdır.

2. Mərkəzi Bankın Antiböhran Siyasəti

2009-cu ildə Mərkəzi Bankın pul siyasəti antiböhran xarakter daşıyaraq makroiqtisadi sabitliyin qorunmasına, maliyyə sabitliyinin gücləndirilməsinə, iqtisadiyyata likvidliyin təmin edilməsinə, sistem əhəmiyyətli bankların və müəssisələrin fəaliyyətinin stabilləşdirilməsinə yönəlmişdir.

Ölkəyə xarici maliyyə axınlarının əhəmiyyətli azalmasına, qonşu ölkələrdəki devalvasiya dalğasının psixoloji təsirinə baxmayaraq, manatın məzənnəsinin sabitliyi qorunmuşdur. Manatın sabitliyini qorumaq üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklifi vaxtında tarazlaşdırmış, nəticədə manatın məzənnəsinin kəskin ucuzlaşmasının qarşısı alınmışdır. Manatın məzənnəsinin sabitliyi idxalın və daxili istehsalda istifadə olunan xarici mənşəli əmtəələrin kəskin bahalaşmasının qarşısını almışdır. Daxili istehlak bazarında idxalın xüsusi çəkisinin əhəmiyyətli olması şəraitində yeridilmiş məzənnə siyasəti cari ilin on bir ayında orta illik inflyasiyanın 1.5 faiz səviyyəsində saxlanmasında mühüm rol oynamışdır.

Aşağı inflyasiya və məzənnə sabitliyi əhalinin sosial vəziyyətinin qorunmasına imkan vermiş, əhalinin pul gəlirlərinin real artımı dövr ərzində 6 faiz olmuşdur. İnflyasiyanın aşağı səviyyəsi və çoxtərəfli məzənnənin əlverişli olması ölkənin rəqabət qabiliyyətliyinin saxlanılmasına imkan vermiş, cari ilin on bir ayında manatın çoxtərəfli real məzənnəsi 5.5 faiz ucuzlaşmışdır. Manatın məzənnəsinin sabitliyi həm də: i) əhalinin əmanətlərinin dəyərsizləşməsinin ii) xarici valyutada borc yükünün artmasının iv) manata etimadın azalmasının və iqtisadiyyatda yüksək dollarlaşmanın qarşısını almışdır.

2009-cu ildə Mərkəzi Bank haqqında qanuna mühüm dəyişikliklərin edilməsi əsasında pul siyasətinin çevikliyinin daha da artırılması və iqtisadiyyata likvidliyin təmin edilməsi iqtisadi artımın qorunmasında mühüm rol oynamışdır. Mərkəzi Bank haqqında qanuna dəyişikliklər və əlavələr mərkəzi bankların statusuna dair son qlobal meyilləri özündə əks etdirmişdir. Mərkəzi Bank banklara daha uzun müddətə və müxtəlif valyutalarda kreditlər, o cümlədən subordinasiya kreditləri vermək imkanlarını əldə etmişdir. Mərkəzi Bank başlıca makroiqtisadi tendensiyaları və real sektorda fəaliyyət göstərən müəssisələrin mikroiqtisadi monitorinqinin nəticələrini nəzərə alaraq uçot dərəcəsini ötən ilin sonlarından bəri 15 faizdən 2 faizə, məcburi ehtiyat normalarını isə 12 faizdən 0.5 faizə endirmişdir. Ümumilikdə, dolayı və birbaşa alətlər hesabına Mərkəzi Bank iqtisadiyyata 2008-ci ilin oktyabrından təqribən 1.8 mlrd. manat həcmində likvidlik vermişdir. Bu likvidlik dəstəyi bank sistemi ilə yanaşı sistem əhəmiyyətli real sektor müəssisələrini (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azəralüminium ASC) də əhatə etmiş, bu şəraitdə cari ilin on bir ayında ölkədə iqtisadi artım davam edərək 9 faiz təşkil etmişdir.

Mərkəzi Bankın aktiv likvidlik siyasəti pul təklifinə azaldıcı faktorları əsasən neytrallaşdırmış, bununla iqtisadi artımın və məşğulluğun əsas nüvəsi olan məcmu tələbin maliyyə mənbələrinin kəskin daralmasının qarşısını almışdır. Manatla geniş pul kütləsi cari ilin II rübündə 2.8 faiz, III rübdə 7.2 faiz, oktyabr-noyabr aylarında isə 6.8 faiz artmışdır. Bu şəraitdə kreditlər üzrə orta faiz dərəcələri iyun ayından bəri azalmağa doğru meyil göstərir.
Ölkədə ipoteka kreditləşməsinin aktivləşməsi Mərkəzi Bankın antiböhran proqramının mühüm alətlərindən biri olmuş, tikinti sektoru və daşınmaz əmlak bazarına stabilləşdirici təsir göstərmişdir. 2009-cu ilin 1 iyunundan ötən müddət ərzində müvəkkil kredit təşkilatları tərəfindən 1700-dən çox ailəyə ipoteka krediti verilmişdir. Azərbaycan İpoteka Fondunun qiymətli kağızlarının təkrar bazarı işə düşmüş və bu bazarda Mərkəzi Bankın məhdudiyyətsiz iştirakı təmin edilmişdir. İpoteka kreditləşməsi əmlak bazarında qiymətlərin stabilləşməsinə imkan vermiş, tikinti, bank işi, sığorta, qiymətləndirmə fəaliyyəti, rieltor və notarius xidmətləri, habelə qiymətli kağızlar bazarında iqtisadi fəallığı bilavasitə artırmışdır. Qiymətlərin stabilləşməyə başlaması, öz növbəsində, bank kreditlərinin girov təminatının kəskin dəyərsizləşməsinin və nəticədə bankların maliyyə itkilərinin əhəmiyyətli artımının qarşısını almağa imkan verir. Beləliklə, Azərbaycanda ipoteka mexanizminin tətbiqi iqtisadi tsikldə stabilləşdirici alət kimi çıxış etmişdir.

Bütün bunlar makroiqtisadi sabitliyin qorunmasını təmin etmiş və iqtisadi artımın likvidlik mənbələrini dəstəkləmişdir.

3. Maliyyə Sabitliyinin Qorunması və Bank Sisteminin İnkişafı

Mərkəzi Bankın böhrandan əvvəl həyata keçirdiyi "maliyyə immunizasiyası" tədbirləri sayəsində bank sistemi qlobal böhranı hazırlıqlı qarşılamış, ölkədə maliyyə sabitliyi qorunmuşdur:

- bank aktivlərinin yüksək və riskli artım templəri Mərkəzi Bank tərəfindən məhdudlaşdırılmışdır;
- xarici borcların həcminin tənzimlənməsi sistemi tətbiq edilmiş, oxşar region ölkələrindən fərqli olaraq, Azərbaycanda xarici borclar bankların öhdəliklərinin cəmi 20%-i səviyyəsində məhdudlaşdırılmışdır;
- kapitallaşma və maliyyə ehtiyatlanması səviyyəsi əhəmiyyətli artırılmışdır;
- prudensial tənzimləmə normativləri və çərçivəsi sərtləşdirilmişdir.

Nəticədə Azərbaycan bank sistemi qlobal böhranı adekvat kapitallaşma səviyyəsi, yüksək maliyyə ehtiyatlanması və likvidlik göstəriciləri ilə qarşılamışdır.

2009-cu ildə Mərkəzi Bankın böhraniçi idarəetməsı maliyyə sabitliyini daha da möhkəmlətmək üçün bank sektorunda risklərin çevik tənzimlənməsinə yönəlmişdir:

- bankların likvidlik mövqeyi idarəetməyə alınmış, xarici borcların yenidən maliyyələşməsi həyata keçirilmiş, sistem əhəmiyyətli institutlara zəruri likvidlik dəstəyi verilmişdir;
- bankların korporativ idarəetmə, xüsusilə risklərin idarə olunması sistemlərinə tələblər artırılmışdır;
- qorunan əmanətlərin məbləği altı dəfə artırılaraq 30 min manata çatdırılmışdır;
- stress-testlər vasitəsilə bankların risk zonalarıının davamlı monitorinqi sistemi yaradılmış, adekvat korrektiv tənzimləmə rejimi müəyyən edilmişdir;
- Mərkəzi Bankın qarantiyası ilə banklararası pul bazarı fəaliyyətə başlamış və bu bazar banklar arasında izafi likvidliyin hərəkətinin yüksək mobilliyini təmin etmişdir.

Həyata keçirilmiş antiböhran proqramı nəticəsində bank sektorunun maliyyə dözümlülüyü daha da güclənmişdir:

- bank sistemi cari öhdəliklərinin təqribən 80 faizi səviyyəsində likvid aktivlərə malikdir ki, bu da minimal normadan (30 faiz) çoxdur;
- sektorun kapital adekvatlığı göstəricisi qəbul edilmis normadan iki dəfə çox - 19 faiz olmuşdur;
- kredit portfelinin keyfiyyəti məqbul səviyyədə qorunub saxlanılmış, vaxtı keçmiş kreditlərin ümumi portfeldə xüsusi çəkisi 3.3 faiz təşkil etmişdir;
- bankların maliyyə nəticələri müsbət olmuş, cari ilin on bir ayında aktivlər üzrə gəlirlik 2.6 faiz, kapitalın gəlirliyi isə 17.8 faiz təşkil etmişdir.

Maliyyə dayanıqlığı bazasında bank sektorunun 2009-cu ildə də inkişafı davam etmiş, banklar öz ənənəvi daxili və xarici maliyyələşmə mənbələrini bərpa etməyə başlamışlar. Banklar xarici borc öhdəliklərinə fasiləsiz xidmət etməklə yanaşı (cari ildə 1.2 mlrd.$ həcmində xarici borc geri ödənilmişdir), həm də aktivlərin cari ilin on bir ayı ərzində 8.6 faiz artımına nail olmuşlar. Kredit qoyuluşları dövr ərzində 12.1 faiz artmış, əhalinin əmanətlərinin ilin əvvəlindən artımı isə 18.2 faiz təşkil etmişdir.

II. Əsas çağırışlar və 2010-cu il üçün pul siyasəti

Qlobal iqtisadi böhran iqtisadi inkişafda dayanıqlıq və maliyyə sektorunda risklərin adekvat idarə olunması vəzifələrini daha da aktuallaşdırmışdır. Orta və uzunmüddətli dövrdə iqtisadiyyatın, məşğulluğun, büdcə və ixrac gəlirlərinin yüksək dərəcədə şaxələnməsinə nail olmaq, bu əsasda ölkədə uzunmüddətli makroiqtisadi dayanıqlığı təmin etmək və yuxarı orta gəlirli ölkələr qrupuna daxil olmaq ölkə qarşısında duran əsas çağırışdır.

Bu çağırışı nəzərə alaraq iqtisadi dayanıqlığın mühüm əsaslarından olan makroiqtisadi və maliyyə sabitliyinin dərinləşdirilməsi, habelə qlobal böhranın nəticələrinin aradan qaldırılması Mərkəzi Bankın qarşısında duran əsas vəzifələrdir.

2010-cu ildə Mərkəzi Bank bu vəzifələrə nail olmaq üçün aşağıdakı hədəfləri reallaşdıracaqdır:
1) inflyasiyanın aşağı səviyyədə saxlanması;
2) manatın məzənnəsinin sabitliyinin qorunması;
3) bank-maliyyə sektorunda sabitliyin dərinləşdirilməsi;
4) inflyasiya hədəfi çərçivəsində iqtisadiyyatın pula tələbatının ödənilməsi.

1. 2010-cu il üçün Pul Siyasəti Çərçivəsi

2010-cu ildə Mərkəzi Bank öz mandatından irəli gələrək 3 faiz səviyyəsində orta illik rəsmi inflyasiya proqnozunun reallaşmasına dəstək verəcəkdir. Bu hədəfin reallaşması orta və uzunmüddətli iqtisadi dayanıqlığın təmin olunmasında mühüm vasitədir. Eyni zamanda, məcmu tələbin amillərindən, qlobal iqtisadiyyatın bərpası prosesinin daxili inflyasiyaya təsirindən asılı olaraq bu proqnoz il ərzində dəqiqləşdirilə bilər.

Mərkəzi Bank 2010-cu ildə də manatın məzənnəsinin sabitliyinin qorunması siyasətini həyata keçirəcəkdir. Neftin qiymətinin proqnozunun ən konservativ ssenarisində belə ölkənin tədiyə balansında kifayət həcmdə profisitin proqnozlaşdırılması manatın məzənnəsinin sabitliyi üçün fundamental əsasdır. Məzənnə siyasəti yeridilərkən ölkənin beynəlxalq rəqabət qabiliyyətinin qorunması da nəzərə alınacaqdır.

Mərkəzi Bank 2010-cu ildə iqtisadiyyatın kredit və likvidlik ehtiyaclarının çevik ödənilməsini təmin edəcəkdir. Bunun üçün iqtisadiyyata pul təklifinin məqbul səviyyəsi təmin ediləcək, sistem əhəmiyyətli banklar və real sektor müəssisələrinin fəaliyyətini stabilləşdirmək üçün pul siyasəti alətlərindən çevik istifadə ediləcəkdir. Real sektorun dəstəklənməsinin yeni likvidlik mexanizmləri yaradılacaq, faiz dərəcələrinin azalması istiqamətində də tədbirlər həyata keçiriləcəkdir.

Ortamüddətli dövrdə Mərkəzi Bank postböhran dövrünün tələblərinə uyğun olaraq yeni pul siyasəti çərçivəsinin formalaşmasına və tətbiqinə başlayacaqdır. Bu siyasətin birinci pilləsində inflyasiya hədəfi, digər makroiqtisadi hədəflər və buna adekvat tənzimləmə alətləri, ikinci pilləsində isə maliyyə sektorunda sabitlik hədəfləri, sektorda aktivliyi və riskləri idarə edəcək kontr-tsiklik xarakterli makroprudensial alətlər arsenalı dayanacaqdır.

Son qlobal konsensus ondan ibarətdir ki, yalnız klassik pul siyasəti alətlərinin tətbiqinin yeni makro-prudensial alətlərin tətbiqi ilə sinxronlaşması makroiqtisadi-maliyyə sabitliyinin daha effektiv idarə olunmasına imkan verə bilər. Pul siyasətinin yeni çərçivəsinin effektiv tətbiqi üçün sərbəst məzənnə rejiminə tədrici keçidin təmin olunması, banklararası pul bazarının dərinləşməsi və digər institusional işlərin həyata keçirilməsi mühüm əsaslardır.

2. 2010-cu il üçün Maliyyə Sabitliyinın Qorunması Çərçivəsi

2010-cu ildə maliyyə sabitliyinin qorunması tədbirləri başlıca olaraq bank sistemində risklərin çevik idarə olunmasına yönələcəkdir. Bu vəzifəni həyata keçirmək üçün Mərkəzi Bank 2010-cu ildə aşağıdakı istiqamətlərdə müvafiq tədbirləri reallaşdıracaqdır:

- bank sektorunda maliyyə ehtiyatlanması və kapitallaşma siyasətinin davam etdirilməsi;
- likvidlik göstəricilərinin məqbul səviyyədə saxlanılması;
- bank sektorunun kontr-tsiklik davranış çərçivəsinin gücləndirilməsi;
- bank sektorunun kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi;
- bank sektorunda korporativ idarəetmə və risk menecmenti potensialının artırılması.

Bütün bu hədəflərə nail olmaq üçün bank nəzarəti alətləri təkmilləşdiriləcək, ilk növbədə erkən xəbərdarlıq sistemlərinin inteqrasiyası həyata keçiriləcək, yeni prudensial hesabat sisteminin tətbiqinə başlanacaqdır. Eyni zamanda, konsolidasiya olunmuş bank nəzarətinin metodologiyası inkişaf etdiriləcək, stress-testlərin standartlaşması və vahid modelinin qurulması təmin ediləcəkdir. Bankların özündə risk menecmentin təkmilləşməsi məqsədilə pilot banklarda "risk menecment inkubatoru"nun yaradılmasına başlanacaq, bankların stress-testləşdirmə potensialı artırılacaqdır.

Maliyyə sektorunun institusional inkişafı istiqamətində tədbirlər davam etdiriləcəkdir. İlk növbədə bank sistemində konsolidasiya tədbirləri, sistem əhəmiyyətli banklarda isə restrukturizasiya həyata keçiriləcəkdir.

İqtisadiyyatın kapitalizasiya tələbatına uyğun maliyyə resurslarına çıxışın yeni mexanizmlərinin və institutlarının təşviqi təmin olunacaq, xüsusilə regionlarda bu prosesin sürətlənməsinə diqqət veriləcəkdir. Yeni qanun əsasında bank olmayan kredit təşkilatlarının fəaliyyəti genişləndiriləcək, mikromaliyyələşmə şəbəkəsinin genişlənməsi dəstəklənəcəkdir. İpoteka kreditləşməsi genişləndiriləcək, dövlət büdcəsində nəzərdə tutulan sosial ipoteka mexanizminin də tətbiqi davam etdiriləcəkdir. Eyni zamanda, ipoteka mexanizminin təkmilləşməsi çərçivəsində yeni ipoteka modelinin hazırlanması məqsədilə yaşayış, tikinti-əmanət banklarının fəaliyyətə başlaması üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir.

Ölkədə maliyyə infrastukturunun inkişafı üzrə tədbirlər davam etdiriləcəkdir. Yeni poçt-bank maliyyə xidməti və vasitəçiliyi şəbəkəsi işə salınacaqdır. Qeyri-nağd ödənişlərin miqyasının artırılması, o cümlədən kommunal ödənişlərin vahid ödəniş sistemi arxitekturasına inteqrasiyası davam etdiriləcəkdir.

Ortamüddətli dövrdə bank nəzarətinin qlobal çağırışlara tam uyğunlaşması təmin olunacaqdır. Qlobal "deleverec", yəni dayanıqsız borclanmanın məhdudlaşdırılması meyillərinə uyğun nəzarət alətləri əsaslı təkmilləşəcək, qısamüddətli xarici borc alətlərinin məhdudlaşdırılması diqqətdə saxlanacaqdır. Prudensial alətlərin kontr-tsiklliyi artırılacaq, kontr-tsiklik yanaşma əsasında ehtiyatlanma və likvidliyin idarə olunması modeli qurulacaq, bank sektorunun kapital mövqeyinin pro-tsiklliyinin qarşısı alınacaq və kapital buferi yaradılacaqdır.

Bütün bu vəzifələrin uğurla həyata keçirilməsi üçün Mərkəzi Bank özündə də makroiqtisadi və maliyyə sabitliyinin idarə olunması potensialını artıran institusional proqramları və layihələri reallaşdıracaqdır. Bankda insan kapitalının idarə olunması və gücləndirilməsi üçün mühüm innovasiyalar təşviq olunacaq, ayrı-ayrı funksiyalar üzrə idarəetmə və biznes prosesləri əsaslı təkmilləşdiriləcəkdir. Bankda risk menecment üzrə yeni standartlar tətbiq olunacaq, yeni elektron statistika və hesabatlıq sistemi yaradılmağa başlanacaqdır. Pul dövriyyəsinin təşkilində mühüm innovasiyalar təmin ediləcək, bank nəzarətində yeni məlumat informasiya sistemi yaradılmağa başlanacaqdır. Mərkəzi Bankda ən mühüm innovasiyalardan biri də təqdiqat və inkişaf mərkəzinin yaradılması olacaqdır. Mərkəz mühüm tədqiqatların aparılmasını, elmi axtarışları, müasir tədrisin və resursların inkişafını təşviq edəcəkdir. Mərkəzi Bankın yeni ictimai kommunikasiya vasitələri inkişaf etdiriləcək, bır sıra mühüm sosial layihələr həyata keçiriləcəkdir.

2010-cu ildə ölkənin dayanıqlı iqtisadi inkişaf prioritetlərini əsas götürərək Mərkəzi Bank manatın məzənnəsinin sabitliyini, aşağı inflyasiyanı təmin edəcək, maliyyə sektorunun sabitliyini və dayanıqlığını qoruyacaq, iqtisadi artımı və məşğulluğu dəstəkləyəcəkdir.
Tarix: 30 Dekabr 2009  |  Baxış sayı: 799




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV