Ötən ilin dekabrında Azərbaycanın milli valyutası dollara nisbətən ucuzlaşsa da, digər dünya valyutalarına, o cümlədən avro və funta nisbətən bahalaşıb. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Bankın məlumatları əsasında hesablama aparıb.
2009-cu ilin noyabr ayında bahalaşmasına rəğmən dekabrda manat ABŞ dollarına nisbətən 0,1% ucuzlaşıb. Ay ərzində 1 ABŞ dolları 0,8025 manatdan 0,8031 manata yüksəlib.
2009-cu ildə ümumilikdə milli valyutamız ABŞ dollarına nisbətən 0,2% qiymətdən düşüb. İlin əvvəlində 1 ABŞ dolları 0,8015 manat olduğu halda dekabrın sonuna 0,8031 manata kimi yüksəlib. Ötən il manatın dollara nisbətən ən yüksək həddi (0,8015) yanvarın əvvəli qeydə alınıb. Fevral ayının birinci ongünlüyündə ölkəyə “devalvasiya xəbərlərinin” axışdığı bir dövrdə manatın kursu dollara nisbətdə 0,8% ucuzlaşaraq 0,8080-ə kimi düşmüşdü. Ancaq Mərkəzi Bankın müdaxiləsi nəticəsində bu kurs bir qədər manatın xeyrinə dəyişdi.
Manat ötən ay dollardan fərqli olaraq avroya nisbətən bahalaşıb. Dekabr ayı ərzində manat bu valyutaya nisbətən 5,2% bahalaşıb. Ay ərzində 1 avro 1,2130-dan 1,1499 manata kimi ucuzlaşıb. İl ərzində isə manat avroya nisbətən 3,4% ucuzlaşıb. İlin əvvəlində 1 avronun məzənnəsi 1,1123 manatdan ilin sonuna 1,1499 manata kimi yüksəlib.
Manatın bahalaşdığı digər valyuta Britaniya funt sterlinqi olub. Dekabr ayı ərzində manat bu valyutaya nisbətən 4,6% bahalaşıb. Ancaq 2009-cu ildə manat Britaniya puluna nisbətən 10% qiymətsizləşib. İlin əvvəlində 1 funtun məzənnəsi 1,1597 manatdan ilin sonuna 1,2759 manata kimi yüksəlib.
Rus rublu manata nisbətən dekabrda 4,7%, il ərzində isə 3,3% ucuzlaşıb. İlin əvvəlində 1 rublun məzənnəsi 0,0275 manatdan ilin sonuna 0,0266 manata kimi dəyərsizləşib.
Dekabrda Yapon iyenası da manata nisbətən ucuzlaşan valyutalar sırasında olub. İlin sonuncu ayında “gündoğar” ölkənin valyutası 6,3% ucuzlaşıb. Ay ərzində 100 Yapon iyenası 0,9298 manatdan 0,8713 manata enib. Ancaq 2009-cu ildə iyenanın bahalaşmasına baxmayaraq sonda ilin əvvəlindəki səviyyəyə - 0,8713-ə düşüb.