Rusiyada inflyasiya səviyyəsi dekabrda 0,4%, 2009-cu il üzrə orta illik səviyyəsi isə 8,8% olub. “İqtisadi forum” jurnalının Rusiya Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu 1991-ci ildən bəri ən aşağı göstəricidir.
2008-ci ilin dekabrında bu göstərici 0,7%, il üzrə isə 13,3% təşkil edib.
Komitənin məlumatına görə, 2009-cu ildə Rusiyada ərzaq məhsulları 6,1%, qeyri-ərzaq 9,7%, xidmət isə 11,6% artıb.
Litvada 2009-cu il üzrə orta illik inflyasiya səviyyəsi 4,5%, dekabr ayı üzrə isə 1,3% qeydə alınıb. Litva Baltik ölkələri arasında böhranı az itki ilə keçirən ölkə olub.
Qazaxıstan Dövlət Statistika Agentliyinin məlumatına görə, ölkədə ötən il orta illik (yanvar-dekabr 2009) inflyasiya səviyyəsi 7,3%, illik ifadədə (dekabr 2009-dekabr 2008) isə 6,2% olub. 2008-ci ildə bu göstərici müvafiq olaraq 17% və 9,5% olub.
Dekabrda inflyasiya səviyyəsi 0,6% olub. Ötən ilin sonuncu ayı ölkədə ərzaq məhsulları 0,4%, qeyri-ərzaq 0,3%, xidmətlər 1,1% bahalaşıb. Ümumilikdə 2009-cu ildə ərzağın qiyməti 3%, qeyri-ərzaq 8,6%, xidmətlər isə 8,4% artıb.
Ukrayna Statistika Komitəsinin məlumatına görə, inflyasiyanın dekabr ayı üzrə səviyyəsi 0,9%, orta illik səviyyəsi isə 12,3% təşkil edib. İllik hesabda (dekabr 2008 – dekabr 2009) inflyasiya səviyyəsi 15,9% qeydə alınıb.
Ukraynanın iqtisadiyyat naziri Boqdan Danilişin bildirib ki, 2009-cu il üzrə inflyasiya səviyyəsi beynəlxalq ekspertlərin proqnozundan aşağı olub.
Məlumat üçün bildirək ki, Dünya Bankı oktyabr ayında Ukraynada 2009-cu il üzrə inflyasiya səviyyəsini 13,8% proqnozlaşdırmışdı.