Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
05.07.2017 23:03
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


TƏHSİL QRİPİ

Rövşən AĞAYEV, İTYİB-nin sədr müavini

Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında uzun zamandan bəri hökm sürən pərdəarxası çəkişmələrin daha da sərtləşməsilə yadda qaldı. İndi qarşılıqlı ittihamlar mətbuat vasitəsilə açıq səsləndirilir: TQDK abituriyentlərin testdə nümayiş etdirdikləri zəif nəticələri orta təhsilin bərbad vəziyyətdə olması, Təhsil Nazirliyi test suallarının bilərəkdən qəlizləşdirilməsilə əlaqələndirir.

Müstəqil ekspertlər içərisində isə hər iki mövqenin müdafiəçilərinə rast gəlmək olur. Ara elə qarışıb ki, ictimaiyyət üçün hansı tərəfin haqlı olduğunu müəyyənləşdirmək heç də asan deyil. Amma orta təhsilin hazırkı durumunun bu qarşıdurmada Təhsil Nazirliyini daha haqsız mövqeyə çıxardığını görməmək də mümkün deyil.

Diqqət, danışır faktlar…

Əslində, faktların danışdığı yerdə fərdlərin polemikasına lüzum qalmır. Müxtəlif nüfuzlu beynəlxalq qurumların apardığı qiymətləndirmələr, onların reytinq cədvəllərindəki «fəth» elədiyimiz biabırçı yerlər mənzərəni aydın göstərir.

Dünya İqtisadi Forumunun 2008-2009-cu illər üzrə hazırladığı qlobal rəqabət qabiliyyətliliyinə dair hesabatda müxtəlif təhsil göstəricilərinə görə Azərbaycanın reytinqinə diqqət yetirək. Ölkəmiz 134 ölkə arasında təhsil sisteminin keyfiyyətinə görə 78-ci, natamam orta təhsillə əhatə səviyyəsinə görə 82-ci, riyaziyyat və təbiət elmlərinin tədrisinin keyfiyyətinə görə 92-ci, tam orta təhsillə əhatə səviyyəsinə görə 95-ci, məktəb menecmentinin keyfiyyətinə görə119-cu yerlərdə qərarlaşıb.

YUNESKO-nun Statistika İnstitutunun 2008-ci il üzrə təhsil inkişafı indeksi (The EFA Development Index) əsasında tərtib olunmuş reytinq cədvəlində Azərbaycan 129 ölkə arasında 58-ci yeri tutur. Bu siyahıda keçmiş sovet respublikalarından Qazaxıstan, Belarus, Estoniya, Latviya, Litva, Gürcüstan, Qırğızıstan, Moldova və Ermənistan Azərbaycanı qabaqlayır. Təhsil inkişafı indeksi 4 vacib əmsal əsasında hesablanıb. Bura ibtidai təhsillə əhatə səviyyəsi, əhalinin savadlılıq səviyyəsi və ən azı 5-ci sinfədək oxuyanların xüsusi çəkisi daxildir.

Nəhayət, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının «Şagird Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram»ı (Programme for International Student Assessment - PISA) çərçivəsində 2006-cı ildə keçirilən sonuncu testdə ölkəmiz 57 dövlət arasında 55-ci nəticəni göstərib. Bu proqram 15 yaşlı şagirdlərin riyaziyyat və təbiət fənləri üzrə biliklərini yoxlayır.

Hökumətin bu yaxınlarda qəbul etdiyi 2008-2015-ci illər üzrə yoxsulluğun azaldılması və davamlı inkişaf proqramında da tam orta təhsil üzrə xalis təhsil əmsalının 50 faizdən də aşağı olduğu göstərilib. Bu əmsal tam orta təhsil pilləsi üzrə faktiki təhsil alan uyğun yaşlı (15-17 yaş) uşaqların 9-11-ci siniflərdə oxumalı həmin yaşdan bütün uşaqlara nisbətini ifadə edir. Bu o deməkdir ki, natamam orta təhsil pilləsindən texniki-peşə və orta ixtisas məktəblərinə daxil olanları nəzərə almasaq, birinci sinfə qəbul olan uşaqların azı üçdə biri 11 sinfi başa vura bilmir.

Beynəlxalq fənn olimpiadalarında orta məktəb şagirdlərinin qazandığı medalların sayı da orta təhsilin keyfiyyətini qiymətləndirmək üçün sanballı göstəricilərdən biri hesab olunur. Ölkəmizin bu sahədə uğurlarına dair hər hansı məlumat əldə edə bilməsəm də, Qazaxstan Təhsil Nazirliyinin saytından həmin məlumatları daha rahat tapa bildim. Məlum oldu ki, qonşu ölkənin şagirdləri 2008-ci ildə öz ölkələrinə beynəlxalq fənn olimpiadalarından 252 medal, o cümlədən 72 qızıl, 80 gümüş və 100 bürünc medal gətiriblər.

Bizlərdən hər birimiz orta təhsilin hazırkı durumunu heç bu faktlar olmadan, hər gün məktəblərdə gördüklərimiz əsasında da dəqiq qiymətləndirə bilirik. Əlimizdə canlı faktlar var. Nə qədər ağrılı olsa da, onlar bizim uşaqlarmızıdır. Axır 4 ildə öz ailəmdən 5 nəfər orta məktəbi bitirərək müxtəlif ali məktəblərə daxil olublar. Bu uğurun onlara nə qədər baha başa gəldiyini yazmağa lüzüm görmədim (söhbət repetitorlara və zəruri tədris vəsaitlərinə xərclənən pullardan gedir), bunu hamı bilir. Hər gün körpələrin sayəsində orta məktəblərdə gördüklərimizi də təhsil görəvlilərinin öz vicdanına buraxıram.

Son 5 ilin ən pis nəticələri

TQDK son günlər ayrı-ayrı ixtisaslar üzrə toplanan ballara görə abituriyentlərin bölgüsünə dair məlumatlar açıqladı. Amma həmin informasiyalar pərakəndə yayıldığından real mənzərə o qədər də aydın görünmədi.

Sistemləşdirdiyim ümumi məlumatlara siz də diqqət yetirin: 2009-2010-cu tədris ili üçün ali məktəblərin 1-ci ixtisas qrupu üzrə abituriyentlərin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan verənlər nəzərə alınmadan) 35,8 faizi, 2-ci ixtisas qrupu üzrə 24,4 faizi, 3-ci ixtisas qrupu üzrə 25,5 faizi, 4-cü ixtisas qrupu üzrə 49,2 faizi 100-dən aşağı bal toplayıb.

İlkin məlumatlara görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan verənlər də nəzərə alınmaqla 1-ci və 4-cü ixtisas qrupu üzrə abituriyentlərin 70 faizindən, 3-cü ixtisas qrupu üzrə isə 60 fazindən çoxu 200-dən az bal toplayıb.

Dörd qrup üzrə ümumiləşdirilmiş nəticə isə belədir: bütün abituriyentlərin 62,8 faizi 200-dən az, 4 faizi isə 500-dən çox bal toplaya bilib. Məlumat üçün deyim ki, bu, son 5 ildə əldə olunan ən pis nəticədir. Məlumatların illər üzrə dinamikası da bunu təsdiqləyir: 200-dən az bal toplayan abituriyentlərin ümumi iştirakçılarda payı 2005-ci ildə 62 faiz (500-dən çox bal toplayanlar 4,4%), 2006-cı ildə 62,7 faiz (500-dən çox 4,8%), 2007-ci ildə 60,2 faiz (4,6%), 2008-ci ildə isə 56,4 faiz (4,2%).

Bu nəticələr son beş ildə 2000 məktəbin tikintisi, təhsil xərclərinin 5 dəfə artımı, məktəblərin başdan-başa kompüterləşdirilməsi ilə öyünən rəsmi təbliğatın üzərindən qalın bir xətt çəkmirmi? Bu baxımdan rəsmi reaksiyanın necə olacağı, ictimai rəyin qarşısına hansı əks-arqumentlərin çıxarılacağı çox maraqlıdır. Bu prosesdə təhsil sektorunun bir-birini ittiham edən tərəflərindən hansısa vurula da bilər.

Test sualları doğrudanmı çətinləşdirilib?

Təhsil Nazirliyinin bu iddiasına peşəkar repetitorların rəyi olduqca həlledicidir. Çünki test sulları qəlizləşdirilirsə, heç şübhəsiz, bu, hazırlıq kurslarına cəlb edilən abituriyentlərin də zəif nəticə göstərməsinə səbəb olmalı və məntiqlə ilk etirazlar belə şəraitdə məhz öz peşəkar reputasiyasının qayğısına qalmalı repetitorlardan gəlməli idi. Qısası, səbəbindən asılı olmayaraq qəbulun nəticələrinin pisləşməsi Təhsil Nazirliyilə repetitor ordusunun mənafelərinə eyni dərəcədə zərbədir. Amma nədənsə birincidən fərqli olaraq hələlik dərsdənkənar hazırlıq sistemini təmsil edən hansısa ciddi mütəxəssisin bu iddianı müdafiə edən rəyi səslənməyib.

Əksinə, prosesdə maraqlı ayrı-ayrı şəxslərlə söhbətdən aydın olur ki, test suallarını kimlərinsə çətin sayması mümkündür, amma onların orta məktəbin tədris proqramlarından kənara çıxdığını heç kim sübut edə bilməz. Bu arqumentin tərəfdarları hesab edir ki, belə faktların qarşısını almağa Təhsil Nazirliyinin hər cür imkanı və səlahiyyəti var. Gec deyil, bu qurum hətta rəsmi səviyyədə test suallarının ekspertizasını da təşkil edə bilər. Bu iddiaların doğruluğu sübut olunsa, TQDK səlahiyyətliləri abituriyentlərin kütləvi şəkildə ali təhsildən kənarda qalmasına rəvac verən əməllərə imza atdıqlarına görə qanunlar çərçivəsində tənbeh olunmalıdır. Əgər təqsir təhsil sisteminindirsə, onda ölkədə yaratdıqları kütləvi savadsızlıq mühitinin, milyardlarla manatı havaya sovurub millətin gələcəyinə qoyulan bombaların hesabı təhsil sferasına məsul şəxs(lər)dən sorulmalıdır.

Yeri gəlmişkən, bəzən problemin fərdiləşdirilməsinə, baş verənlərin təhsil naziri və TQDK rəhbəri arasında konfliktlərlə əlaqələndirilməsinə cəhdlər də olur. Sözün açığı, pərdə arxasında baş verənlərdənsə aşkar görünən fakt və əlamətlər əsasında situasiyanın qiymətləndiriməsi daha ədalətli nəticələrə gəlməyə imkan verir. TQDK 16 ildir test imtahanları keçirir, Təhsil Nazirliyi təkcə bu il mərkəzləşdirilmiş imtahanlar təşkil etdi. Bu imtahanların təşkilindən tutmuş onun nəticələrinin açıqlanmasınadək olan bütöv prosesi müqayisə edin və özünüz nəticə çıxarın.

Beləliklə, mənim gəldiyim ümumi qənaət budur ki, nazirlik orta təhsildəki problemlərə görə öz məsuliyyətini test sisteminin üzərinə yıxmağa çalışır. Burada başqa bir variant da mümkündür – indiyədək bu suallar daha asan olurdu, bu il tədris proqramlarından kənara çıxmamaq şərtilə nisbətən çətin suallar seçilib. Amma əgər bu versiya doğrudursa, TQDK üçün başqa bir məsuliyyət yaranır: qurum səviyyəli bilik yarışı üçün mühiti məqsədli şəkildə pisləşdirməklə bir tərəfdən təhsildəki problemlərin gizlədilməsinə yardımçı olub, başqa tərəfdən isə xeyli sayda savadsız abituriyentin tələbə adı qazanmasına rəsmi səviyyədə yaşıl işıq yandırıb.

Qəbul Komissiyasının səhvi

TQDK-nın bugünlərdə plan yerləri boş qalmasından dolayı keçid ballarını aşağı salması da eyni dərəcədə səhv addımdır. Təsəvvür edin, TQDK bir tərəfdən deyir ki, 200 bal «5» ballıq şkala üzrə ikiyə bərabərdir, amma o biri tərəfdən 1-ci qrupda 200 bal toplayan abituriyentin universitetlərə daxil olmasına öz əliylə yardım edir.

Savadsız uşaqların valideynləri övladlarının diplom alması xatirinə bu addımdan məmnun qala bilərlər. Amma bu, ölkəmiz üçün strateji və milli təhlükəsizlik məsələsidir. Daha az bilikli uşaqların təhsilin yüksək pillələrinə asanlıqla yol tapması ali təhsilin statusunu və nüfuzunu sarsıdır, savadsız uşaqlardan ibarət çoxluq tədris prosesində azlıqda qalan bilikli tələbələrin mühitini korlayır, universitetlərdə rüşvətin daha geniş miqyas alması üçün fundamenti bir az da möhkəmləndirir.

Qəbul planı dolmur, qoy dolmasın. Xəstəliyin müalicəsi heç də onu gizlətməkdə deyil. Əgər ölkənin orta təhsil sistemi onun ehtiyaclarını ödəyə biləcək səviyyədə kadr hazırlığı üçün baza rolunu oynaya bilmirsə, bunu hər kəs bilməlidir. Görürsünüz, təhlükəli virus yayılanda bütün dünya «SOS» siqnalı çalır, hamı birgə çıxış yolları axtarır. Hələlik bəşəriyyətə bütöv bir millətin savadsızlaşmasından təhlükəli heç bir virus növü məlum deyil. İki il öncə «quş qripi» bütün dünyanı başına götürmüşdü, lakin rəsmi məlumatlara görə, onun qurbanlarının sayı heç 200 nəfəri də ötmədi. Amma kütləvi savadsızlaşan millətin millətlər içərisində imzasının yoxa çıxmasına cəmi bir neçə onillik bəs edir.

Hamımızın çıxaracağı nəticə…

İndi hər bir Azərbaycan vətəndaşı üçün təhsil məsələsi işğal altında olan torpaqları düşməndən geri qalmaq qədər həssas və ictimai-siyasi yükü olan problemə çevrilib. Təəssüf ki, çoxlarının primitiv düşüncə tərzində yüksək təhsil onların övladları üçün iş tapmağı, ən yaxşı halda dil öyrənib ölkənin problemlərindən baş götürüb doğma vətənindən qaçmağı asanlaşdıran vasitə kimi assosiasiya olunur. Halbuki müasir dünyada təhsil siyasi, iqtisadi, hərbi və mədəni sahədə millətlərarası rəqabətdə bir xalqın başqaları üzərində üstünlüyünü təmin edən əsas silahdır. Bizi məqsədli şəkildə tərk-silah edirlər, ayıq olun…

 
Tarix: 31 Iyul 2009  |  Baxış sayı: 1338




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV