İri həcmdə dövlət xərcləri inflyasiyanı artıracaq ki, bu da öz növbəsində 2010-cu ildə qızılın və digər qiymətli metalların qiymətini xeyli dərəcədə bahalaşmasına gətirib çıxaracaq. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə GoldCore Ltd şirkəti proqnoz verib.
Ekspertlərə görə, qiymətli metallar ənənvi olaraq digər aktivlərin dəyərsizləşməsində qorunmaq üçün istifadə edilir.
GoldCore Ltd şirkətinin proqnozuna görə, 2010-cu ildə qızılın bir unsiyasının qiyməti orta hesabla $1290 olacaq. Dördüncü rübdə isə qiymət hətta $1390-a qalxacaq.
2009-cu ildə qızılın orta qiyməti $973,67 olub. Dekabrda isə bu metalın qiyməti tarixi rekord həddə - $1226,56 qeydə alınıb.
MKS Finance təşkilatı qızılın bir unsiyasının orta qiymətinin $1268-ə çatacağını proqnozlaşdırıb.
Standard Chartered Bankının analitikləri isə hesab edir ki, 2010-cu ildə platinin bir unsiyasının orta qiyməti $1600-a yüksələcək. Halbuki əvvəlki proqnozlarda bu göstərici $1513 proqnozlaşdırılımışdı.
London Qiymətli metallar bazarı Assosiasiyasının (LBMA) 26 treyder və analitik arasında apardığı sorğunun nəticələrinə görə, 2010-cu ildə qızılın bir unsiyasının orta illik qiyməti əvvəlki ilə müqayisədə 23% artaraq $1199-a çatacaq.
Sorğuya görə, ən yüksək qiymət $1388, ən aşağı qiymət isə $1000 proqnozlaşdırılıb.
GFMS tədqiqat firmasının rəhbəri Filip Klapveykə görə, 2010-cu ildə qızılın qiyməti orta hesabla $1172 olacaq. Klapveykin 2009-cu il üçün verdiyi proqnoz demək olar ki, düz çıxmışdı. Qızılın bir unsiyasının qiyməti ötən il $972 olduğu halda ekspert onu $970 həddində proqnozlaşdırmışdı.
LBMA-nın digər sorğusuna görə, 2010-cu ildə hər unsiya üçün gümüşün orta qiyməti $19,02, platin $1550, palladiya $446,5 olacaq. Ötən il bu metalların qiyməti müvafiq olaraq $14,67, $1204 və $264 təşkil edib.