2009-cu ildə Çinin qızıl-valyuta ehtiyatı 23,3% artaraq rekord həddə - $2,399 trilyona çatıb. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çinin Xalq Bankı açıqlama verib.
2009-cu ilin üçüncü rübündə qızıl-valyuta ehtiyatının həcmi $141 milyard artaraq $2,273 trilyon təşkil edib. Dördüncü rübdə isə ehtiyat $126 milyard artıb. Ümumilikdə il ərzində isə ehtiyatın artımı təxminən $453 milyarda bərabər olub.
Qızıl-valyuta ehtiyatının artımı mərkəzi bank tərəfindən mal ixracından və investisiya axını hesabına ölkəyə daxil olan dollarların alınması hesabına baş verib. Mərkəzi bank yuanın möhkəmlənməsinin qarşısını almaq məqsədilə xarici ticarətdən və birbaşa xarici investisiyalardan ölkəyə gətirilən dollarları almaq siyasəti yeridib.
Southwest Securities fondunun iqtisadçısı Xe Xuçenin fikrincə, ekspertlərin əksəriyyəti növbəti illərdə ölkəyə kapital axının artacağını, o cümlədən qızıl-valyuta ehtiyatının artacağını proqnozlaşdırır.
Çinin beynəlxalq ehtiyatları dünyada ən böyük ehtiyatdır. Onun strukturu dövlət sirri hesab olunur. Ancaq ekspertlərin qiymətləndirmələrinə görə, qızıl-valyuta ehtiyatının 70%-i dollar aktivlərində (əsasən ABŞ-ın xəzinə istiqrazları və Amerika Federal Agentliyinin istiqrazları), qalanları isə avro və iyenada yerləşdirilib.
Proqnozlara görə, Çin son illər beynəlxaq ehtiyatlarında qızılın payını artırmağa çalışır. Çünki rəsmi Pekin ABŞ-ın riskli fiskal-monetar siyasətinin dolların məzənnəsinin aşağı düşməsinə və bununla da valyuta ehtiyatının dəyərsizləşməsinə gətirib çıxaracağından narahatdır.
Qızıl-valyuta ehtiyatının həcminə görə ikinci böyük dövlət Yaponiyadır. Son məlumatlara görə, gündoğar ölkənin qığım səviyyəsi dekabrın sonuna $1,049 trilyon təşkil edib. Rusiya üçüncü böyük dövlətdir. Onun ehtiyatının həcmi 2010-cu ilin yanvar ayının əvvəlinə $440,9 milyarddır.