Rusiyada dövlət qurumları pullarını məqsədli proqramlar vasitəsilə xərcləyəcək
Rusiyanın nazirlik və idarələri iki ildən sonra xərclərinin əksəriyyətini məqsədli proqramlar vasitəsilə həyata keçirməli olacaqlar. “İqtisadi forum” jurnalının məlumatına görə, maliyyə naziri, baş nazirin müavini Aleksey Kudrin bu barədə Rusiyanın “Novosti” informasiya agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu addımlar büdcə xərclərinin effektivliyinin artırılması çərçivəsində reallaşacaq. “Hazırda büdcə xərclərinin təxminən 15%-i proqram-məqsəd metodu vasitəsilə xərclənir. Qalan vəsaitlər isə nazirlik və idarələrin öz fəaliyyətləri çərçivəsində planlaşdırdıqları smeta və müxtəlif tədbirlər vasitəsilə sərf olunur. Ancaq federal məqsədli proqramlar nəticəyə yönəlikdir.” – nazir bildirib.
Kudrinə görə, məqsəd 1-2 il ərzində dövlət qurumlarının xərclərinin hamısını və ya böyük hissəsini proqram-məqsəd metodu əsasında reallaşdırılmasına nail olmaqdır. Onun fikrincə, məqsədli proqram nazirlik və idarələrin sərəncamında olan bütün vəsaitləri əhatə edir, dövlət tənzimlənməsi metodu ilə təmiz büdcə maliyyələşməsi metodunu tamamlamağa imkan verir.
Nazir hesab edir ki, hökumətdə nəticəyə hansı vəsaitlər hesabına nail olunması barədə tam anlayış olacaq.
Kudrin ümidvar olduğunu bildirib ki, iki ildən sonra nazirliklər büdcəni yeni formada təqdim etməyə hazır olacaqlar. Nazirə görə, nazirliklər və idarələr belə proqramların sərəncamçı və nizamlayıcısı olaraq qalacaqlar, onların məsuliyyəti isə dəqiq təsbit olunacaq.